27 aprel 2023 23:46
735

Ədəbiyyatımızın böyük hamisi

Azərbaycan ədəbiyyatı və ümumən ictimai-elmi fikrinin inkişafında Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev mühüm rol oynamışdır. Bu uzaqgörən liderin müdrik fikirləri ədəbiyyatımızın, eyni zamanda, ədəbiyyatşünaslığımızın milli ideyalar istiqamətində inkişafında əvəzsiz mənbə olmuşdur. Hələ konkret elmi yanaşma meyarlarının olmadığı, yanlış fikirlərin, təhlükəli stereotiplərin hakim olduğu bir dönəmdə məhz müdrik liderin fikirləri yeni elmi-tənqidi meyarların müəyyənləşməsinə güclü təkan vermişdir. Müdrik lider ədəbiyyatın milli tale və ictimai inkişafdakı böyük rolunu qiymətləndirərək demişdir: “Bu gün, ümumiyyətlə, müstəqillikdən danışarkən ədəbiyyatımızın xalqımız üçün nə qədər zəngin sərvət olduğunu qeyd etmək lazımdır. Bizim ədəbiyyatımız, mədəniyyətimiz xalqımızın milli sərvətidir və intellektual mülkiyyətidir. Bizim ədəbiyyatımızın xalqımıza etdiyi ən böyük xidmət ondan ibarətdir ki, şairlərimiz, yazıçılarımız öz əsərləri ilə Azərbaycanda, xalqımızda, millətimizdə daim milli hissiyyatları oyatmağa çalışmışlar. Milli özünüdərk, milli oyanış, dirçəliş prosesi xaıqımıza birinci növbədə ədəbiyyatdan keçir”.

Hələ Ulu Öndər Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi vaxtlarda klassik Azərbaycan ədəbiyyatı və onun görkəmli nümayəndələrinin öyrənilməsi haqqında verdiyi tarixi əhəmiyyətli qərarlar ədəbiyyatşünaslıq elminin milli ideyalar istiqamətində inkişafına böyük təkan vermişdir. Halbuki artıq əsrin 20-30-cu illərindən başlayaraq xalqın milli dəyərləri, tarixi, ədəbiyyatı, mədəniyyəti və görkəmli şəxsiyyətləri unudulma siyasətinə məruz qalmış, xalqın mülkiyyətindən qoparılma cəhdinə düçar olmuşdu. Hətta elə bir dövr gəlmişdi ki, xalqın milli düşüncəsini yaşadan istedadlı ziyalı və ədiblər repressiyaya uğradılır, söz xəzinəsi və mədəniyyət nümunələri isə zərərli abidələr adı altında sıradan çıxarılırdı. Xalqın milli soykökü və qədim, zəngin tarixi düşüncəsini əks etdirən ədəbiyyat nümunələri və görkəmli şəxsiyyətlər məqsədyönlü olaraq tarix səhnəsindən silinirdi. XX əsrin 70-ci illərindən isə artıq Azərbaycanın tarixi taleyində bir Günəş kimi doğan Heydər Əliyev böyük müdriklik və vətəndaşlıq qayğısı göstərərək xalqın milli sərvətini özünə qaytarmaq vəzifələrinin icrasına start verdi. Beləliklə, böyük istedadla yaradılmış və xalqın milli keçmişini, mənəviyyatını əks etdirən ədəbiyyat nümunələri xalqın milli sərvəti olaraq qorunmağa və böyük qayğı ilə əhatə olunmağa başladı. Vaxtında verilən müdrik qərarlar Nizami Gəncəvi, Xaqani Şirvani, Məhsəti Gəncəvi, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli və digər çoxsaylı görkəmli klassik ədəbi şəxsiyyətlərin öyrənilməsi və əsərlərinin nəşrinə böyük imkanlar açdı, ədəbiyyatşünaslığın milli istiqamət almasına ciddi təsir göstərdi. Məhz bunun sayəsində Azərbaycan ədəbiyyatı milli sərvətimiz olaraq qorundu, ədəbiyyatşünaslıq milli ideyalılıq və elmi prinsiplər üzrə yeni inkişaf yoluna qədəm qoydu.  

Azərbaycan xalqı üçün sınaq əsri olan XX əsrin qarışıq və mürəkkəb 90-cı illərində də xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələn Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev davamlı müdrik siyasət sayəsində xalqın mənəvi sərvətinin qorunması və inkişafına mühüm stimul verdi. Ulu Öndər həm də 90-cı illərdə yeni ictimai-iqtisadi sistemə keçid dövründə təkcə ictimai-siyasi, iqtisadi sahələrdə deyil, ən əsası milli ictimai düşüncədə dərin ideoloji böhran yaşandığı, meyarların itdiyi bir vaxtda özünün müdrik qərar və fikirləri ilə bu böhranı ortadan qaldırmağa, ideoloji meyarları təsbit və müəyyən etməyə şərait yaratdı. Yeni düşüncə ortaya çıxan bir zamanda məhz dahi, uzaqgörən liderin müdrik düşüncə və qərarları sayəsində milli baxış və təhlil meyarları meydana gəldi. Bu dövrdə də milli-mənəvi dəyərlərə qayğı başlıca yerdə dayandı. Çünki Ulu Öndərin fikrincə: “...insanlara şeir qədər, ədəbiyyat qədər, mədəniyyət nümunələri qədər güclü təsir edən, yəni insanlığın mənəviyyatına, əxlaqına, tərbiyəsinə, fikirlərin formalaşmasına bu qədər güclü təsir edən güclü vasitə yoxdur”. Bu baxımdan müdrik liderin vaxtilə ideoloji cəhətdən zərərli abidə kimi xalqın milli sərvəti olmaqdan kənar edilmiş “Kitabi-Dədə Qoprqud” dastanının 1300 illik yubileyinin keçirilməsi haqqındakı Sərəncamı, yubiley mərasimindəki çıxışı da bütövlükdə xalqımızın milli-mənəvi sərvətlərinə, onun tarixi, mədəniyyəti və ədəbiyyatına konkret münasibət tərzinin müəyyən edilməsinə istiqamət verdi. Dövlət müstəqilliyini yeni bərpa etmiş ölkəmizin dastana bu cür yanaşması ilə həm də ümumtürk birliyi ideyasına münasibətini və çağırışını da ifadə etmiş oldu.

Dahi lider ayrı-ayrı görkəmli söz ustadları, böyük klassiklər  - Nizami Gəncəvi, Məhəmməd Füzuli, Nəsimi, Xətai, Vaqif, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid və başqaları barəsində danışarkən onları təkcə ədib, şair, yazıçı kimi deyil, həm də bir mütəfəkkir, filosof olaraq da təqdim edir, tədqiqatların istiqamətini məhz bu məcrada aparılması konsepsiyasını göstərirdi. Ulu Öndər: “XX əsrin əvvəlində fəaliyyətə başlayan Cəlil Məmmədquluzadə bu gün ...bizim üçün mənəviyyat mənbəyidir, mənəvi dayaqdır” deyərək böyük klassiklərin yaradıcılığını, ümumən milli ədəbi düşüncə və sərvəti milli ideologiyamızın mənbəyi kimi təqdim edir, xalqın milli sərvətinə həm də milli məfkurə yönündən araşdırma zərurətini ifadə etmiş olurdu. Həmçinin müdrik liderin böyük şair Hüseyn Cavidlə bağlı dediyi fikirləri də ədəbiyyatşünaslıq elmimiz üçün milli konseptual istiqamət, yanaşma tərzi müəyyənləşdirmiş oldu. Ulu Öndərin vətəndaşlıq cəsarəti nəinki Cavidin nəşini öz doğma torpağına gətirməyə müvəffəq oldu, həm də bu əbədiyaşar sənətkarın ölməz irsinə əsl bəraət və ikinci həyat bəxş etmiş oldu. Ulu Öndərin: “Hüseyn Cavidi Şərqin Şekspiri adlandı­rır­lar. Ancaq onu, bəlkə də, Höte ilə müqayisə etmək düzgün olardı. Əsər­lə­rin­dəki fəlsəfi fikirlərinə görə, ola bilsin, Cavidin “İblis” əsəri heç də Hötenin “Faust”un­dan geri qalmır” kimi fikirləri görkəmli filosof, şair Hüseyn Cavid yaradıcılığına ədəbi-estetik təhlil, yanaşma metodunu təsbit etməklə bərabər onun Azərbaycan və dünya ədəbiyyatındakı yerini, mövqeyini müəyyənləşdirmiş, həm də bütövlükdə Azərbaycan romantizminə yanaşma metodu və tərzini də ədəbi cəhətdən müəyyən etmişdir.

Ümumiyyətlə, qeyd edilməlidir ki, ayrı-ayrı görkəmli adamlarımızın Azərbaycan xalqının mənəvi sərvətləri içərisində yerini və mövqeyini müəyyənləşdirmək baxımından dahi şəxsiyyət Heydər Əliyevin fikirləri müstəsna əhəmiyyətə malik olmuşdur. Ulu Öndərin Nizami, Nəsimi, Füzuli, Xətayi, Vaqif, Mirzə Cəlil, Cavid və başqaları haqqındakı fikirlərində şəxsiyyətlərə həm filosof kimi yanaşma meyli özünü aydın ifadə edir, həm də dünyaca şöhrətləri və ədəbi mövqelərinə də diqqət çəkilirdi.

Ulu Öndər milli ədəbiyyatımızı həm də ümumtürk kontekstində öyrənməyin zəruriliyini ifadə edir, ədəbiyyatşünaslıq elmi üçün ədəbi sərvətlərə yanaşma tərzinin bu istiqamətini təqdim edirdi.  Yaşadığımız dövr üçün son dərəcə zəruri olan bu yanaşma üsulu ədəbiyyatımıza vahid, məqsədli, milli ideologiyalı, ümumtürk və ümumdünya düşüncəli ədəbi konsepsiya müəyyənləşdirmiş oldu. Müdrik lider Heydər Əliyev ədəbiyyata həm də xalqların dostluq və mədəniyyətlər körpüsü kimi yanaşaraq “Xalqların dostluğu ədəbiyyatların dostluğudur” deyirdi. Qardaş Türkiyə Cümhuriyyətinin Böyük Millət Məclisindəki çıxışında böyük Azərbaycan şairi Məhəmməd Füzulinin yaradıcılığı timsalında bu münasibətlə demişdir: “Füzuli keçmişdə də türkləri birləşdirən bir şəxsiyyət olmuşdur. Amma indi türk dünyası XX əsrdə parçalanmış olduğu bir halda, türk dünyasına mənsub ölkələrin, demək olar ki, tam əksəriyyətinin (bir Türkiyədən savayı) onların həyatına, tarixinə, adət-ənənəsinə uyğun olmayan rejimlər içərisində yaşadığı vaxtda Füzuli bizi yaşadaraq bu günlərə gətirib çıxarmışdır”.  Dahi liderin uğurlu ədəbiyyat təlimi bu gün də uğurla davam etdirilir.

Beləliklə, Ulu Öndər Heydər Əliyev Azərbaycan elmi-ictimai fikrinin inkişafına özünün müdrik fikirləri ilə yeni güc qatmış, onun ideya-estetik, elmi meyarlarının müəyyənləşməsində mühüm rol oynamışdır. Azərbaycan xalqının hərtərəfli həyatında məhz bu cür müdrik davranış və xilaskarlıq missiyası həyata keçirmənin nəticəsi idi ki, dahi lider Heydər Əliyev liderlikdən ümummilli liderliyə ucalaraq əbədiyaşarlıq qazanmışdır.  

Qətiyyətlə deyə bilərik ki, bu gün ölkəmizdə həyata keçirilən çoxsaylı işlər və qazanılan nailiyyətlər Ulu Öndər Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir.  Böyük dühalara göstərilən ehtiram, mədəniyyət, elm, sənət, ədəbiyyat xadimlərinə hörmət və qayğı və s. Ulu Öndərin zəngin və mütərəqqi təcrübəsindən qalan uğurlu bir ənənədir. Ölkəmizdə 2019-cu ilin “Nəsimi İli”, 2021-ci ilin “Nizami İli” elan olunması da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyi Heydər Əliyev siyasi kursunun tərkib hissəsidir. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycanın böyük Qələbəni qazanması, müqəddəs Şuşa şəhərinin işğaldan azad olunması, habelə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qərarı ilə müqəddəs Azərbaycan ocağı olan Şuşa şəhərinin mədəniyyət paytaxtımız elan olunması, xalqımızın böyük mütəfəkkir-şairi Molla Pənah Vaqifin erməni vandalizminin zülmünə məruz qalmış Xatirə məqbərəsinin yenidən bərpası, Vaqif Poeziya Günlərinin Şuşa şəhərində qeyd edilməsi və çoxsaylı digər tədbirlər Heydər Əliyev yolundan natamam qalan taleyüklü məsələlərin həyata keçirilməsi baxımından böyük nailiyyətləri təzahür etdirir. Bütövlükdə, torpaqlarımızın işğaldan azad edilməsi və yenidənqurma, quruculuq işlərinin həyata keçirilməsi, dünya azərbaycanlılarının  hüquqlarının qorunması, doğma ata-baba yurdu Qərbi Azərbaycana qayıdış və s. Heydər Əliyev siyasətinin davamı və yeni mərhələdə qələbəsi, təntənəsi kimi çıxış edir, həmçinin xalqımıza böyük gələcək vəd edir.

Ramiz Qasımov,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent