27 aprel 2023 00:57
713

Ulu Öndərin Azərbaycan iqtisadiyyatının inkişafında rolu

Bəşəriyyət yarandığı gündən çox böyük şəxsiyyətlərə, sərkərdələrə, onların əldə etdikləri şanlı qələbələrə şahidlik edib, bu şəxsiyyətlərin qurub-yaratdıqları, miras qoyduqları dövlətçilik ənənələri, intibah xalqlarının gələcəyinə işıq tutub, onların bəlkə də yüz illər sonrakı tarixdə mövqeyini müəyyənləşdirib. Məhz, buna görə də, belə şəxsiyyətlər tarixdə dahi, öndər, lider kimi öz layiqli yerlərini tutublar. Onların yaratdıqlarını, zəngin, böyük irsini araşdıranda, haqqında danışanda isə bir sual daim müzakirə mövzusu olub, cavabını axtarıb: yaşadığı dövrün gerçəklikləri, tarixi reallıqlar şəxsiyyətləri formalaşdırır, yoxsa böyük, güclü, qüdrətli şəxsiyyətlər öz tarixini yaradır?

Təbii ki, bu suala müxtəlif zamanlarda yaşayan şəxsiyyətlərə münasibətdə fərqli cavablar vermək mümkündür. Lakin Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev barədə danışarkən bu mübahisələrə birmənalı olaraq, aşağıdakı şəkildə nöqtə qoymaq olar - Heydər Əliyev həm tarixi şəxsiyyətdir, həm də tarixi yaradan şəxsiyyət! Bu fikri qüvvətləndirən, arqumentlərimizi genişləndirən faktlar isə yetərincədir. Ulu öndər Heydər Əliyev o şəxsiyyətlərdəndir ki, O, Özü bir tarix, salnamə yaratmış, zamanın axarını nizamlamaq qüdrətinə sahib olmuşdur. Bu gün isə Onun fəaliyyətinin, gərgin əməyinin bəhrələrindən təkcə xalqımız yox, bütün region xalqları, böyük İslam dünyası və türk xalqları faydalanır. Elə buna görə də, Ulu öndərimizin adı dünyanın hər yerində Uca tutulur, xatirəsi ehtiramla anılır.

Xalqın birliyinin, monolitliyin ictimai sabitliyin, inkişafın əsas şərtlərindən biri olduğunu siyasi xadim, dövlət qurucusu və idarərdici kimi  düzgün dərk edən Ümumilli Lider  Heydər Əliyev həmişə bu birliyi yaratmaq, qorumaq işini ön plana çəkmişdi. O, çıxışlarından birindən deyirdi ki, “Xalqımız qüdrətli xalqdır. Əsrlər boyu ciddi immtahanlardan keçmişdir. Buna şübhə etmirem ki, Azərbaycan bir müstəqil dövlət kimi öz taleyinin sahibi, öz hüquqlarının sahibi olacaq və gələcək firəvan həyatını özü quracaqdır. Bunun üçün hamı birləşməli, Azərbaycan xalqının gücü bir yerə toplanmalı, hamı bir hədəfə vurmalıdır. Xalqın övladları bir torpaqda dünyaya gəliblərsə, atalarımızın, babalarımızın ruhu bizim üçün müqəddəs və əzizdirsə, öz borcumuzu verməliyik. Bu, hamının borcudur”.

Ulu Öndər Heydər Əliyevin ölkə əhəmiyyətli nailiyyətlərindən biri də neftlə bağlıdır. Azərbaycan neftinin dünya bazarına çıxarılması, əldə olunan gəlirlə milli büdcəni bərpa etmək, möhkəmləndirmək, əhalinin sosial səviyyəsinin yüksəldilməsi həyata keçirilən uğurlu iqtisadi siyasətin nəticəsi idi. 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi “məhsulun pay bölgüsü” haqqında müqavilə imzalandı. Müqavilə neft sahəsində Heydər Əliyevin qazandığı uğurların hələ başlanğıcı idi. Azərbaycan üçün həyati əhəmiyyəti olan bu müqavilə həm respublikanın daxilində sabitliyin bərqərar olunması, həm də xarici siyasətdə uğurların əldə edilməsində müstəsna rol oynadı. 

Ulu Öndər Heydər Əliyevin dövlət başçısı seçilməsindən qısa müddət sonra Azərbaycanın müstəqilliyinin, suverenliyinin təmin olunması üçün mühüm addımlar atıldı. İlk öncə ölkədə ictimai-siyasi sabitliyi bərpa edən Ümummilli Lider Azərbaycanın siyasi, sosial-iqtisadi, mədəni inkişafına hesablanmış mühüm qərarlar qəbul etdi.

Ulu Öndərin həmin dövrdə Azərbaycan naminə əldə etdiyi ən böyük tarixi uğur isə Ermənistanla ölkəmiz arasında atəşkəs sazişinin bağlanmasına nail olması oldu. Bundan sonrakı mərhələdə isə böyük siyasətçi Heydər Əliyev Azərbaycanın ərazi bütövlüyünün bərpası və torpaqlarımızın işğaldan azad olunması istiqamətində beynəlxalq platformalarda mühüm işlər gördü və imkan vermədi ki, Azərbaycanın Ermənistan tərəfindən üzləşdiyi işğalçılıq faktı qərəzli beynəlxalq təşkilatlar, ölkələr tərəfindən ört-basdır edilsin və gündəlikdən çıxarılsın.

Ümummilli Liderin həmin dövrdə qarşısına qoyduğu digər vacib məsələ isə öz dədə-baba yurdlarından zorla didərgin salınan məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması idi.

 Prezidentliyi dövründə Azərbaycan tarixində baş verən yeniliklər, həyat amalı, zaman və məkan anlayışına sığmayan siyasi fəaliyyətinin əsas məqsədi azad və müstəqil Azərbaycan dövlətini qurmaq olan Heydər Əliyevin müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində xalqımızın azadlıq və müstəqillik idealları gerçəkləşmiş, Azərbaycan öz tarixi həqiqətlərinə çatıb. 

Ulu Öndərin fəaliyyətində gənclərə diqqət və qayğı, onların vətənpərvərlik ruhda yetişməsi hər zaman xüsusi yer tutub. “Bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir,” -  Ümummilli lider Heydər Əliyevin bir vaxtlar səsləndirdiyi bu dəyərli fikirlər bu gün ona olan bütün etimadı doğruldan, öz vətənpərvərliyini, torpağa, yurda bağlılığını sübut etmiş, Vətən müharibəsində həm ön cəbhədə, həm də arxa cəbhədə öz sözünü demiş Azərbaycan gəncliyinin mənzərəsini göstərir.

Ulu Öndər hər zaman çıxışlarında qaçqın və məcburi köçkünlərin problemlərinə toxunur, həmin insanların ağrı-acılarını, çətinliklərini bölüşdüyünü ifadə edərək söyləyirdi ki, "Biz əlimizdən gələni edirik ki, sizin yaşayışınız müəyyən qədər normal olsun. Amma aydındır ki, yerini, yurdunu itirmiş insanların yaşayışı çətindir. Bu, sizi də, bizi də incidir".

Özünün də vurğuladığı kimi, qaçqın və məcburi köçkünlərin çətin yaşam şəraiti Ulu Öndəri daim narahat edirdi. Dəfələrlə çadır şəhərciklərinə yollanaraq oradakı vətəndaşlarımızın ağır şəraiti ilə şəxsən tanış olan dahi rəhbər problemlərdən çıxış yolları arayırdı və bu istiqamətdə əlindən gələn hər şeyi edirdi.

Ulu Öndərin ideyalarını yaşadan Heydər Əliyev Fondu, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında Ulu Öndərin amallarını yaşadan, ideyalarını gerçəkləşdirən Heydər Əliyev Fondu da işğaldan azad edilən ərazilərdə aparılan quruculuq işlərinə töhfə verir. Xüsusilə də fond tərəfindən Qarabağ və Şərqi Zəngəzurda tarixi, mədəni, dini irsimizin bərpası istiqamətində mühüm layihələr həyata keçirilir.

Ənənəvi məşğuliyyət sahələrinin bərpa edilməsi ilə yanaşı, yeni məşğulluq növlərinin yaradlılması da dövlət tərəfindən hazırlanan planların tərkib hissəsidir. Ənənəvi olaraq kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün istifadə olunmuş torpaqların reabilitasiyası üzrə tədbirlərə artıq başlanıb və hətta 7 min hektar sahədə dənli bitkilərin əkilməsi də həyata keçirilib. Lakin torpaqların böyük bir qisminin minalardan təmizlənməsi gələcəkdə yüz min hektarlarla ərazinin əhalinin istifadəsinə verilməsinə şərait yaradacaq

Azad olunmuş ərazilərin yaxın gələcəkdə ölkənin iqtisadi fəaliyyət dövriyyəsinə cəlb edilməsi, bir tərəfdən, yeni iş yerlərinin açılmasına və digər tərəfdən, ümumdaxili məhsulun həcminin kifayət qədər artmasına imkan verəcək. Qarabağın dilbər guşələri Kəlbəcər və Laçın turizm sənayesinin inkişafı üçün böyük potensiala malik bölgələrdir. Azərbaycanın və bütün türk dünyasının mədəniyyət beşiyi sayılan Şuşa şəhərində də öz təyinatına uyğun şəkildə geniş bərpa işləri həyata keçiriləcək. Şuşa öz gözəlliyi və əzəməti ilə dünyanın bütün ölkələrindən gələn turistləri yenidən heyran edəcək. Bütün bu nəhəng miqyaslı işlərin həyata keçirilməsi dövlətin və cəmiyyətin sıx əməkdaşlığını və Vətən müharibəsi zamanında göstərilən milli birliyin növbəti abadlıq və quruculuq mərhələsinə daşınmasını tələb edir. Heç şübhə yoxdur ki, 30 il ərzində yalnız bir arzu – işğal altında qalmış torpaqlarımızın azad olunması məramı ilə yaşayan Azərbaycan xalqı gələcək illərdə də sarsılmaz birlik nümayiş etdirməklə torpaqlarımızın abadlaşdırılmasına, doğma Qarabağa yeni və xoşbəxt bir həyat gətirilməsinə nail olacaq. Qarabağ öz yeni həyatına qovuşur. Böyük qayıdış Qarabağa əbədi xoşbəxtlik gətirəcək.

Azərbaycan dövləti Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması, illərdir torpaq həsrəti ilə yaşayan insanlarımızın yurdlarına qovuşması üçün böyük işlər gerçəkləşdirir.

Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ərəfəsində torpaqlarımızı işğaldan azad edərək Böyük qayıdışı gerçəkləşdirən xilaskar lider İlham Əliyev bununla həm də müqəddəs ata nəsihətini yerinə yetirib və azərbaycanlı olmağı ilə fəxr edən,  xalqının, dövlətinin rifahı naminə ömrünü şam kimi əridən Ulu Öndərin ruhunu şad edib.

Əlbəttə ki, bütün bunlarla yanaşı, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin liderlik xüsusiyyətlərini, Onun rəhbərlik manevrlərinin özünəməxsusluğunu da nəzərə almaq lazımdır. Təsadüfi deyil ki, hələ 2003-cü ildə keçirilmiş prezident seçkisi ərəfəsində Ümummilli liderimiz Heydər Əliyev xalqa müraciətində, məhz Azərbaycanın Prezident İlham Əliyevə etibar olunmasını məsləhət bildi: “Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin firavanlığı yolunda çoxlu işlər görəcəkdir... inanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümid bəsləyirəm”.

Ötən müddət ərzində Azərbaycanın nail olduğu inkişaf, tərəqqi bir daha sübut etdi ki, Ulu öndərin layiqli davamçısı, Prezident İlham Əliyev Ümummilli liderin müəyyənləşdirdiyi kursu yaradıcılıqla inkişaf etdirən siyasi xadimdir. Məhz Onun rəhbərliyilə davam etdirilən siyasi kursun nəticəsində Azərbaycan dövləti regionun liderinə çevrilib.

Prezident İlham Əliyevin ayrılıqda regionların iqtisadi inkişafının sürətləndirilməsi üçün imzaladığı Dövlət proqramları, ayrı-ayrı vaxtlarda verdiyi göstərişlərin icrasına şəxsən nəzarət etmək üçün bölgələrə səfərlər etməsi, xalqın içində olması Onun yalnız ölkənin rifahı üçün bütün səylərini ortaya qoymasından xəbər verir.

Bir sözlə, məhz Ümummilli Liderimiz Heydər Əliyevin görmək istədiyi Azərbaycan bu günün reallığına çevrilib və ölkəmiz Heydər Əliyev siyasi kursu ilə inamla addımlayır.

Mənalı həyatını öz xalqına bəxş etmiş Ulu Öndər Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq. Heydər Əliyevin irsi gələcək nəsillər üçün zəngin xəzinə olacaq.

Arzu Əliyeva,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı