Azərbaycan xalqının Ümummilli Lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Bu yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətlərin qismətinə düşən müstəsna taledir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz ümummilli liderimiz Heydər Əliyevin xidmətləridir. Təsadüfi deyil ki, ulu öndərimizin fəaliyyəti öz miqyası və əhəmiyyəti etibarilə Azərbaycanın hüdudlarından çox-çox kənara çıxıb. Dünya miqyasında ən nüfuzlu dövlət başçıları, politoloqlar tərəfindən dəfələrlə bəyan edildiyi kimi, Azərbaycan və böyük türk dünyasının dahi oğlu Heydər Əliyev zəmanəmizin ən yüksək zirvəsində duran tanınmış siyasi xadimlər sırasında öz layiqli yerini tutub. Xalqımızın yaddaşında yaradıcı, qurucu və xilaskar obrazını daim yaşadıb, qəlblərdə özünə əbədi məhəbbət qazanıb. Tarixi şəxsiyyətləri bəzən təsadüflər yetişdirir. Əgər həmin təsadüflər baş verməsəydi onlar da dünyanın milyardlarla insanından biri kimi yaşayar və öz siravi statusları ilə dünyadan köçərdilər. Elə tarixi şəxsiyyətlər də var ki, onların ömür yolu hər hansı təsadüflərlə bir araya sığmır, bu yolun hər bir addımında onların qolunun qüvvəsi, alın təri, mübarizə əzmi var.
Heydər Əliyev də həyatı hec bir təsadüfdən asılı olmayan, ömrü qələbə və çətinliklərdən, ən xoşbəxt dəqiqələr və sonsuz kədərdən keçən, lakin bütün acılara, məhrumiyyətlərə rəğmən öz məramına yetişən tarixi şəxsiyyətlərdən idi. Hər bir rəhbər bütün varlığı ilə dərk etməli idi ki, o öz xalqının, öz millətinin, öz torpağının keşiyində dayanmalıdır. Özünü yalnız bu işə həsr etməlidir.
Heydər Əliyev həqiqətən, həyatını məhz bu cür yaşamışdı. Ulu Öndər yenicə müstəqillik qazanmış Azərbaycanın ağır anında məhz onu çağıran, taleyini məhz ona əmanət etmək istəyən insanların inam və etibarı idi. Dünyanın özünü azərbaycanlı sayan hər bir sakini üçün Heydər Əliyevin tarixdəki yerini müəyyən edəcək çox nümunələr var. Onun yaratdığı ömür nümunəsi bunların hamısından öndə gəlir.
Nə qədər kitablar oxusaq da nəzəri biliklərələ nə qədər silahlansaq da həyatı, insanı nə qədər öyrənməyə çalışsaq da ömür yollarında qarşımıza çıxan sualların aydınlaşdırılması, məqsədlərimizə doğru addımlarımızın ardıcıllığı ücün bunlar kifayət etmir. İnsan nümunələrdən görüb götürür, onların göstərdiyi yolla tərbiyələnir, çətin anlarında suallarına cavabları o nümunələrdə tapır. Ömrünü örnək saydığımız bir şəxsin həyatından xatırladığımız adicə bir nümunə bəzən bizə mənəvi güc verir, irəliyə doğru addımlamağımıza kömək edir.
Heydər Əliyev dünyanın bütün azərbaycanlıları üçün Azərbaycanın coğrafi məkanında, milli təfəkkür, milli adət-ənənələr, milli təhsil-tərbiyə mühitində ən yüksək məqama çatmış mükəmməl insan nümunəsidir. Hər bir azərbaycanlı uğur əldə etməyi də, uğursuzluqla qarşılaşan zaman tab gətirməyi də, həyatı cani – kökdən sevməyi də, onun hər bir gözlənilməzliyinə hazır olmağı da məhz Heydər Əliyevin həyatından öyrənə bilər.
İstedad və iradə Heydər Əliyev şəxsiyyətinin ali keyfiyyətləri idi. Bu keyfiyyətlər onun özünə qarşı son dərəcə sərt tələbkarlığı idi. Ulu Öndər təmsil etdiyi xalqın simasını, istək və arzularını, ideyalarını, məqsədlərini öz obrazında yüksək mütəşəkkiliklə əks etdirə bilmişdi. Heydər Əliyev rəhbərliyi dövründə ona görə o qədər böyük əzmlə zəhmət sərf edirdi ki, bunların tarixin bütün dövrlərində Azərbaycana lazim olacağnı bilirdi.
Ulu öndər Heydər Əliyev onda da hesab edirdi ki, azərbaycanlılar dünyanın ən yaxşı yaşayan xalqlarından biri olmalıdır. Yer üzündə Azərbaycan adlı bir dövlətin, bir xalqın varlığından hər kəs xəbər tutmalıdır. Azərbaycanın ictimai fikir tarixində böyük rolu olmuş insanların xatirəsi uca tutulmalıdır, milli–mənəvi dəyərlərimiz göz bəbəyi kimi qorunmalıdır. Azərbaycan dili hər bir azərbaycanlının təfəkkür dili olmalıdır. Ən gözəl memarlıq abidələri məhz Azərbaycanda ucaldılmalıdır .
Heydər Əliyev insanların nəzərində dövlətin onlara xidmət edən, onların qulluğunda dayanan, hər bir çətinliklərində onların yanında olan, öz vətəndaşlarının səsini eşidib harayına yetişən bir obraz formalaşdırmışdi.
Heydər Əliyev tutduğu vəzifələrin heç birindən şəxsi maraqları üçün istifadə etməmişdi.Bütün imkanlarını , gücünü insanların,xalqların inkişafına ,xoşbəxtliyə çatmasına yönəltmiş və məqsədinə nail olmuşdur.
Xeyirlə şərin , haqq ilə nahaqqın həmişə yanaşı yaşadığı ictimai-siyasi mühitdə Heydər Əliyevə qarşı insanlığı sığışmayan haqsızlıqlar da olub.Şər qüvvəli insanlar onun fiziki məhvinə qədər planlar qurub .Bunların hamısından həmişə qalib çıxan Ulu Öndər belə demişdir:”Məni Allah qoruyur!”
Heydər Əliyev heç kəsin qarşısında əyilmədi ,qürurunu, qəhrəmanlığını ömrünün sonuna qədər qoruyub saxladı.
Bu gün bütün dünyanın informasiya vasitələri Heydər Əliyevin quruculuq-yaradıcılıq fəaliyyətindən , sağlam siyasətindən yazır,danışır.Siyasi xadimlər ,dövlət başçıları onun müdrikliyinə istinad edirlər.
Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanması, heç də təsadüfi deyil.
Məhz Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ağır günlərdə xalqının iradəsinə tabe olan Heydər Əliyev ölkə rəhbərliyinə qayıdaraq müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli-azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı öz üzərinə götürdü. Bu, sözün əsil mənasında, “ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyib, meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi. Heydər Əliyev öz siyasi bacarığını, çoxillik idarəçilik səriştəsini əsirgəmədən xalqının firavanlığı və dövlətinin müstəqilliyi yolunda yorulmadan xidmətdə olduğunu bir daha sübut etdi.
Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi ümummilli lideri var. Və bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Şübhə yoxdur ki, xalqımız onun müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcəkdir.
Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirməklə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir.
Aliyə Orucova,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı