26 aprel 2023 11:23
394

Bakı metropolitenində "Xalqa həsr olunmuş ömür" adlı konfrans keçirilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və 2023-cü ilin Azərbaycanda "Heydər Əliyev İli" elan olunması münasibətilə Bakı metropolitenində "Xalqa həsr olunmuş ömür" adlı tematik konfrans keçirilib.

“İki sahil” xəbər verir ki, konfransı "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Z. Hüseynov aprel ayının 28-də Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq, əməkdar elm xadimi, tibb elmləri doktoru Zərifə xanım Əliyevanın da anadan olmasının 100 ili tamam olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Ulu Öndərin və Zərifə xanım Əliyevanın xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Konfransda millət vəkili Aydın Mirzəzadə Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində misilsiz xidmətlərindən bəhs edərək, onun istər Sovetlər dövründə, istərsə də müstəqillik illərində ölkə quruculuğundakı fəaliyyətindən danışıb.

Konfransın əsas məruzəçisi, Heydər Əliyev irsinin tədqiqatçısı, xalq yazıçısı, Azərbaycanın Ukraynada fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova tarixin müxtəlif dövrlərində məhz Heydər Əliyevin titanik səyləri nəticəsində xalqın tarixində iz buraxmış hadisələrdən söhbət açıb. Ulu Öndərə həsr edilmiş üç cilddə nəşr olunmuş monumental əsərlərin müəllifi olan xalq yazıçısı konkret nümunələr əsasında Heydər Əliyev şəxsiyyətinin ən ali məqamlarından danışıb.

Metropoliten İşçiləri Həmkarlar İttifaqının sədri Arif Mərdanov Azərbaycanda həmkarlar hərəkatının inkişafında Heydər Əliyev faktorundan danışıb. O, tarixin müxtəlif dövrlərində ölkədə vətəndaş cəmiyyətinin inkişafı naminə Ulu Öndərin məhz verdiyi töhfələrdən bəhs edərkən postsovet məkanında həmkarlar hərəkatı barədə ilk qanunun məhz Azərbaycanda qəbul edilməsini və daha sonra onun ölkəmizin inkişafına müsbət təsirlərini xüsusi vurğulayıb.

Sonra Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərini, eləcə də onun Bakı metropoliteninin inkişafı ilə bağlı əvəzsiz töhfələrini əks etdirən qısa film nümayiş olunub.