Azərbaycan xalqı özünü bütünlüklə xoşbəxt saya bilər ki, onun XX əsrin son 30 ilinə və XXI əsrin əvvəlinə təsadüf edən tarixi və taleyi Ümummilli Lider Heydər Əliyev şəxsiyyəti, onun misilsiz ideyaları üzərində qərar tutur. Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində müasir tariximizin bu həqiqəti Azərbaycanın indiki əzəmətli inkişafı fonunda daha aydın, daha bariz şəkildə qavranılmaqdadır. Eyni zamanda, Azərbaycan tarixinin Ulu Öndər Heydər Əliyevin aktiv siyasi fəaliyyəti dövrünə təsadüf edən iki böhranlı mərhələsində xalqın və ölkənin xilası və inkişafının əsasının qoyulması bilavasitə Onun möhtəşəm tarixi xidməti kimi qəbul edilir, dəyərləndirilir. Bu mənada, Ulu Öndər Heydər Əliyevin timsalında tarixdə şəxsiyyətin rolu özünün ən bariz ifadəsini tapmış olur. Məhz XX əsrin 70-ci illərindən etibarən Azərbaycanın siyasi həyatı və bütünlükdə cəmiyyətimiz Ulu Öndər Heydər Əliyevin misilsiz səyləri sayəsində yeni impuls və inkişaf parametrləri kəsb edərək əslində özünün yeni mərhələsinə qədəm qoydu. O zamandan başlayan böyük tarixi mərhələdə Heydər Əliyev ideyaları həyatımızın başlıca gerçəkliyi, inkişafımızın təməl daşı olaraq qalmaqdadır.
Tam əminliklə demək olar ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr onun tarixinin xüsusi, ən intensiv inkişaf mərhələsini təşkil edir. Bu mənada həmin dövrü tariximizin nəinki sürətli və hərtərəfli yüksəliş illəri, hətta intibahı adlandırmaq daha dəqiq olardı. Həmin dövr həm də Azərbaycan tarixinin keyfiyyətcə yeni bir dövrünə qədəm qoyması demək idi. Bu da heç şübhəsiz ki, qədim və zəngin tariximizə müasir Azərbaycan cəmiyyətinin yaradılması mərhələsi kimi daxil olub.
Tariximizin Heydər Əliyev dövrü müasir Azərbaycan cəmiyyətinin formalaşması vəzifələrinin uğurla və ardıcıl olaraq yerinə yetirilməsi ilə seçilir. 1970-1980-ci illərdə Azərbaycan cəmiyyətinin həyatında baş verən sürətli tərəqqi sayəsində ölkənin mahiyyət etibarilə yeni keyfiyyət halına, Azərbaycan tarixinin isə yeni inkişaf mərhələsinə keçməsi inkaredilməz reallıqdır. O da sirr deyil ki, Ulu Öndər Heydər Əliyevin XX əsrin son onilliklərində Azərbaycanın intibahı yolundakı xidmətləri, digər tərəfdən isə milli lider kimi birmənalı olaraq bütün xalq tərəfindən qəbul edilməsi milli azadlıq məfkurəsinin yeni mərhələdə formalaşmasında həlledici rol oynamış oldu. Məhz bunun sayəsində XX əsrin 80-ci illərinin sonunda Azərbaycanda azadlıq hərəkatı SSRİ-nin digər respublikaları ilə müqayisədə daha böyük vüsət ala bilmişdi. Ötən əsrin 90-cı illərinin əvvəlində yenicə müstəqillik qazanmış Azərbaycanda yaşanan siyasi qeyri-sabitlik, tez-tez təkrarlanan hakimiyyət dəyişiklikləri, iqtisadi tənəzzülün dərinləşməsi, xaos və anarxiyanın idarəçilik sistemini bütünlüklə iflic etməsi, yaranmış daxili böhrandan faydalanan erməni təcavüzünün getdikcə daha çox Azərbaycan torpaqlarını əhatə etməsi, ölkənin xaricdən təcrid olunması Heydər Əliyev fenomeninə qayıdışı qaçılmaz edirdi.
Azərbaycanın ikinci dəfə yeni keyfiyyət halına və yeni tarixi mərhələyə daxil olması da artıq başqa siyasi reallıqlar çərçivəsində, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin qayıdışı ilə birbaşa əlaqədardır. Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilk növbədə xilaskarlıq missiyası ilə yüklənmişdir. Xalq Ulu Öndər Heydər Əliyevin qayıdışına xilaskarlıq missiyası kimi yanaşdığından ona da xilaskar kimi baxırdı. Bununla da Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin həyəcanlı anlarında möhtəşəm qayıdışından başlanan xilaskarlıq missiyası qüdrətli, müstəqilliyinin əbədi, dönməz və sarsılmaz olması heç kimdə şübhə doğurmayan Azərbaycan dövlətinin qurulması ilə nəticələndi. Ümummilli Lider Heydər Əliyevin adı tarixə müstəqil Azərbaycan dövlətinin qurucusu kimi daxil oldu, müstəqil Azərbaycan dövləti isə Ulu Öndər Heydər Əliyevin şah əsəri olaraq qəbul edildi.
Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyevin ölkənin müasir tarixində xidməti və həyata keçirdiyi missiyası sistemində özünü büruzə verən əsas cəhətlərdən biri onun Azərbaycanın intibahının əsasını qoymasıdır. Əslində, bu, həm də Heydər Əliyevin tarixi missiyasının təntənəsi, müasir Azərbaycanın yaradılması deməkdir. Dövlət müstəqilliyini uzun illər itirmiş Azərbaycanın XX əsrin sonlarında istiqlalına qovuşduqdan sonra milli dövlətçiliyini bərpa edərək müstəqil dövlətini yaratmaq missiyasını tarixin hökmü ilə Ulu Öndər Heydər Əliyev yerinə yetirməli olub. Bu mənada müstəqil Azərbaycan dövlətinin memarı Ulu Öndər Heydər Əliyev haqlı olaraq azərbaycanlıların milli qürur və iftixar mənbəyinə çevrilib, Ümummilli Lider adını qazanıb. Ona görə də xalqımız müstəqil dövlət quruculuğu sahəsində qazanılan müstəsna uğurlara görə Ümummilli Lider Heydər Əliyevə minnətdarlığını gizlətmir. Ulu Öndər Heydər Əliyevin yaratdığı müstəqil Azərbaycan dövləti indi güclü Azərbaycan dövləti kimi tanıtma nişanına sahib ola bilib. Vaxtilə hər birimizin qürur mənbəyi olan müstəqil Azərbaycan indi bütün azərbaycanlıların iftixarına çevrilmiş güclü Azərbaycandır.
Bir sözlə, müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyalarının işığında zirvədən-zirvəyə, qələbədən-qələbəyə doğru inamla irəliləyir. Bu gün Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin praqmatik siyasəti nəticəsində Azərbaycan tanınmaz dərəcədə dəyişərək dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. Otuz il işğal altında qalan torpaqlarımız siyasi-hərbi yolla azad olunub, ərazi bütövlüyümüz bərpa edilib. Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Bütün ömrünü doğma Vətəninə və xalqına həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” deyən dahi şəxsiyyətin vəsiyyətini onun layiqli davamçısı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyev yerinə yetirdi, 30 illik işğala hərbi-siyasi yolla son qoyuldu. Üçrəngli bayrağımız yenidən Vətən torpaqlarında, Qarabağın döyünən ürəyi olan Şuşada dalğalanmağa başladı. Eyni zamanda, Azərbaycanın təşəbbüsü və bilavasitə iştirakı ilə bir sıra transmilli energetika və nəqliyyat layihələri reallaşdırılıb. TANAP və TAP boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub nəqliyyat dəhlizi ölkəmizə mühüm siyasi-iqtisadi dividendlər gətirməkdədir. Bu gün Azərbaycan azsaylı kosmik ailənin üzvünə çevrilib. Səsimiz beynəlxalq kürsülərdən daha gur eşidilir, bayrağımız uca zirvələrdə dalğalanır. Bütün bu uğurların, möhtəşəm qələbələrin əsasında Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti dayanır.
Famil Nəcəfzadə,
Bakı Şəhər Statistika İdarəsinin rəis müavini