Qərbi Azərbaycanın Ağbaba mahalında yerləşən bu qədim türk yurdu da erməni vəhşiliyinin qurbanı olub
Ötən əsrin 90-cı illərində vaxtilə azərbaycanlıların mütləq əksəriyyət təşkil etdiyi indiki Ermənistan ərazisindən soydaşlarımızın tamamilə qovulması başa çatdırıldıqdan sonra aparılmış etnik təmizləmə nəticəsində indi həmin ərazidə müstəsna olaraq ermənilər yaşayır. Müxtəlif vaxtlarda həyata keçirilmiş deportasiya zamanı Qərbi Azərbaycanın demək olar ki, bütün bölgələrində soydaşlarımıza qarşı qətliamlar, dəhşətli işgəncələrlə dolu qırğınlar törədilib. Qədim Azərbaycan torpaqlarında yaradılmış indiki Ermənistanın qardaş Türkiyə ilə sərhədində yerləşən Ağbaba mahalı da erməni zülmünə ən çox məruz qalmış mahallardandır.
Tanınmış alim Nazim Mustafa Qərbi Azərbaycanın tarixi ilə bağlı araşdrmalarında qeyd edir ki, vaxtilə inzibati baxımdan Şərqi Anadoluya aid olmuş qədim türk yurdu Ağbaba 1877-1878-ci illərdə Çar Rusiyası tərəfindən işğal edilib. Tiflis quberniyasının Qars qəzasının Ağbaba nahiyyəsi şəklində Rusiyanın tərkibinə qatılan mahal SSRİ dövründə 1930-cu ilə qədər Gümrü qəzasının Ağbaba nahiyyəsi adlanmış, Ermənistan SSR rayonlaşdırılan zaman burada Amasiya inzibati rayonu yaradılmışdır. Ağbaba mahalının bir hissəsi də Qızılqoç rayonu ərazisinə düşür. Mahal Qaraxaç silsiləsi, Bazum, Şirək və Qızıl Qoç dağ silsilələri ilə əhatələnmişdir.
XX əsrin əvvəlində Ağbaba nahiyəsində 39 kənd olmuşdur ki, bunlardan da cəmi ikisində - Qaraməmməd və Bəzirganda Türkiyədən köçürülmüş ermənilər məskunlaşdırılmışdır. 1915–1916-cı illərdə başqa ölkələrdən gəlmə ermənilər millətçi Daşnaksütyun Partiyasının proqramına uyğun olaraq Ağbabanın Gümrüyə yaxın aran kəndlərinə hücumlar edib onları Türkiyənin içərilərinə doğru qaçqın düşməyə məcbur etmişdilər. Qaçmağa imkan tapa bilməyən kimsəsiz qocaları, xəstələri və uşaqları ermənilər vəhşicəsinə quyulara dolduraraq ağızlarını bağlayır, yaxud saman damına doldurub üstlərinə neft tökərək yandırırdılar.
Tarixi mənbələrdə göstərilir ki, 1917-ci ildə Rusiyada noyabr çevrilişindən sonra rusların Şərqi Anadolu cəbhəsində buraxıb getdikləri cəbhəxanaları ələ keçirən ermənilər Qars vilayətinin hər yerində olduğu kimi, Ağbabada da dinc əhaliyə hücumlar edib çoxsaylı qırğınlar törədirdilər. Bu qırğınlar 1918-ci ilin martında türk qoşunlarının Ərzurumu azad etməsindən sonra daha da şiddətlənmiş, türk ordusunun önündən geri çəkilən erməni könüllü birlikləri azərbaycanlıların yaşadıqları kəndləri yandırır, əhalisini qətlə yetirirdilər. Tarixə qanla yazılmış bu faciələr Türk qoşunların Gümrünü azad etməsinədək davam etmişdi. Diviziya generalı (tümgeneral) Əhməd Hulki Saral 1919-cu ildə İstanbulda dərc edilən “Erməni məsələsi” kitabında yazırdı ki, 1918-ci il mayın 1-də yüzə qədər erməni atlısı Şiştəpə və Düzkənd çevrəsində altmış uşaq, qadın və kişini qırmışlar...
1914-1918-ci illərdə Qars vilayətində ermənilərin törətdikləri qırğınların ən qaynar bölgəsindən olan Ağbaba nahiyəsinin əksər ərazisi 1921-ci il Qars müqaviləsinə əsasən Ermənistan ərazisinə qatılmışdır. Bundan sonra mahalın azərbaycanlı əhalisinə qarşı soyqırımı və deportasiya siyasəti daha geniş vüsət almışdır.
Təkcə 1930-cu illərdə Vedibasar, Zəngibasar, Qəmərli, Dərələyəz, Ağbaba və digər bölgələrdən yaşayan əlli mindən artıq soydaşımız ailəliklə Qazaxıstan çöllərinə sürgün edilmiş, burada sərt iqlim və bərbad mənzil şəraitinə uyğunlaşa bilmədiklərindən onların xeyli hissəsi dünyasını dəyişmişdir.
1937-ci ildə bütün SSRİ-də olduğu kimi, Ermənistanda da güclənən repressiya dalğasının fonunda burada yaşayan azərbaycanlılar daha ağır zərbə almış oldular. Həmin vaxt “xalq düşmənləri”ni, trotskiçi-buxarinçi casusları ifşa etmək məqsədilə İosif Stalinin cəlladları A.Mikoyan, N.Yejov və L.Beriya Ermənistana gəlmişdilər. Mikoyanın “rejsissorluğu” ilə keçirilən “təmizlənmə” əməliyyatı zamanı yalandan Moskvaya belə məlumat vermişdilər ki, guya Ermənistanda Araz və yuxarı Arpaçay boylarında yaşayan azərbaycanlılar elliklə Türkiyəyə qatılmaq istəyirlər. Ona görə də həmin ilin payızında və 1938-ci ilin yazında Vedibasar, Zəngibasar, Qəmərli, Eçmiədzin, Ağbaba rayonlarının Türkiyə ilə həmsərhəd kəndlərində yaşayan on minlərlə azərbaycanlılar kütləvi surətdə repressiyaya məruz qaldılar, minlərlə ailə sürgün edildi. Soydaşlarımızın vəhşicəsinə qovulmasına Stalin rejiminin heç bir etiraz etməməsindən daha da azğınlaşan Ermənistanın şovinist rəhbərləri daha sonra 40-cı illərin sonu, 50-ci illərin əvvəllərində azərbaycanlıların öz tarixi torpaqlarından növbəti deportasiyasının həyata keçirilməsinə nail oldular.
1988-ci ildə Ağbabanın Azərbaycan türklərinin yaşadıqları Xançallı, Oxçuoğlu, Çaxmaq, Mağaracıq, Qaraçanta, Daşkörpü, İbiş, Qonçalı, İlanlı, Düzkənd, Qaranamaz, Göllü, Təpəköy, Hozukənd, Qarabulaq, Ellərkənd, Bəndivan, Quzeykənd, Alakilsə, Çələb, Qara Məmməd, Güllücə, Balıqlı və digər kəndlərinin əhalisi sonuncu dəfə deportasiyaya məruz qalıb. Soydaşlarımızın öz ata-baba yurdlarından didərgin düşməsindən sonra yaşayış məntəqələrinin bir qismi dağıdılıb, bir qisminin isə adı dəyişdirilib və hazırda həmin kəndlərdə ermənilər yaşayır. Mahalın Amasiya rayonunun ermənilər tərəfindən işğal edilmiş belə kəndlərindən biri də Güllübulaq kəndidir.
Güllübulaq İrəvan quberniyasının Aleksandropol qəzasında, Amasiya rayonunda, rayon mərkəzindən 4 km məsafədə yerləşir. Adı “İrəvan əyalətinin icmal dəftəri”ndə qeyd edilmişdir.
Toponim “gül” ilə “bulaq” sözlərinin birləşməsindən əmələ gəlib “güllü, çiçəkli bulaq yanında olan kənd” anlamını bildirir. Əhalisi deportasiya edildikdən sonra kəndin adı erməni dilinə hərfən tərcümə edilərək Vardaxbyur (Güllübulaq) qoyulmuşdur. Türkiyənin Qızıldaş kəndi ilə sərhəddə yerləşən Güllübulaqda “Koroğlu mağarası”, “Nigar dərəsi”, “Nəbi çayırı” və s. kimi xalq qəhrəmanlarının adları ilə bağlı toponimlər mövcuddur. Kəndəki tayfa adları da sırf türk mənşəli olub.
Güllübulaqda vaxtilə hər cür şəraiti olan mədəniyyət evi, muasir və 3 mərtəbəli məktəb, 10-a yaxın müxtəlif mağazalar, iaşə obyektləri, kitabxana, texniki peşə məktəbi, xalçaçılıq sexi, yeməkxana və s. fəaliyyət göstərib. Bu kəndin əhalisinin hamısı azərbaycanlılardan ibarət olub. Maraqlıdır ki, kənd olmasına baxmayaraq Güllübulaqdan hətta Gəncə, Daşkəsən, Gümrü və s. bu kimi bölgələrə birbaşa avtobus marşrutları fəaliyyət göstərirdi. Kənddə məscidin, pirlərin, ziyarətgahların mövcud olması da onun sakinlərinin İslam dininə etiqad etdiyinə sübutdur.
Qeyd edək ki, Amasiya rayonunun kəndləri arasında ilk və ən böyük məktəb məhz Güllübulaqda tikilib. Ötən əsrin əvvəllərində isə bu kənddə ibtidai rus-tatar məktəbi fəaliyyət göstərib və əhalinin çoxu bir müddət rus dilində təhsil alıb. Güllübulaq əməkdar və baş müəllimlərinin, orta məktəbi qızıl medalla bitirənlərin sayına görə də öndə gedən kəndlərdən olub. Rayon Partiya Komitəsində, Xalq Deputatları Sovetində, müxtəlif partiya və sovet orqanlarında yüksək vəzifələrdə çalışanlar, 1920-1930-cu illərdə Zaqafqaziyada yeganə olaraq Gümrüdə olan Sənaye texnikumunu bitirənlər arasında Güllübulağın yetirmələri üstünlük təşkil edib. Kənddə yüksək təhsil almış 31 kərbəlayi, 17 məşədi, 10-dan çox hacı və axund olub. 1987-ci ilin siyahıyaalmasına görə kənd əhalisinin sayı hamısı milliyyətcə azərbaycanlı olmaqla 3147 nəfər təşkil edib. Soydaşlarımızın öz tarixi torpaqlarından deportasiyasından sonra Güllübulaqda (Vardaxbyur) ermənilər yaşayır.
Ermənilər gec-tez Qərbi Azərbaycanda soydaşlarımıza qarşı törətdikləri bütün cinayətlərin hesabını verəcəklər. Çünki Vətən müharibəsində qazandığımız şanlı Qələbə bizə, eyni zamanda, xalqımızın əsrlər boyu üzləşdiyi fəlakətlərin, soyqırımı aktlarının hesabını çəkmək, tarixi ədaləti mərhələ-mərhələ bərpa etmək imkanı yaradıb. Vaxtilə öz ata-baba yurdlarından zorla qovulmuş soydaşlarımız bir gün yenidən öz doğma Vətənlərinə qayıdacaqlar. Bax o zaman Ağbabanın üzü güləcək, Güllübulağın gülü-çiçəyi qönçələnib açacaq, bulaqları yenə qaynayacaq...
Mahir Rəsuloğlu, “İki sahil”