24 aprel 2023 12:27
357

Prokurorluq Mingəçevirdə Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfrans keçirib

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, aprelin 20-də Mingəçevir şəhərində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfrans keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən "İki sahil"ə verilən xəbərə görə, konfransda Mingəçevir şəhər, Yevlax, Ağdaş və Göyçay rayon prokurorluqlarının əməkdaşları, hüquq mühafizə və digər dövlət hakimiyyəti orqanlarının nümayəndələri iştirak edib.

Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, unudulmaz xatirəsini ehtiramla yad edib.

Daha sonra, tədbir iştirakçıları Mingəçevir şəhər Heydər Əliyev mərkəzində Ulu öndərin zəngin dövlətçilik irsini, həyat və fəaliyyətini özündə əks etdirən eksponat və fotostendlərlə tanış olub.

Konfransın açılışında Ulu öndərin və ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş şəxslərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Mingəçevir şəhər prokuroru Qabil Səfərov müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətləri, hüquqi dövlət quruculuğu mövzusunda çıxış edib.

Konfransda Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və Milli Məclisin deputatı Məzahir Əfəndiyev Ulu Öndər Heydər Əliyevin zəngin siyasi və dövlət quruculuğu sahəsində əvəzolunmaz fəaliyyəti mövzularında çıxış edib.

Tədbirdə çıxış edən Ağdaş rayon prokuroru Anar Əliyev və Göyçay rayon prokuroru Ramin Hüseynov Ulu Öndər Heydər Əliyev həyat və fəaliyyətindən, həmçinin gənclərə olan qayğısından bəhz edən çıxışlar ediblər.

Tədbir iştirakçıları Azərbaycan Respublikasının Baş Prokurorluğunun təşəbbüsü ilə hazırlanmış “Heydər Əliyev salnaməsi – Qanun naminə” adlı filmə baxıblar.

Sonda xatirə fotoşəkli çəkilib.