20 aprel 2023 22:48
472

Moskvanın “Metrovaqonmaş” zavodunda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi qeyd olunub

Bu gün Azərbaycanla çoxillik dostluq əlaqələri ilə bağlı olan Moskvanın məşhur “Metrovaqonmaş” zavodunun meydançasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib.

“İki sahil” xəbər verir ki,  bu barədə Azərbaycanın Rusiyadakı Səfirliyindən məlumat verilib.

Sözügedən zavod vaxtilə Heydər Əliyevin Sərəncamı ilə xeyli genişləndirilmiş, açılışında şəxsən özünün iştirak etdiyi yeni istehsal sexləri tikilib. Bu əlamətdar gün ilə bağlı 2019-cu ilin oktyabr ayında burada xatirə lövhəsi quraşdırılmışdı. Bu gün adıçəkilən xatirə lövhəsinin qarşısında zavodun həm yaşlı, həm də gənc nəslin nümayəndələrinin olduğu kollektivi toplaşıb.

Müəssisənin kollektivi qarşısında çıxış edən Polad Bülbüloğlu, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfiri, ölkəsinin nümayəndəsi, Heydər Əliyevi yaxından tanıyan, 10 il onun komandasında Mədəniyyət naziri kimi çalışmış bir insan olaraq, Ulu Öndərin 100 illiyi ilə əlaqədar keçirilən tədbirdə iştirak etməyin xüsusilə sevindirici olduğunu qeyd edib. Səfir Heydər Əliyevlə işlədiyi illərin böyük məktəb olduğunu, bu illərin bir ömür boyu yaddaşda qaldığını vurğulayıb.

Heydər Əliyevin Moskvada SSRİ-nin Nazirlər Sovetinin sədrinin birinci müavini vəzifəsində çalışdığını, kurasiyasında 30-dan artıq nazirliyin olduğunu bildirmişdir. Burada həm BAM-ın tikintisini, kənd təsərrüfatının və sənayenin inkişafı üçün görülmüş tədbirləri qeyd edib. Heydər Əliyev ölkənin inkişafı və insanların rifahı üçün hər şey edən insanlardan idi.

Çıxışının davamında Polad Bülbüloğlu vurğulamışdır ki, Azərbaycanın həm iqtisadi, həm də siyasi cəhətdən ağır vəziyyətdə olduğu bir vaxtda xalq Heydər Əliyevin Bakıya qayıtmasını və Respublikaya başçılıq etməsini tələb etmişdir, çünki, əks halda fəlakət baş verəcəkdir.

Olduqca qısa zaman ərzində böyük nüfuzu, həyat təcrübəsi, insanları dinləmək, ortaq dil tapmaq, ən ciddi problemləri belə həll etmək bacarığı sayəsində ölkədəki vəziyyəti qaydasına salmışdır. Azərbaycan iqtisadi inkişaf və rifahının yaxşılaşdırılması yoluna qədəm qoymuşdur. Respublikaya maliyyə imkanlarının axınını təmin edən “Əsrin müqaviləsi” imzalanmışdır. Beləliklə də, quruculuq işləri, inkişaf başlamışdır. Bütün Azərbaycan xalqı bugünkü Azərbaycanın memarı olan bu görkəmli şəxsiyyətə, böyük insana, xalqın oğluna çox minnətdarıq.

Çıxışının sonunda Azərbaycanın Səfiri təntənəli tədbirin təşkilinə görə holdinqin və zavodun rəhbərliyinə minnətdarlığını bildirərək, zavodun kollektivinə uğurlar və əmin-amanlıq arzulayıb.

Daha sonra tədbirdə “Metrovaqonmaş” SC-nin baş direktoru Andrey Stepnov çıxış edib.

Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən 2023-cü ilin dahi siyasətçi Heydər Əliyev ili elan edildiyini xatırladaraq, Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olarkən sənaye sahəsini kurasiya etdiyini və fəaliyyəti çərçivəsində sovet və indiki Rusiya sənayesi üçün çox böyük işlər gördüyünü bildirib.Heydər Əliyev özündən sonra çox əhəmiyyətli obyektlər və əməllər qoymuşdur. Onların sırasında Azərbaycanla uzun tarixi olan əlaqələri, 1967-ci ildən bu günə kimi Bakıya metro vaqonlarının çatdırılması yer almışdır. Bu dövr ərzində ölkəmizə 400-dən artıq vaqon çatdırılmışdır.

Daha sonra ümummilli liderin xatirə lövhəsinin önünə gül səbətləri qoyulmuşdur. Azərbaycanın nümayəndələrinin də olduğu zavodun kollektivi də gül dəstələri qoyaraq Azərbaycanın dahi oğlunun ünvanına xoş sözlər demişdirlər.