Naxçıvan Muxtar Respublikasının Bakıdakı Daimi Nümayəndəliyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş dəyirmi masa təşkil edilib.
“İki sahil” xəbər verir ki, tədbirdən əvvəl daimi nümayəndəliyin kollektivi əvvəlcə Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər. Görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın məzarı da ziyarət edilib, məzarüstü abidəsi önünə gül dəstələri qoyulub, əziz xatirəsi anılıb.
Sonra Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü, işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olmuş vətən övladlarının, həmçinin Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edərək dahi Liderə və bütün şəhidlərimizə dərin hörmət və ehtiramlarını bildiriblər.
Tədbirin əvvəlində daimi nümayəndəliyin hazırladığı Ulu Öndərə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan” sənədli filmi nümayiş olunub.
Daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov çıxışında Prezident İlham Əliyevin 2022-ci il sentyabrın 29-da Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi haqqında Sərəncamı və bununla bağlı Tədbirlər Planı barədə geniş məlumat verib.
B.Əsgərov Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə danışıb, müstəqil dövlətimizin banisi, Azərbaycan xalqının xilaskarı olan Ümummilli Lider Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən bəhs edib, onun zəngin irsinin bütün nəsillər üçün örnək olduğunu diqqətə çatdırıb, müstəqilliyimizin xilaskarı kimi tarixə düşən böyük Heydər Əliyevin siyasi irsinin bugünkü uğurlarından bəhs edib.
O deyib ki, müstəqil dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Ulu Öndər Heydər Əliyev bu gün bütün dünyada Azərbaycanın dövlətinin rəmzi kimi qəbul edilir. Hər kəs yaxşı bilir ki, böyük Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev dühası müstəqil Azərbaycanın uğurlu inkişafının təməlində dayanan əsas amildir.
B.Əsgərov qeyd edib ki, dahi Liderin 1993-cü ilin iyununda son dərəcədə ağır və taleyüklü bir zamanda Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından, tarixi xilaskarlıq missiyasına başlamasından sonra ölkəmizdə vətəndaş qarşıdurmasına, separatçı meyillərə, xaosa, anarxiyaya, hərc-mərcliyə son qoyuldu. O böhranlı aylarda, illərdə Ulu Öndər böyük Heydər Əliyev Azərbaycanı öz müstəqilliyini yenidən itirmək təhlükəsindən birdəfəlik xilas etdi. Böyük lider Heydər Əliyevin həyatı bahasına davamlı qələbələr gətirəcək yeni tarix – Azərbaycanın müstəqil dövlətçilik tarixi başlandı.
Daimi nümayəndəliyin rəhbəri qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri son dərəcə böyük, çoxşaxəli və misilsizdir. Heydər Əliyevin ən böyük xidmətlərindən biri özündən sonra xalqımıza ləyaqətlə xidmət edəcək, Azərbaycanı ona etibar edəcək bir şəxsiyyət, Prezident İlham Əliyev kimi müdrik və vətənpərvər lider yetişdirməsi olub.
Azərbaycanın yüksəlişini, beynəlxalq arenada qazandığı yüksək nüfuzunu qiymətləndirərkən böyük Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı əvəzsiz xidmətləri göz önündə canlanır. Bütün bunlar həm də onu göstərir ki, ölkəmizin strateji inkişaf kursunu yeni dövrün tələblərinə uyğun şəkildə, yüksək dinamizmlə həyata keçirən Prezident İlham Əliyev uğurlu fəaliyyətini və xalqımız qarşısında verdiyi vədləri hər gün əməli işi ilə doğruldur”, - deyə o əlavə edib.
İkinci Qarabağ müharibəsində qazanılan möhtəşəm Qələbədən, Ümummilli Lider Heydər Əliyevin zamanında əsasını qoyduğu Ordu quruculuğu siyasətinin Vətən müharibəsində əhəmiyyətinə də toxunan Bəxtiyar Əsgərov Ulu Öndərin hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycan Silahlı Qüvvələrinin qüdrətlənməsini hər zaman diqqət mərkəzində saxladığını vurğulayıb.
Daimi nümayəndəliyin rəhbəri müstəqil Azərbaycanın inkişafı naminə Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu uğurlu siyasətin davam etdirilməsində Prezident İlham Əliyevlə yanaşı, Birinci vitse-Prezident, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da müstəsna xidmətlərini qeyd edib. Diqqətə çatdırıb ki, Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən biri də müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin irsinin layiqli qorunması və təbliğidir.
Bildirilib ki, ölkəmizin dilbər guşəsi olan Naxçıvan Muxtar Respublikası da bugünkü inkişafını məhz Ulu Öndər Heydər Əliyevə borcludur. Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi müasir müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil edir.
Sonda vurğulanıb ki, Heydər Əliyev fitri istedadını, dərin zəkasını, bilik və bacarığını daim bütün azərbaycanlıların qəlbində yaşayan milli dövlətçilik ideyalarının gerçəkləşməsinə yönəltmiş, öz dövlətini və xalqını zamanın çətin sınaqlarından uğurla çıxarmış və dinamik inkişafını təmin etmiş böyük azərbaycanlı olub. Vətənə məhəbbət, Azərbaycan xalqına və dövlətinə bağlılıq onu bütün həyatı boyu fərqləndirib. Fəaliyyət göstərdiyi bütün dövrlərdə və sahələrdə böyük Heydər Əliyev daim öz doğma Azərbaycanına ləyaqətlə xidmət edib.
Digər çıxış edənlər Ulu Öndərin siyasi fəaliyyəti, ölkəyə rəhbərliyi dövründə müəyyənləşdirdiyi inkişaf strategiyası və Azərbaycan tarixindəki müstəsna xidmətlərindən, həmçinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş müstəqillik tariximizin ərsəyə gətirdiyi elmi əsərlərdən ətraflı danışıblar. Diqqətə çatdırılıb ki, dahi şəxsiyyətin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi milli dövlətçiliyimizin bünövrəsini möhkəmləndirib, dünya azərbaycanlılarının və türk dövlətlərinin həmrəyliyi üçün möhkəm zəmin yaradıb. Ümummilli Lider ölkəmizə rəhbərliyinin hər iki dövründə qadın hərəkatının təşəkkül tapmasını və həyata keçirilməsini dövlətçiliyin prioritet istiqaməti olaraq daim diqqətdə saxlayıb. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi hərtərəfli inkişaf strategiyası bu gün dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilərək ölkəmizin davamlı inkişafı təmin edilmiş, qarşıya qoyulmuş əsas məqsəd və hədəflərə nail olunub.