19 aprel 2023 22:38
516

Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi var

Ümummilli Liderimiz Heydər Əliyevin çoxcəhətli titanik, bəşəri, beynəlxalq aləmdə əks-səda doğuran siyasi-ictimai fəaliyyətini təhlil etmək bir məqalə həcmində deyil. Bu gün Azərbaycan istərsə də siyasi, istər hərbi, istər iqtisadi gücünə görə region ölkələri arasında liderdir. Bu böyük nailiyyəti bizə bəxş edən Heydər Əliyev çətin anlarda dərin zəka və idarəçilik  məharəti ilə Azərbaycanı sürükləndiyi bəlalardan qurtarmış və  irəliyə doğru aparmışdır. Məhz Heydər Əliyev demokratik, müstəqil, dünyəvi və unitar Azərbaycanda böyük siyasi və sosial-iqtisadi uğurlara nail olmuşdur. Onun idarəçilik məharəti bu islahatların düzgün aparıldığına bir dəlildir.

Bilirik ki, Azərbaycanın müstəqillik yoluna çıxması Heydər Əliyevin Naxçıvan  Muxtar Respublikası Ali Məclisinə rəhbərlik etdiyi dövrdən başlayıb. Məhz dahi rəhbər Heydər Əliyevin 1990-cı ildən sonra Naxçıvanda yaşayıb  fəaliyyət göstərməsi, apardığı müdrik siyasət Muxtar Respublikanı erməni təcavüzündən qorumuşdur. Belə bir şəraitdə dəstəyi yalnız xalq olan dahi öndər Heydər Əliyev bir daha Azərbaycanın dövlətçiliyinin qorunması üçün şücaətli addımlar ataraq dövlət  çevrilişi etmək istəyən silahlı birləşmələri ləğv etdi. Burada da idarəçilik təcrübəsi öz sözünü dedi. Qiyamçılar Heydər Əliyev - xalq birliyinin qarşısında məğlub oldular. Ümummilli Lider Heydər Əliyev  ölkədə  anarxiyaya, özbaşınalığa, qanunsuzluğa son qoydu. Dövlətçiliyimizin təməl sütunlarını möhkəmləndirdi.

Azərbaycanın başının üstünü qara buludlar alanda, təbii ki, ölkənin ağ günə çıxması sual altına düşmüşdü və belə bir çətin situasiyadan xalqı yalnız böyük siyasət adamı çıxara bilərdi. Buna görə biz xalq olaraq həmin illərdə Heydər Əliyevin Naxçıvandan Bakıya gəlməsini təkidlə tələb etdik və əlbəttə, bu addımımıza görə bəzi qüvvələr tərəfindən təqiblərə məruz qaldıq. Lakin Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycanda yenidən hakimiyyətə qayıdışı gələcək uğurlarımızın təməlini möhkəmləndirdi. Şəxsən, mən də o çətin illərdə Ulu Öndəri dəstəkləyənlərdən olmuşam və buna görə özümü çox xoşbəxt hesab edirəm. Çünki Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsini istəyən biri kimi indi aşkar görürəm ki, çox doğru qərar vermişəm. 

Hamımız yaxşı xatırlayırıq ki, hakimiyyətə gəldikdən sonra Ulu Öndər Heydər Əliyev Azərbaycanda hüquqi dövlət qurmaq üçün fəaliyyətə başladı. Azərbaycanda sivil, normal, demokratik cəmiyyət yaradılması sahəsində məqsədyönlü strategiya işləyib hazırladı.

Dahi rəhbər geniş xalq kütlələri ilə sıx əlaqəyə girməyə, onların arzu və təkliflərini dinləməyə böyük üstünlük verirdi. Heydər Əliyev hər bir rayon, təsərrüfat və müəssisə başçısını, mühəndisi,  taxılçını, pambıqçını diqqətlə dinləyir, lazımi məsləhətlər verir, onları səfərbər edirdi. O, həm də iqtisadiyyatımızın hər bir sahəsində inkişafa, xalqın sosial vəziyyətinin yaxşılaşmasına tükənməz səy göstərirdi. Bu da birmənalı onu deməyimizə tam əsas verir ki, dövlətimizin möhkəmlənməsi birbaşa Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Nə xoş ki, bu gün hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi var.

Çox sevindirici haldır ki, bu gün Ulu Öndərin uzaqgörən siyasətini onun layiqli davamçısı cənab İlham Əliyev uğurla davam etdirir. Reallıq göstərir ki, Prezident İlham Əliyev ötən illər ərzində Azərbaycanın inkişafı və güclənməsi üçün uğurlu addımlar atıb. Ən əsası da böyük bir Zəfərə imza atıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı torpaqlarımız cəmi 44 günə rəşadətli ordumuzun gücü sayəsində düşməndən geri alınıb. Dövlət başçısının əzmkarlıqla davam etdirdiyi çoxşaxəli islahatlar kursu respublika iqtisadiyyatında böyük uğurlara zəmin yaradıb, hər bir vətəndaşın həyatında irəliləyişlərə səbəb olub. Bütün bu uğurlar Prezident İlham Əliyevə ümumxalq etimadını əhəmiyyətli dərəcədə gücləndirib və elə buna görə də Heydər Əliyev siyasətinin dövlət başçımızın simasında davamı cəmiyyətin bütün təbəqələrinin istək və arzusudur.

Turan Əliyev,
Fövqəladə Hallar Nazirliyi Maddi-Texniki Təchizat İdarəsinin rəis müavini