Həyatını doğma xalqının, Vətəninin inkişafına, intibahına həsr edən, bu yolda misilsiz tarixi uğurlar qazanan Heydər Əliyev Azərbaycan dilinə həmişə xüsusi diqqət yetirib, tükənməz övlad məhəbbəti, rəhbər uzaqgörənliyi ilə qayğı göstərib
Ulu Öndər Azərbaycan dilinə yalnız adi ünsiyyət vasitəsi kimi deyil, qədim tarixi, zəngin mədəniyyəti, müasir dünyada müəyyən ictimai-mədəni mövqeyi olan bir xalqın milli sərvəti kimi yanaşırdı. Onun imzaladığı Fərman və sərəncamlar, rəhbərliyi əsasında işlənib hazırlanan və qəbul edilən qanunlar ədəbi dilimizin fəaliyyət imkanlarını daha da genişləndirmiş, dil mədəniyyətimizin qarşısında yeni üfüqlər açmışdır. Azərbaycan dilinə o tarixi xidmət bu gün daha böyük miqyasda davam etdirilir.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyev 1969-cu ildə Azərbaycanda birinci dəfə hakimiyyətə gəldikdən sonra Azərbaycan dilinin xilaskarı kimi tariximizə öz əbədi imzasını atdı. 70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycanın rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdir. Məhz Ulu Öndərin diqqət və qayğısı nəticəsində o dövrdə Azərbaycan dili ölkəmizdə dövlət dili kimi rəsmiləşmişdir. Dahi şəxsiyyətin səyi və təşəbbüsü ilə 1978-ci il aprelin 21-də qəbul edilən Azərbaycan SSR Konstitusiyasında “Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir” maddəsi əksini tapdı. Bundan sonra Azərbaycan dilinin istifadəsində və inkişafında yeni mərhələ başladı. Azərbaycan yerli dilin rəsmi dil statusuna malik olduğu azsaylı sovet respublikalarından biri idi. Bu isə nəticə etibarıilə Azərbaycandilli məktəblərin inkişafına da təkan verdi və bir sıra digər Sovet respublikalarından fərqli olaraq, Azərbaycanda gəncliyin ana dilində təhsilinə üstünlük verilməyə başlandı.
Bütün bunlar onu göstərir ki, Azərbaycan xalqı uzun illər müxtəlif təzyiqlərə məruz qalmasına, 70 il SSRİ adlanan “qırmızı imperiyanın” tərkibində olmasına baxmayaraq, öz dilinə sahib çıxaraq qoruyub. Hər bir millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir.
1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər qısa zamanda ölkədə iqtisadi, ictimai-siyasi, ideoloji-mənəvi həyatın normallaşmasına, stabilləşməsinə nail oldu. Əlbəttə ki, Ümummilli Liderimizin xüsusi diqqət yetirdiyi məsələlərdən biri də məhz dil məsələsi idi. Məsələnin ciddiliyini nəzərə alan dövlət rəhbəri mütəxəssislərin iştirakı ilə geniş müzakirələr keçirdi və həmin müzakirələr mövcud problemlərin həlli üçün kifayət qədər məhsuldar oldu. 1995-ci ildə referendumla qəbul edilən Milli Konstitusiyamızda Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirildi.
Ana dilinin böyük təəssübkeşi olan Heydər Əliyev onun tarixi keçmişi ilə yanaşı, mövcud durumunu və problemlərini daim diqqət mərkəzində saxlayır, inkişafı və qorunması istiqamətində bir-birinin ardınca fərmanlar imzalayırdı. Bu baxımdan Ulu Öndərin dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı xüsusi qeyd etmək lazımdır. Heç də təsadüfi deyil ki, sözügedən Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır.
Onu da xüsusi vurğulamaq gərəkdir ki, Ümummilli Liderin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.
2003-cü il yanvarın 2-də ümummilli lider Heydər Əliyevin Fərmanı ilə “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindi. Qanunda Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayılması, onun tətbiqinin, qorunmasının və inkişaf etdirilməsinin qayğısına qalması, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradılması məsələləri öz əksini tapdı. Bu isə Azərbaycan dilinin inkişafı yolunda daha bir yenilik idi.
Dilimizin inkişafı istiqamətində Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi işləri sadalamaqla bitməz. Ulu Öndərin dil siyasəti, dilimizin inkişafı yolunda göstərdiyi tarixi xidmətlər əsl məktəbdir və bu məktəbin təcrübəsindən daim istifadə olunacaqdır.
Bu gün müstəqil Azərbaycanda bütün digər sahələrdə olduğu kimi, ana dilimizin saflığının qorunması, daha da inkişaf etdirilməsi istiqamətində də Ulu Öndərin siyasi kursu hərtərəfli və yüksək səviyyədə davam etdirilir.
Prezident İlham Əliyev tərəfindən 2004-cü ildə imzalanan “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam əsasında hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanaraq çap edilir. Həmin il, eyni zamanda, “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci ildə “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlar imzalandı ki, bu da ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqinin gerçəkləşdiyini söyləməyə əsas verir.
“Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” (23 may 2012-ci il), “Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” (29 may 2012-ci il), “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının təsdiq olunması haqqında” (9 aprel 2013-cü il), “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” (17 iyul 2018-ci il), “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli Prezident Fərman və sərəncamlarında ana dilimizin qorunması məqsədilə həyata keçiriləcək islahatlar, hədəflər əksini tapmış, ana dilinə dövlət qayğısının artırılması, dilçilik sahəsində fundamental və tətbiqi araşdırmaların keyfiyyətinin yaxşılaşdırılması üçün əlverişli şərait yaratmaq məsələləri əks olunmuşdur.
Beləliklə, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu milli siyasətin fonunda Azərbaycan dilinin mühafizəsi və inkişafı yönündə həyata keçirilən səmərəli tədbirlər Prezident İlham Əliyev tərəfindən dövrün aktual çağırışlarına və qanunauyğunluqlarına müvafiq surətdə uğurla davam etdirilir, dilimizin qorunması və inkişafına böyük həssaslıqla yanaşılır.
Yaqut Ağaşahqızı, “İki sahil”