18 aprel 2023 22:25
596

Ulu Öndər dövlətçilik tariximizdə silinməz izlər qoydu

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin «Nə qədər ki Azərbaycan var mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam» fikirləri dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin miqyasının böyüklüyünü təsdiqləyir. Bu reallıq inkaredilməzdir ki, Ümummilli Lider 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycan adlı dövlətdən danışmaq mümkün deyildi.

Azərbaycan 1991-ci il 18 oktyabr tarixində müstəqilliyini yenidən bərpa etdi. Xalqımız bu sevinci yaşaya bilmədi.  Belə ki, müstəqilliyimizin bərpasının ilk illərində ölkəyə idarəçilik qabiliyyəti olmayan, səriştəsiz insanların rəhbərlik etməsi, öz şəxsi ambisiyalarını dövlət   maraqlarından üstün tutmaları ölkəmizi uçurumun qarşısında qoymuşdu. Azərbaycan «Olum, ya ölüm» dilemması qarşısında qalmışdı. Xalqın sabaha ümidi itmişdi. Ölkədə xaos, anarxiya, özbaşınalıq, iqtisadi böhran baş alıb gedir, torpaqlarımız işğal olunurdu. Həmin dövrdə Silahlı Qüvvələrimizin torpaqlarımızın deyil, ayrı-ayrı dairələrin maraqlarının müdafiəsinə xidmət etməsi ərazilərimizin işğalına səbəb oldu. Belə bir çətin dövrdə xalq öz xilaskarını-Ulu Öndər Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Dahi şəxsiyyət Heydər Əliyevin xalqın çağırışına səs verməsi, xalqla birlik, həmrəylik nümayiş etdirməsi sabaha olan  ümidsizliyi aradan qaldırdı. Bu fikri böyük inam və qətiyyətlə bildiririk ki,  Ulu Öndər Heydər Əliyev  istər Azərbaycan tarixində,  istərsə də xalqın yaddaşında  müasir müstəqil dövlətin simvolu kimi qalır və qalacaq.  O, Azərbaycanın yeni tarixində müstəqil dövlətin əsaslarını yaradan, onların ardıcıl  inkişafını  təmin edən  siyasi kursun və inkişaf strategiyasının müəllifidir. Onun uzun illər Azərbaycana rəhbərlik etməsinin özü Heydər Əliyev şəxsiyyətində formalaşan, müstəqilliyə və xalqına sədaqət, millilik və Vətənə məhəbbət hissindən qaynaqlanan inamın təzahürüdür. Bu fikir aforizmə çevrilib ki, SSRİ dövründə Azərbaycana rəhbərlik edən, bəşəri düşüncəli Ulu Öndər ölkəmizi qabaqcıl respublikalar sırasına çıxardığı kimi, 1993-cü ildə siyasətə qayıdışı ilə dövlətçilik tarixinin yeni mərhələsinin əsasını  qoydu.

Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə «Heydər Əliyev İli» elan edilməsi Ümummilli Liderin xidmətlərinin geniş təhlilində, gördüyü işlərin gənc nəslə çatdırılmasında əhəmiyyətli rol oynayır. Ulu Öndər Heydər Əliyev daim bu çağırışı edirdi ki, gənclər Azərbaycanın müstəqil yolunun heç də hamar olmadığını, bugünkü inkişafa, tərəqqiyə nail olmaq üçün hansı çətinliklərdən keçdiyini bilməlidir. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Prezident  İlham Əliyev bu fikirlərin davamı olaraq belə bir çağırışı edir:  «O dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi. Biz bu tarixi bilməliyik, bilirik və bundan sonra öz fəaliyyətimizi bu möhkəm təməl üzərində quracağıq, necə ki, bu vaxta qədər qurmuşuq. 1993-2003-cü illər həlledici illər olmuşdur.»

Ulu Öndərin hakimiyyətə qayıdışı ilə milli ideologiyamızın əks olunduğu dövlətçilik konsepsiyası hazırlandı. O, milyonların ürəyindən keçən istəkləri reallaşdırdı. «Belə yüksək və məsuliyyətli vəzifəni üzərimə götürərkən birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram... Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm.» söyləyən Ümummilli Liderin  Prezidentliyinin ilk mərhələsində həyata keçirdiyi islahatlar, böhran içərisində qalan Azərbaycanın iqtisadiyyatının gücləndirilməsi istiqamətində atdığı addımlar bütün sahələrdə davamlı uğurlara imza atdı.

Dahi şəxsiyyət   Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Geniş bilik və dərin təfəkkür sahibi olan Ümummilli Lider  düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Ulu Öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir. Heydər Əliyevin milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrilmiş və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edilmişdir. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur.

Ümummilli Liderin hakimiyyətinin birinci dövründə yaratdığı möhkəm təməl 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qaydışından sonra gördüyü işlərin əsası oldu. Hələ  1969-1982-ci illərdə Azərbaycanın müstəqil gələcəyini düşünən Ulu Öndər Heydər Əliyev biri-birindən əhəmiyyətli addımlar atmışdır. Azərbaycan gənclərinin keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi, hərbi kadrların hazırlanması üçün Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması görülən işlərin sırasındadır. Həmçinin o illərdə Ümummilli Lider Azərbaycan dilinin dövlət dili statusu qazanması istiqamətində səylər göstərdi. Belə ki, 70-ci illərin  ortalarından başlayaraq  SSRİ-ni təşkil edən  respublikaların  ictimai-siyasi həyatında  dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan  sonra milli dillərin  sıxışdırılması  prosesi daha da gücləndirildi. Belə bir  şəraitdə  ana dili məsələsinin  təbliği ilə məşğul olmaq  cəsarət tələb edirdi.  30-cu illərdə dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün bunlara baxmayaraq  o vaxt  Azərbaycanın rəhbəri olan  Ulu Öndər  dil məsələsində  öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdir. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük  tarixi xidmətlərindən biridir. Belə ki, Ümummilli Liderin təşəbbüsü ilə  27 aprel 1978-ci il tarixində  Azərbaycan dili dövlət dili kimi Konstitusiyada təsbit olundu.

Ulu Öndər Heydər  Əliyev azərbaycançılıq ideologiyasının inkişafından bəhs edərkən dilin öyrənilməsini və inkişaf etdirilməsini prioritet məsələ kimi qarşıya qoymuşdur. Onun 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrdə də bu istiqamətdə mühüm addımlar atıldı.  Belə ki, 1995-ci ildə  Azərbaycan Respublikasının  Konstitusiyası hazırlanarkən  dövlət dilinin necə adlandırılması  ilə bağlı  müxtəlif təkliflər irəli sürülmüşdü. Bu təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi.  Geniş müzakirələrdən sonra  1995-ci ildə  ümumxalq səsverməsi yolu ilə  qəbul edilən Konstitusiyanın 21-ci maddəsində Azərbaycan  Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır.

Göründüyü kimi, hər kəsə Azərbaycanı sevməyi öyrədən Ulu Öndər Heydər Əliyev  azərbaycançılıq ideologiyasının əsas tərkib hissəsi olan dilimizin, tariximizin, milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin öyrənilməsini  və qorunmasını vacib amil kimi önə çəkirdi.

Ümummilli Lider Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır. Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan üçün göstərdiyi xidmətlərin çəkisi və əhəmiyyəti ölçüyəgəlməz dərəcədə çoxdur. Azərbaycanın ermənilər tərəfindən elan olunmamış müharibəyə cəlb olunduğu, ideoloji blokadaya alındığı bir vaxtda-1994-cü ildə dünya ictimaiyyətinin diqqətini cəlb edən, o dövrdə çoxlarına xəyal kimi görünən «Əsrin müqaviləsi»nin imzalanması ilə üç dəniz əfsanəsini gerçəkləşdirən Ulu Öndər misli görünməmiş, mühüm əhəmiyyətli, qlobal bir layihənin müəlliflik hüququnu qazandı. Bu gün Azərbaycanın dünya miqyasında enerji təhlükəsizliyinin təminatçısı kimi tanınmasının əsasında Ulu Öndərin işləyib hazırladığı neft strategiyası, ölkənin enerji siyasətinin uğurlu həlli dayanır.

Ulu Öndərin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə biri-birindən çətin, o dövrdə həyatı əhəmiyyətli məsələlərin həlli üçün vacib olan xalqın birlik və həmrəyliyinin əsası qoyuldu. Dünya Azərbaycanlılarının I Qurultayını keçirməklə, soydaşlarımızın həmrəyliyini təmin etməklə Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında əsas amil olan diaspor quruculuğu  üçün hüquqi baza yaradıldı.

Bu gün Azərbaycana hansı sahədən baxsaq Heydər Əliyev siyasətinin uğurlarını görərik. Dahi şəxsiyyətin Azərbaycanın bu günü və gələcəyi üçün gördüyü işləri bir yazıda əhatə etmək qeyri-mümkündür. Çünki Ulu Öndər 2003-cü ildə xalqa tarixi müraciəti ilə  Azərbaycanın davamlı inkişafının əsasını qoydu. Cənab İlham Əliyevə Özü qədər inandığını bildirən Ümummilli Lider  sona çatdıra bilmədiyi işləri  xalqın və Yeni Azərbaycan Partiyasının dəstəyi ilə Onun həyata keçirəcəyinə əminliyini ifadə etdi. Son 20 ilə yaxın dövrün nailiyyətləri  Heydər Əliyev siyasətinin uğurlu nəticələridir. Bu uğurların zirvəsində dayanan tarixi Zəfərimiz Azərbaycanın  keçdiyi inkişaf yolunun təqdimatıdır.  Artıq hər zaman arzusunda olduğumuz hədəfimiz  reallığa çevrildi. Torpaq həsrətinə son qoyuldu, soydaşlarımız mərhələli şəkildə doğma yurd-yuvalarına qayıdırlar. Böyük Qayıdış proqramı uğurla icra edilir.   Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən Müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirdi.  Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində  bu gün qalib ölkənin qalib vətəndaşı olmağımızla qürur duyuruq. Tarixi ədalətə söykənərək yeni-yeni hədəflərə doğru addımlayan Azərbaycan xalqı  Qərbi Azərbaycana qayıdışımızın da reallıq olacağına əmindir.  

Cavanşir Paşazadə,
Milli Məclisin deputatı