Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, aprelin 18-də Sabirabad şəhərində “Korrupsiya ilə mübarizədə Heydər Əliyev siyasi irsi” adlı konfrans keçirilib.
“İki sahil” xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Sabirabad şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib.
Tədbir çərçivəsində, həmçinin, iştirakçılar Sabirabad rayon Heydər Əliyev mərkəzinin Muzey hissəsində Ulu öndərin zəngin dövlətçilik irsini, həyat və fəaliyyətini özündə əks etdirən eksponat və fotostendlər ilə tanış olub.
Tədbir başlamazdan öncə Ulu Öndər Heydər Əliyev və vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi konfrans iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbirdə çıxış edən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Asəf Sarıkişiyev Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə korrupsiyaya qarşı aparılmış sistemli mübarizə, həyata keçirilmiş əsaslı islahatlar, görülmüş təşkilati və preventiv tədbirlər, habelə korrupsiyaya qarşı ciddi mübarizənin aparılmasında prokurorluq orqanlarının üzərinə düşən vəzifələr barədə çıxış edib.
Konfrans zamanı çıxış edən Milli Məclisin deputatı, Baş Prokurorluğun Anti-Korrupsiya Təlim Mərkəzinin rəhbəri Kamal Cəfərov bildirib ki, korrupsiyaya qarşı mübarizə istiqamətində Heydər Əliyev qəti siyasi iradəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilməklə həyata keçirilən mövcud siyasətin əsas istiqamətini təşkil edir.
Konfrans zamanı çıxış edən Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov mötəbər tədbirin Sabirabad şəhərində təşkilindən məmnunluğunu ifadə edib.
Konfransda, həmçinin, rayon prokuroru Fəxrəddin Pənahov, məhkəmə sədri Füzuli Pənahov, Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli və digərləri dahi lider Heydər Əliyevin korrupsiyaya qarşı konkret əməli addımlarla müşahidə olunan barışmaz siyasətinin digər fəaliyyət sferalarına müsbət təsirləri barədə çıxışlar edib.
Daha sonra dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və bölgə mediası arasında operativ və səmərəli əməkdaşlığın qurulması məqsədilə fikir mübadiləsi aparılıb.
Sonda xatirə fotoşəkli çəkilib.
Tədbir çərçivəsində həmçinin bu gün media qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə Sabirabad rayon prokurorluğunun inzibati binasına press-tur təşkil olunub. İnzibati binanın infrastrukturu barədə məlumatlandırılan iştirakçılar binada əməkdaşlar üçün yaradılmış iş şəraiti ilə tanış olub. Kriminalistik avtomobil və avadanlıqlarla tanış olan qonaqlara istintaq hərəkətlərinin keçirilməsi zamanı müasir texnikadan istifadənin əhəmiyyəti izah olunub.
Sonda xatirə fotoşəkli çəkilib.