17 aprel 2023 22:28
599

MƏN HEYDƏR ƏLİYEV MƏKTƏBİNDƏ NECƏ DƏRS ALDIM

Jurnalist Aslan Aslanov 45 ildən çox Azərbaycanın müxtəlif mətbuat orqanlarında çalışıb. Ömrünün 30 ili Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə bağlı olub. Əvvəlcə agentlikdə müxbir, baş redaktor, 1997-2002-ci illərdə baş direktorun birinci müavini, 2002-2022-ci illərdə baş direktor, İdarə Heyətinin sədri işləyib.  Ulu öndər Heydər Əliyevin 1993-çü il iyunun 9-da xalqın təkidli tələbi ilə Bakıya gələrək iyunun 11-də AMEA-nın Rəyasət Heyətinin binasında xarici ölkələrin səfirləri ilə ilk görüşündən başlayaraq, 2003-cü ilədək keçirdiyi görüşlərin, qəbulların, iclasların və digər tədbirlərin, eləcə də xarici ölkələrə səfərlərinin tam əksəriyyətində AZƏRTAC-ın əməkdaşı kimi iştirak edib. 1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Hazırda təqaüddə olan Aslan Aslanovun Ulu Öndərin 100 illiyi münasibətilə yazdıgı “Mən Heydər Əliyev məktəbində necə dərs aldım” sərlövhəli xatirələrini oxuculara təqdim edirik. 

Tszyan Tszemin və Heydər Əliyev Çin Xalq Respublikası ilə Azərbaycan arasında dostluq münasibətlərinin inkişaf etdirilməsinin əsasları haqqında birgə bəyanat imzaladılar. İki ölkə arasında hava yolunun açılması, elmi-texniki və mədəni əməkdaşlıq, təbabət, radio və televiziya, turizm sahəsində qarşılıqlı fəaliyyət haqqında sazişlərə də imza atıldı.

Çin Xalq Respublikasının sədri Azərbaycan mətbuat nümayəndələrinin suallarına cavabında bildirdi ki, Prezident Heydər Əliyevlə çox səmərəli danışıqlar aparıldı. Ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi üçün real imkanlar var. Əməkdaşlığın inkişaf perspektivləri hər iki tərəf üçün çox faydalı görünür.

Azərbaycan Prezidenti martın 8-də sübh tezdən Çin səddinə getdi və dünyanın yeddi möcüzəsindən biri olan bu möhtəşəm abidənin uca dağlarda yerləşən qalalarının bir neçəsinə qalxdı. Çəkilməsinə eramızdan əvvəl başlanılmış nəhəng sədd Çin dövlətinin sərhədlərini köçəri xalqların hücumlarından qorumaq və karvan yollаrının təhlükəsizliyini təmin etmək məqsədi daşıyırdı. Səddin uzunluğu təxminən 5 min kilometr, divarları 6 metrdən də hündürdür. Sədd boyunca gözətçi bürcləri, əsas dağ keçidlərində isə qalalar var.

Qədim əsrlərin yadigarı olan nadir memarlıq incisi ilə maraqla tanış olduqdan sonra öz iqamətgahına qayıdan Prezident Heydər Əliyev Çin Xalq Respublikası Dövlət Şurasının üzvü, İqtisadi İslahatlar üzrə Dövlət Komitəsinin sədri Li Tеini qəbul etdi.

İqtisadi İslahatlar sahəsində ÇXR-in zəngin təcrübəsi var və onun dərindən öyrənilməsi gənc müstəqil Azərbaycan dövləti üçün çox faydalıdır. Son 15 ildə Çində iqtisadi islahatların gedişi, mexanizmi və istiqamətləri haqqında geniş məlumat verən Li Tеin bildirdi ki, maddi istehsalın əsaslarının dəyişdirilməsi ilə başlanmış bu proses tədricən ölkə iqtisadiyyatının bütün sahələrini əhatə edib. Bu zaman sosializmin Çin variantı bazar iqtisadiyyatı ilə üzvi surətdə birləşmiş və nəticədə iqtisadi münasibətlərin Çin modeli yaranmış, ölkədə müxtəlif mülkiyyət formalarının azad rəqabəti başlanmışdır.

Heydər Əliyevin xahişi ilə Li Tеin Çin Xalq Respublikasında həyata keçirilmiş iqtisadi islahatların konkret növləri və mexanizmi, əsas istiqamətləri barədə geniş məlumat verdi. Görüşün konkret nəticəsi ondan ibarət oldu ki,   Azərbaycan nümayəndə heyətinin tərkibindəki hökumət, parlament üzvlərindən və mütəxəssislərdən ibarət xüsusi işçi qrupu yaradıldı, qrupun üzvləri Çin Xalq Respublikasının Dövlət Komitəsinə getdilər. Orada islahatlar mexanizminin ayrı-ayrı çalarlarını öyrəndilər, lazımi sənədlər və təlimatlarla yaxından tanış oldular.

İqtisadi islahatlar sahəsində Çinin təcrübəsi nəinki Asiya ölkələrinin, hətta ABŞ-nin və bir çox Qərb ölkələrinin də diqqətini çəkməyə başlamışdı. Bəzi problemlərə, ötəri narazılıqlara baxmayaraq Rusiya-Çin iqtisadi əməkdaşlığı da yüksələn xətlə inkişaf edir.

ÇXR Dövlət Şurasının Baş naziri Li Pеn ilə çox səmimi və mehribanlıqla keçən görüşdə də ölkələrimizin iqtisadi əməkdaşlıq sahəsində əlaqələrinin möhkəmləndirilməsi, daha doğrusu, iqtisadi münasibətlərin yeni mərhələsinin başlanması məsələsi ətraflı müzakirə olundu və müvafiq razılıq əldə edildi. Əslində Çin hökuməti də Cənubi Qafqazda böyük strateji əhəmiyyətə malik Azərbaycanla həm iqtisadi, həm də bir sıra digər sahələrdə əməkdaşlığı genişləndirməkdə çox maraqlı görünürdü.

Görüşdə Ermənistanın Azərbaycana təcavüzü, müharibənin gedişi, ərazilərimizin işğal olunması barədə də söhbət açıldı. Heydər Əliyev münaqişənin əsl mahiyyəti barədə Li Pеndə müəyyən təəssürat yaratdı. Baş nazir bildirdi ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Çin Azərbaycanın ərazi bütövlüyünü tanıyır və onun haqq işini davamlı müdafiə edəcək. Görüşdə Çin Xalq Respublikasının ölkəmizə ayıracağı kredit və digər qarşılıqlı faydalı əlaqələr barədə də geniş fikir mübadiləsi aparıldı.

Prezident Heydər Əliyev günortadan sonra Pekində ərazisinin böyüklüyünə görə dünya muzeyləri arasında ön sırada olan “Ququn” muzeyində oldu. “Ququn”u şəhər içərisində şəhər də adlandırırlar. Keçmiş imperatorların yaşadığı bu iqamətgahda üç nəhəng salon var. Salonlar da, ərazidəki yardımçı binaların əksəriyyəti də ağac materialından inşa olunub. İmperatorun oturduğu taxtlar indiyədək saxlanılır. Muzey əslində o vaxt təmir-bərpa işlərinə görə bağlansa da, Prezident Heydər Əliyevə hörmət əlaməti olaraq eksponatlarla tanışlıq üçün şərait yaradıldı.

Çin mətbuatı Azərbaycan Prezidentinin səfərinin işıqlandırılmasına xüsusi diqqət yetirir, ölkə televiziyaları hər axşam öz verilişlərində Heydər Əliyevin keçirdiyi görüşlərə, apardığı danışıqlara geniş yer ayırırdı. Qəzetlər Azərbaycan Prezidentinin səfəri ilə bağlı materialları əsasən birinci səhifələrdə dərc edirdilər. Bir çox xarici ölkələrin jurnalistləri səfəri operativ işıqlandırmaq üçün Pekinə gəlmişdilər. Hiss olunurdu ki, xarici mətbuat orqanlarının görkəmli dövlət xadimi Heydər Əliyevə marağı getdikcə daha da artır. Ona görə də Prezidentin martın 8-də axşam öz iqamətgahında keçirdiyi mətbuat konfransında həm ÇXR-dən, həm də bir sıra xarici ölkələrdən xeyli jurnalistlər toplaşmışdı.

Çin rəhbərliyi dövlətlərin sərhədlərinin zorakılıqla dəyişdirilməsinin və onların ərazi bütövlüyünə qəsd edilməsinin yolverilməzliyi barədə öz qəti mövqeyini təsdiq etmişdir. Bakı üçün son dərəcə vacib olan bu mövqeyin açıq şəkildə ortaya qoyulması və yüksək səviyyəli görüşlərdə bəyan edilməsi Azərbaycan Prezidentinin Çinə səfərinin diplomatik uğurlarından biri kimi qeyd edilməlidir.

Heydər Əliyevin daha bir fikri də jurnalistlərin marağına səbəb oldu. O dedi ki, iki ölkənin ali rəhbərliyi səviyyəsində xoş münasibətlərin yaradılmasına imkan verən bu səfər öz tarixində çətin dövr keçən Azərbaycanla Çin arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün yeni perspektivlər açmışdır. Azərbaycan beynəlxalq sistemdə və dünya siyasətində Çinin mühüm yer tutduğunu nəzərə alaraq buna olduqca böyük əhəmiyyət verir.

Heydər Əliyev həmçinin vurğuladı ki, ÇXR sədri Tszyan Tszemin və Çin Xalq Respublikasının Dövlət Şurasının Baş naziri Li Pеn ilə söhbət respublikamızda və bütövlükdə bölgədə vəziyyət barəsində, ən əvvəl Ermənistan-Azərbaycan silahlı münaqişəsi barədə ətraflı danışmağa imkan yaratdı. Azərbaycanın mövqeyini jurnalistlər qarşısında bir daha bəyan edən Prezident dedi: “Biz müharibə istəmirik. Hərbi əməliyyatların dayandırılmasına çalışırıq. Münaqişənin sülh yolu ilə aradan qaldırılması sahəsində səylərimizi davam etdiririk. Erməni silahlı birləşmələrinin işğal olunmuş ərazilərimizdən qeyd-şərtsiz çıxarılması, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və müharibənin dayandırılması labüd şərtdir. Qarabağın statusuna yenidən baxılması da məhz bu şərtlərin yerinə yetirilməsindən asılıdır.

Prezident Heydər Əliyev Çin Xalq Respublikasında işgüzar dairələrin nümayəndələri ilə görüşlərə də xüsusi vaxt ayırırdı. Martın 9-da Beynəlxalq Ticarətin İnkişafına Yardım Komitəsində ölkənin ən nüfuzlu şirkətlərinin rəhbərləri ilə görüşən dövlətimizin başçısı ÇXR-in sədri ilə apardığı danışıqların nəticələrini yüksək qiymətləndirərək əminliklə dedi ki, ölkələrimiz arasında bağlanmış müqavilələr hər iki tərəf üçün faydalı əməkdaşlığın genişlənməsinə güclü təkan verəcək.

Əhalisinin sayına, ərazisinə və beynəlxalq aləmdəki mövqeyinə görə dünyada ən sanballı, ən nüfuzlu ölkələrdən biri olan Çinin azad bazar münasibətləri sahəsindəki zəngin təcrübəsini yüksək qiymətləndirən Heydər Əliyev müstəqillik yoluna yenicə qədəm qoymuş və demokratiya, sərbəst bazar iqtisadiyyatı yolunu seçmiş Azərbaycanın bu təcrübənin öyrənilməsinə xüsusi əhəmiyyət verdiyini bildirdi. Onu da diqqətə çatdırdı ki, bir sıra ölkələrlə əməkdaşlıq edən Azərbaycan Çin üçün Avropa və Asiya bazarlarına körpü rolunu oynaya bilər.

/Ardı var/