Ölkəmizdə bazar münasibətlərinə xas olan iqtisadi idarəetmə proseslərinin təşkili və idarə olunması sahəsində məqsədyönlü tədbirlər həyata keçirilməkdədir. Həmin tədbirlər içərisində iqtisadiyyatın sahə strukturunun düzgün əlaqələndirilməsi, aparıcı sahələrin hüquqi tənzimlənməsinin diqqətdə saxlanılması, yeni prioritetlər üzrə əlverişli zəminlərin nəzərə alınması, iqtisadi resurslardan məqsədyönlü istifadə olunmasının müəyyən olunması və bəhs olunanlardan milli iqtisadiyyatın uzunmüddətli perspektivləri naminə faydalı yararlanması zəruriliyi ilə seçilməkdə idi. Təbii olaraq, bu istiqamətlərin səmərəli təminatı məqsədilə, iqtisadiyyatın aparıcı sahələri olaraq, kənd təsərrüfatının və sənayenin istər əlaqəli, istərsə də, ayrı-ayrılıqda inkişaf perspektivlərinin nəzərə alınması dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilmişdir. Bu, bir həqiqətdir ki, hələ XX yüzilliyin 90-cı illərinin əvvəllərində bütövlükdə ölkəmiz miqyasında iqtisadiyyatın inkişaf perspektivlərinin müəyyən olunması sahəsində həyata keçirilmiş olan tədbirlər öz başlanğıcını Naxçıvan Muxtar Respublikasından götürdü ki, bununla da mahiyyət və nəticə etibarilə kənd təsərrüfatının müasir iqtisadi münasibətlərə xas təşəkkülü mümkün oldu. Təbii olaraq yaradılmış əhəmiyyətli mühitlə, iqtisadiyyatın digər aparıcı sahəsi olan sənayenin davamlı perspektivlərinə zəmin açılmış oldu. Həmin dövrlər ərzində muxtar respublikada sənaye əhəmiyyətli tədbirlərin, xüsusilə də, onun xammal bazası olaraq, çıxış edəcək olan kənd təsərrüfatının davamlı inkişafı məqsədilə islahatlara start verildi. Bu islahatlar, ilkin olaraq, əkinçilik və heyvandarlıq sahələri üçün xarakterik oldu.
Təbii ki, bu amil, güvənilir başlanğıc olmaqla, sonrakı mərhələlər üzrə sənaye təsisatlarının yaradılması ilə daha mütərəqqi mahiyyət kəsb etməyə başladı. Kənd təsərrüfatının inkişafı yeni təsərrüfatçılıq imkanlarının yaradılması ilə aqrar bölmənin sənaye inteqrasiyası fonunda milli iqtisadiyyata şaxələnmə və müqavimətlilik gətirməkdə idi. Tam və təkmil olaraq aqrar sənaye inteqrasiyası təmin olunurdu. Bununla da sənayenin özü müstəqil və aparıcı sahəyə çevrilirdi. Eyni zamanda, bu, sənayenin sahə strukturunda çoxistiqamətli fəaliyyət mühitinin güclü əsaslarının yaradılmasına təkan olmaqda idi. Ardıcıl sosial və iqtisadi proseslər müstəvisində sənayenin inkişaf perspektivlərinin müəyyən olunması daha mütərəqqi inkişaf layihələrinin təməllərini yaratmaqda idi.
Bu dövrlərdən başlayaraq milli iqtisadiyyat üçün strateji mahiyyət kəsb etmiş olan neft sənayesinin uzunmüddətli perspektivləri müəyyən olundu. 1994-cü ildə tarixə Heydər Əliyevin neft strategiyası kimi düşən “Əsrin müqaviləsi” imzalandı. Yəni, sənaye artıq müasir müstəqilliyimizin ilk illərindən etibarən makroiqtisadi əhəmiyyətliliyinə görə aktuallıq kəsb etməyə başlamışdı. Məhz bu dövrlər çoxnövlü mülkiyyət münasibətlərinə xas olan idarəetmə əsasında sənaye üçün də müqavimətli potensialın yaradılmasına təminat yaranmış oldu. Bununla da neftlə yanaşı, sənayenin nəqliyyat, tikinti, turizm, hərbi və digər çoxistiqamətli sferaları ilə bağlı şaxələndirilməsi üzrə perspektivlər təmin olundu.
Geridə qalan illər Ümummilli Lider Heydər Əliyevin müasir iqtisadi idarəetmənin ən təkmil metod və mexanizmlərinin işləkliyi üçün, eyni zamanda, bazar münasibətlərinin inkişafı məqsədilə həyata keçirdiyi tədbirlərin olduqca zəruri tərəflərini ifadə etməkdədir. Bu mənada da dahi Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin başçılıq etdiyi 1993-2003-cü illər milli iqtisadi və dövlət quruculuğu prosesləri üçün çox zəruri nəticələrinə görə yadda qalmışdır. Belə ki, 1993-cü ildə ikinci dəfə dövlətimizin rəhbəri olaraq fəaliyyətini xalqımıza xidmət üzərində quran Ulu Öndər, 1994-cü ildən etibarən milli iqtisadiyyat üçün yeni keyfiyyət mərhələsinin əsaslarını da müəyyən etmiş oldu. Bunu, bəhs olunan illər üzrə ölkədə istehsal olunan sənaye məhsulunun həcmi də göstərməkdədir.
Təhlillər nəticəsində aydın olur ki, təkcə 1994-1995-ci illər ərzində istehsal olunan sənaye məhsulunun həcmi 8 dəfə artmışdır. Bu göstərici bir çox tərəflərinə görə əlamətdar nəticədir. Hər şeydən əvvəl bu, Ümummilli Liderin uzaqgörən siyasi və dövlətçilik təcrübəsi əsasında təşəkkül tapan müasir iqtisadi siyasətin güclü dayaqlarının ifadəsini təqdim edirdi. Eyni zamanda, məhz bu əsasda, yaradılmış olan siyasi sabitlik özü ilə birlikdə davamlı iqtisadi inkişaf üçün etibarlı istinad nöqtəsinə çevrildi və artıq 1995-ci ildən etibarən başlanmış olan iqtisadi islahatlar, o cümlədən, dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesləri müstəvisində daha perspektivli bir mərhələnin əsasları qoyuldu. Sonrakı illər ərzində də bu artım dinamikası qorunmuş və müasir milli iqtisadi prioritetlərin təməl prinsipləri olaraq çıxış etmişdir. Diqqət etdikdə aydın olur ki, bütövlükdə 1994-2003-cü illər ərzində yaradılmış olan sənaye məhsulunun həcmində 22 dəfəlik artım qeydə alınmışdır. Bu dinamika istinad olunan hər bir il üzrə də özünü göstərmişdir.
Təbii olaraq 1994-2003-cü illər ərzində yaradılmış sənaye məhsulu sonrakı dövrlər üzrə daha mütərəqqi nəticələr üçün bazaya çevrildi. Bununla da həmin baza əsasında iqtisadi inkişafın yeni mərhələsi üçün hədəflər müəyyən olunmuşdur. Təbii olaraq burada 2004-cü ildən etibarən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının təsdiq olunması milli iqtisadiyyatın uzunmüddətli perspektivlərinin təşəkkülü, sosiallaşmaya və sənayeləşməyə əsaslanmış olan iqtisadiyyatın möhkəmləndirilməsinə stimul yaratmışdır. Bunun da nəticəsində ölkənin iqtisadi rayonlarında sənaye parkları və məhəllələrinin yaradılması proseslərinə uğurla başlanılmış və bu proseslər, makoiqtisadi inkişafın hərəkətverici qüvvəsinə çevrilmişdir. İndiki iqtisadi inkişaf mərhələsində ölkənin milli iqtisadiyyatında 7 sənaye parkı və 5 sənaye məhəlləsinin rolunu da görməkdəyik. Olduqca sevindirici hal həm də ondan ibarətdir ki, yaradılmış olan sənaye parklarının 2-si işğaldan azad olunan ərazilərimizin payına düşməkdədir. Hər iki iqtisadi idarəetmə qurumunun təsis olunmasında mühüm məqsəd sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən ibarət olmaqdadır. Bu məqsədlə ilk olaraq zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabət qabiliyyətli məhsul istehsalı və xidmət göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazilərin ayrılması təmin olunmuşdur. Eyni zamanda, həmin potensial üzrə səmərəli idarəetməyə malik olmaqla, kiçik və orta sahibkarlar tərəfindən məhsul istehsalı və xidmət göstərilməsi üçün istifadə olunan ərazilərin müəyyən olunması mümkün olmuşdur.
Bu qeyd olunan amillər Ulu Öndərin həmişəyaşar siyasəti və ideyaları əsasında reallaşmaqdadır. Sənayenin bu əsaslar üzərində qərarlaşması 2003-cü ildən başlayaraq yeni keyfiyyət mərhələsi müstəvisində milli iqtisadiyyat üzrə perspektivlər müəyyən olundu və sənayenin inkişaf göstəriciləri artan dinamikada davam etdi. Bunlarla yanaşı, 2004-cü ildən başlayaraq, ölkəmizdə regional inkişaf üzrə Dövlət proqramlarının icra mexanizmlərinin müəyyən olunması sənayenin inkişafı istiqamətində mühüm bir mərhələ oldu. 2004-cü ildən etibarən icrasına başlanan Dövlət proqramlarının artıq dördüncü mərhələsi də tamamlanmaq üzrədir. Aşağıdakı şəklin məlumatlarında Dövlət Statistika Komitəsinin məlumatları əsasında 2004-2021-cü illəri əhatə etməklə istehsal olunan sənaye məhsulunun həcmi təqdim olunur.
Təhlillər nəticəsində aydın olur ki, 2004-2021-ci illər ərzində istehsal olunan sənaye məhsullarının həcmi 9,3 dəfə artmışdır. Şəklin məlumatlarına diqqət edərkən regional inkişaf üzrə Dövlət proqramlarının icrasına başlanıldığı hər il üzrə dinamik artım diqqəti çəkməkdədir. Həmin təhlilləri davam etdirdikdə, aydın olur ki, sənaye məhsulunun həcmi 2004-2009-cu illərdə 4, 2009-2014-cü illərdə 1,4 dəfədən artıq, 2014-2019-cu illərdə 1,5, 2019-2021-ci illərdə isə 1,2 dəfə artmışdır. Bunu şəkil 4-ün məlumatlarında da görmək olar.
Buradan da aydın olur ki, Azərbaycan Respublikasında milli iqtisadiyyat üzrə uzunmüddətli perspektivlərin müəyyən olunmasında sənayenin rolu olduqca böyükdür. Bu potensial, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müəyyən etmiş olduğu davamlı iqtisadi inkişaf strategiyasının əsasında müəyyən olunmaqdadır. Təbii olaraq, bütün bunlar, müasir dünya iqtisadiyyatının çağırışları ilə səsləşməkdədir.
Beləliklə, ölkəmiz Ümummilli Liderimiz böyük Heydər Əliyevin anadan olmasının 100-cü ilində daha mütərəqqi və qürurverici inkişaf yolunu keçməkdədir. Dövlət başçısı cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü iqtisadi inkişaf siyasəti qarşıdakı mərhələlər üzrə uzunmüddətli hədəfləri daha da əlçatan edəcəkdir. Bunu ölkəmizin regional və beynəlxalq layihələrin həm də müəllifi olaraq, əldə etmiş olduğu uğurlar da göstərməkdədir.
Cavadxan Qasımov,
Naxçıvan Dövlət Universitetinin dosenti,
iqtisad üzrə fəlsəfə doktoru