16 aprel 2023 14:39
440

Dövlət İdarəçilik Akademiyası tərəfindən Hərbi Prokurorluğunun əməkdaşları üçün təlim keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında nəzərdə tutulan tədbirlər planına uyğun olaraq, dövlət müəssisələrində çalışanlar üçün təlimlərin keçirilməsi planlaşdırılır.

Akademiyadan "İki sahil"ə bildiriblər ki, bu məqsədlə Hərbi Prokurorluğun əməkdaşları üçün Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov tərəfindən “Dövlət idarəçiliyində Heydər Əliyev fenomeni və müasir Azərbaycanın davamlı inklüziv inkişafı” mövzusunda təlim keçirilib.

Akademik U.Ələkbərov çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında müstəsna xidmətlərindən, zəngin siyasi irsinin, dövlət idarəçilik təcrübəsinin əhəmiyyətindən danışıb. O qeyd edib ki, Azərbaycan Respublikası son illərdə iqtisadi, sosial və humanitar inkişaf, eləcə də ölkənin təhlükəsizliyinin təmin edilməsi sahələrində ən yüksək nailiyyətlər qazanıb. Bu nailiyyətlər Azərbaycanda tətbiq edilən innovativ dövlət idarəçiliyi texnologiyalarının, uğurla həyata keçirilən insan inkişafı siyasətinin, ardıcıl və məqsədyönlü islahatların, dövlət qulluğu sistemi üçün yüksək səviyyəli kadr potensialının formalaşdırılması və səfərbər olunmasının məntiqi nəticəsidir. Bütün bu proseslərin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Prezident İlham Əliyev isə bu siyasəti uğurla inkişaf etdirərək yeni səviyyəyə yüksəldib.

U.Ələkbərov davamlı inkişaf, inklüziv cəmiyyətin formalaşması üçün dövlət idarəçiliyinin yeni texnologiyaları sahəsində ölkəmizin qazandığı uğurları diqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycan Respublikası qlobal miqyasda prioritet kimi qəbul edilən inklüziv inkişafın səmərəli planlaşdırılması və idarə olunması üzrə dünya lideridir. İnklüziv inkişaf sahəsində Azərbaycanın yüksək göstəricilər əldə etməsinin və sosial siyasətin reallaşdırılması baxımından dünya liderinə çevrilməsinin təməlində Prezident İlham Əliyevin innovativ dövlət idarəçiliyi strategiyası dayanır. Qazanılan uğurların 44 günlük Vətən müharibəsindəki parlaq Qələbədə böyük rolu olub.

Bildirilib ki, Azərbaycanın hazırkı davamlı inkişafı dövlət idarəçiliyi sahəsində reallaşdırılan ardıcıl uğurlu islahatların nəticəsidir.

Rektor ölkəmizin qazandığı uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən fəaliyyətin əhəmiyyətini vurğulayıb.