Müasir müstəqil dövlətimizin memarı və qurucusu, adı Azərbaycanın rəmzi kimi qəbul edilən Ulu Öndər Heydər Əliyev dünya miqyasında siyasi nəhəngliyi etiraf edilən şəxsiyyətlərdəndir. Odur ki, Ümummilli Liderin adı bu gün də beynəlxalq aləmdə, o cümlədən türk dünyasında hörmətlə çəkilir, xatirəsi sevgi ilə anılır. Üstəlik, dünya miqyasında Ulu Öndərin əziz xatirəsi əbədiləşdirilir. Məsələn, hazırda Misirin, Serbiyanın, Rumıniyanın, Rusiyanın, Türkiyənin və digər ölkələrin müxtəlif şəhərlərində Ümummilli Liderin adını daşıyan bu və ya digər məkanlar vardır.
Bu gün də bu istiqamətdə işlər davam etdirilir. Belə ki, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin tapşırığına əsasən, Astana şəhərinin ən iri küçələrindən birinə Qazaxıstan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin təşəkkülünə və möhkəmlənməsinə qiymətli töhfələr bəxş etmiş Ulu Öndər Heydər Əliyevin adı verilib. 1400 metr uzunluğunda olan həmin küçədə bir monument də ucaldılıb. Monumentin üzərindəki yazını oxumaqla Ümummilli Lider Heydər Əliyevin həyatı haqqında məlumat əldə etmək mümkündür. Şübhəsiz, belə bir küçənin “Heydər Əliyev İli” çərçivəsində açılması xüsusi önəm kəsb edir.
Bundan əlavə, Qazaxıstan Teleradio Korporasiyası tərəfindən Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolundan bəhs edən “Görkəmli həyat” adlı sənədli film çəkilib. Qazax və rus dillərində təqdim olunan həmin filmin ana xəttini “ Heydər Əliyevin adı Azərbaycanın əsl rəmzi olub” fikri təşkil edir. Bundan başqa, qardaş ölkədə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş marka da buraxılıb. Qazaxıstan Ulu Öndər Heydər Əliyevlə bağlı həyata keçirilən bu tədbirlərlə kifayətlənmək fikrində deyil. Belə ki, bu il qardaş ölkədə görkəmli dövlət xadimi Heydər Əliyevin 100 illiyinə həsr olunmuş bir sıra xatirə tədbirlərinin təşkili də gündəmdədir.
Yeri gəlmişkən qeyd edək ki, siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlıq etdiyimiz Qazaxıstan Qarabağ məsələsində həmişə ölkəmizin yanında olub, haqlı mövqeyimizi beynəlxalq aləmdə dəstəkləyib. İkinci Qarabağ müharibəsindən sonra bu qardaş ölkə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən quruculuq işlərinə öz töhfəsini verməyə çalışıb. Belə ki, Füzuli şəhərində Qazaxıstanın “Bİ-Group” Holdinqi tərəfindən qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq İnkişafı Mərkəzi inşa olunur. Həmin obyektin bu yaxınlarda istifadəyə verilməsi gözlənilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu, Qazaxıstanın Azərbaycana hədiyyəsidir, Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq: “Xüsusən indi - biz 30 illik işğaldan sonra 10 min kvadratkilometrdən artıq ərazinin praktiki olaraq sıfırdan başlayaraq bərpa etməli olduğumuz vaxtda”.
Azərbaycan Prezidenti ötən il avqustun 24-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkəmizdə səfərdə olarkən mətbuata bəyanatında bu məsələdən söz açarkən bildirmişdi ki, bu, eyni zamanda, Qazaxıstanda keçmiş məcburi köçkünlərin qayıtması probleminə nə dərəcədə səmimi münasibət bəsləndiyini, bu problemin qazax xalqı üçün də nə dərəcədə aktual olduğunu göstərir. Şübhəsiz, işğaldan azad edilmiş Azərbaycan torpaqlarının bərpasına belə bir töhfə verməyin özü ölkəmizin mövqeyinin müdafiəsidir ki, Qazaxıstan bunun tam təmənnasız, özü də xeyli dərəcədə rəmzi anlam daşıyacaq nümunəsini ortaya qoyub.
“Heydər Əliyev İli”ndə həm Azərbaycanda, həm də Qazaxıstanda həyata keçirilən bütün bu tədbirlər dünya şöhrətli siyasətçimizin xatirəsinə, həmçinin Azərbaycan xalqına hörmətin, dostluğun, qardaşlığın əyani təzahürüdür. Elə Ulu Öndər də qardaş qazax xalqına xüsusi münasibət və sevgi bəsləyirdi. O, qazax xalqının ənənələrini, adətlərini yaxşı bilir, onun mədəniyyətinə, çoxəsrlik tarixinə hörmət bəsləyir, qazaxlarla azərbaycanlıların qardaşlığını yüksək qiymətləndirirdi. Anadan olmasının 100-cü ildönümünün Qazaxıstan xalqı tərəfindən beləcə qeyd edilməsi Ümummilli Liderin bu ölkənin tarixindəki müstəsna rolunun adekvat dəyərləndirilməsidir. Aprelin 10-da Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimində çıxış edən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu məqama toxunaraq demişdir ki, Heydər Əliyev kimi dünya miqyaslı şəxsiyyətlərin xatirəsini əbədiləşdirmək və qorumaq bizim borcumuzdur. Bu, Azərbaycan xalqının böyük oğluna bizim səmimi münasibətimizin və ehtiramımızın əlamətidir.
Qvami Məhəbbətoğlu, “İki sahil”