Ermənilərin 11 aprel təxribatı Azərbaycan Ordusunun qüdrətini bir daha nümayiş etdirdi
Aprelin 11-də ermənilərin Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərinə qarşı törətdikləri növbəti təxribatın qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimiz tərəfindən həyata keçirilən zəruri cavab əməliyyatı hərb tariximizə yazılacaq daha bir qəhrəmanlıq səhifəsi oldu. Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində düşmənin xüsusi təyinatlı korpusunun bölmələrinin genişmiqyaslı hücum cəhdinin iflasa uğraması, onların ciddi itkilər verərək geri çəkilmələri və atəş mövqelərinin susdurulması Hayastan hakimiyyətinin uzun müddətdir qurduğu planları alt-üst etməklə yanaşı, göstərdi ki, 44 günlük Vətən müharibəsindən ötən müddətdə Azərbaycanın hərbi qüdrəti və ordumuzun döyüş qabiliyyəti daha da artıb. Dəfələrlə edilən xəbərdarlıqlardan dərs almayan işğalçı Hayastan növbəti dəfə qəhrəman Azərbaycan əsgərinin gücünə şahid oldu.
Silahlı toqquşmanın detallarına və başvermə şəraitinə diqqət yetirdikdə məlum olur ki, ermənilər bu təxribata əvvəlcədən hazırlaşıblar. Hayastanın xüsusi təyinatlı korpusunun komandiri Armen Gözəlyanın da hadisə yerində olması, əməliyyata rəhbərlik etməsi və hətta bəzi mənbələrə görə, mövqelərimizə hücum əmrini şəxsən verməsi atəşkəsin təsadüfən pozulmadığını, əməliyyatın uzun müddətdir planlaşdırıldığını göstərir. Görünür, Hayastan rəhbərliyinin əsas hədəfi qısamüddətli və sürətli hücumla Azərbaycan Ordusunun iki ölkənin sərhədindəki mövqeyindən müəyyən qədər geri çəkilməsinə nail olmaq idi. Bəs bu planın reallaşması düşmən ölkənin siyasi hakimiyyətinə, xüsusilə baş nazir Nikol Paşinyana hansı səbəblərdən lazım ola bilərdi?
Əvvəla, sərhəddə əldə ediləcək cüzi uğur belə Paşinyana ölkə daxilində get-gedə azalan nüfuzunu qaldırmaq, artan narazılıqların qarşısını almaq üçün yaxşı fürsət ola bilərdi. Hayastanın baş naziri Milli Məclisin son iclaslarının birində özü də etiraf etmişdi ki, rəhbərlik etdiyi partiyanın reytinqi xeyli aşağı düşüb. Hakimiyyəti zorla ələ keçirəndə vəd etdiyi sosial və demokratik islahatların tam olaraq aparılmaması, yaxud aparılan islahatların gözlənilən nəticələri verməməsi, üstəlik sosial problemlərinin həll olunmaq əvəzinə dərinləşməsi xalqın Paşinyana olan inamını sarsıtmaqdadır. Digər tərəfdən, rəsmi İrəvanın son dövrlər yürütdüyü qeyri-müəyyən xarici siyasət, baş nazirin bu siyasəti sayəsində ölkənin Qərbin və Rusiyanın maraqlarının toqquşduğu bölgəyə çevrilməsi də birmənalı qarşılanmır. Məhz belə bir məqamda Paşinyana hər hansı kiçik hərbi uğur hava-su kimi lazım idi.
İkincisi, Hayastanın baş naziri təmas xəttində müəyyən üstünlük qazanmaqla sülh danışıqlarının ABŞ-da və ya Rusiyada keçirilməsi nəzərdə tutulan növbəti mərhələsinə “əlidolu” yollanmaq istəyirdi. Ehtimal ki, təxribat planının baş tutacağı təqdirdə qarşıdakı danışıqlarda rəsmi İrəvana cüzi dividendlər qazandırmasına hesablanmışdı.
Üçüncüsü isə Paşinyan hakimiyyəti sərhəddə atəşkəsin pozulmasından Avropa İttifaqının (Aİ) hazırda Hayastanda fəaliyyət göstərən mülki missiyası vasitəsilə Azərbaycan əleyhinə rəy formalaşdırmağı hədəfləyirdi. Son günlər həm Hayastanın siyasi rəhbərliyi, həm də düşmən ölkə mətbuatı vasitəsilə guya Azərbaycanın Ermənistana hücuma hazırlaşdığı barədə rəy formalaşdırmağa, paralel olaraq Aİ missiyasını bu rəyə hazırlamağa çalışmaları da son ehtimalı gücləndirən amillərdir.
Beləliklə, 11 aprel təxribatının hansısa adi qarşıdurma səbəbindən baş vermədiyi dəqiqdir. Ancaq düşmən əməliyyatı planlaşdırarkən iki məqamı nəzərə almayıb: Azərbaycan əsgərinin peşəkarlığını, öz mövqeyində necə ayıq-sayıq dayandığını, hər cür təxribata hazır olduğunu və hətta ən ucqarda yerləşən postlarımızda belə köməyə ehtiyac yarandığı təqdirdə ordumuzun arxada yerləşən qüvvələrinin çevik və operativ şəkildə hadisə yerinə gələ bilmək imkanlarını. Məhz bu məqamlar düşmənin arzusunu növbəti dəfə gözündə qoydu, təxribatı törədən Hayastanın xüsusi təyinatlı qüvvələri ağır itkilər verərək geri çəkilmək məcburiyyətində qaldı. Ermənistan Müdafiə Nazirliyinin, təbii ki, həmişə olduğu kimi əsl itkiləri tam əks etdirməyən məlumatına görə, 11 aprel təxribatının nəticəsi olaraq 4 erməni zabiti məhv edilib, 3-ü ağır olmaqla Hayastanın xüsusi təyinatlı korpusunun komandiri Armen Gözəlyan da daxil 6 nəfər yaralanıb.
11 aprel təxribatı bir daha göstərdi ki, ordu quruculuğu sahəsində həyata keçirilən islahatların məntiqi nəticəsi olaraq Azərbaycan Silahlı Qüvvələri öz döyüş qabiliyyətini daha da artırıb, əsgər və zabitlərimiz istənilən döyüş tapşırığını həyata keçirməyə hazır və qadirdilər. Bu isə o deməkdir ki, döyüş meydanında hər zaman məğlubiyyətə məhkum Hayastanın dövlət kimi mövcudluğunu saxlaya bilmək üçün yalnız bir yolu var – Azərbaycanla düşmənçiliyə son qoymaq və sülh müqaviləsini imzalamaq. Əks halda, “Dəmir yumruq” vasitəsilə hələ çox “Qətiyyətli cavab”larını verib “Qisas”ımızı almalı olacağıq...
Mahir Rəsuloğlu, “İki sahil”