12 aprel 2023 00:35
492

Kremldə ucalan türk bayrağı

“Bizim köklərimiz bir dilə, bir mənəviyyata, bir dinə bağlı olduğuna görə çox dərindir və mənəvi dəyərlərimiz tarixin bütün mərhələlərində nə qədər çətinliklərlə rastlaşıbsa da, dayanmayıb, inkişaf edib. İndi isə türkdilli xalqların müstəqil dövlətləri olduğuna görə və bizim əlimizdə böyük imkanlar yarandığına görə bu prosesləri daha da gücləndirə, daha da mütəşəkkil edə bilərik. Bu, bizim borcumuzdur”.

Ulu Öndər Heydər Əliyev
1996-cı il noyabrın 6-da TÜRKSOY-un Bakıdakı toplantısı çərçivəsində keçirilən türk dünyası yazıçılarının III qurultayındakı çıxışından

 

Türklərin tarix boyu dünya birliyi ilə fəal münasibətləri Yer üzünün bütün nöqtələrinə səpələnmiş bu əzəmətli xalqın nümayəndələri arasında böyük mütəfəkkirlərin, qüdrətli dövlət xadimlərinin yetişməsinə şərait yaratmışdır. Türk dünyasının fəxri olan Ulu Öndər Heydər Əliyev də XX əsrdə Azərbaycan xalqının yetirdiyi böyük dühalardan biri kimi ehtiramla xatırlanır. Heydər Əliyevi başqa tarixi şəxsiyyətlərdən fərqləndirən başlıca xüsusiyyətlər onun qeyri-adi zəka realizminə, yüksək təşkilatçılıq bacarığına, hadisələri müşahidə və təhlil etmək sahəsində unikal qabiliyyətə malik olmasıdır. Heydər Əliyev dühasının şöhrəti bir xalq, bir ölkə, bir qitə çərçivəsinə sığmayıb, bütün dünyaya yayılmışdır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev bir qərinədən artıq siyasi və dövlətçilik fəaliyyəti dövründə Azərbaycanın hərtərəfli inkişafı, müstəqilliyin möhkəmləndirilməsi, dünya birliyində layiqli yerini tutması üçün yorulmadan və əzmlə çalışmış və buna əsasən nail olmuşdur. Bu dahi şəxsiyyətin siyasi-ideoloji fəaliyyəti təkcə Azərbaycanla məhdudlaşmayıb bütövlükdə türk dünyasını, ümumən planetimizi əhatə edir.

Ulu Öndərin türkçülük fəaliyyəti bir millət olaraq altı min ildən çox tarixi olan, hazırda geniş coğrafiyalarda məskunlaşan təxminən 301 milyonluq türkün bütün istiqamətlərində ümumtürk həmrəyliyinin inkişafı, möhkəmləndirilməsi və irəliyə doğru aparılması yolunda mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdəndir ki, XX əsrin 80-ci illərinin əvvəllərində ulu öndər Heydər Əliyev öz şəxsiyyəti ilə türkçülük düşüncəsini, türkçülük faktını SSRİ kimi nəhəng imperiyanın ən ali iyerarxiyasına qədər gətirib çıxarmışdı. SSRİ rəhbərlərindən biri kimi Moskvada keçirdiyi illərdə dünya Heydər Əliyevi, əsasən, bir təqdimatla tanıyırdı: “Kremldə ucalan türk bayrağı”. Ümummilli liderin türk dünyasının problemləri ilə ardıcıl şəkildə məşğul olmağa başladığı mərhələ isə əsasən, 1993-cü ildən xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonraya təsadüf edir. Heydər Əliyevin türk dünyasının gələcəyi ilə bağlı baxışlar sistemində müstəqil türk dövlətləri ilə əlaqələr mühüm yer tutur: türk dövlətlərinin müstəqilliyinin müdafiəsi, mövcud imkanlar çərçivəsində türk dünyasının birliyinin təmin olunması, bu birliyin narahat dünyamızda nizam yaradılması məqsədinə xidmət etməsi, Azərbaycanın iqtisadi, siyasi, ictimai problemlərinin həllində türk dünyasının imkanlarından istifadə edilməsi, türk dünyasının qüvvələrinin birləşdirilməsi və birgə hərəkətinin təmin edilməsi, türk dünyasının beynəlxalq nüfuzunun daha da gücləndirilməsi və bunun üçün müstəqil türk dövlətlərinin imkanlarından istifadə edilməsi.

Xüsusi vurğulamaq lazımdır ki, türk dünyasının bir-biri ilə, o cümlədən bütün dünya ilə birləşdirilməsində Heydər Əliyevin tarixi “Böyük İpək Yolu” layihəsinin həyata keçirilməsi işində göstərdiyi səy və xidmətlər müstəsna əhəmiyyətə malikdir. Bu tarixi layihənin əsas məqsədi əhalisinin ümumi sayı 67 milyon nəfər olan  (1991-ci il) Orta Asiya və Qafqaz ölkələrinin dünya iqtisadiyyatına fəal qoşulmasını təmin etməkdən ibarət idi. Bu isə həmin cümhuriyyətlərin 70  illik sovet dövründə yığılıb qalmış sosial-iqtisadi problemlərinin həll edilməsi və nəhayət, bu dövlətlərin siyasi və iqtisadi müstəqilliklərinin gücləndirilməsi üçün daha geniş perspektivlərin açılması demək idi. Məhz  buna görədir ki, dünya iqtisadiyyatı və region dövlətləri ilə geniş inteqrasiya bu ölkələrin iqtisadi siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Dahi rəhbər Heydər Əliyevin iqtisadi siyasəti məhz bu məqsədlərə yönəlmişdir. “Böyük İpək Yolu” layihəsinin reallaşdırılmasında və türkdilli dövlətlərin qırılmaz  tellərlə bir-birinə bağlanmasında Bakı-Tbilisi-Ceyhan boru xəttinin müstəsna əhəmiyyəti vardır. Ulu öndər bunu böyük uzaqgörənliklə dərk etmiş və bütün qüvvəsini həmin xəttin gerçəkləşməsinə yönəltmişdi. Tarix onun bu uzaqgörənliyini qısa bir zamanda təsdiqlədi. Türkdilli dövlət başçılarının V zirvə görüşündə (1998, Astana) çıxış edən Ulu Öndər Heydər Əliyev dövlət başçılarının diqqətini regional inteqrasiya prosesinə təkan verəcək layihələrin hazırlanmasına yönəltmişdi. Həqiqətən də, sonrakı illərdə dünyanın siyasi mənzərəsini dəyişən “Əsrin müqaviləsi”, “Böyük İpək yolu”, TRASEKA, TASİS proqramları kimi qlobal layihələrin həyata keçirilməsində, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının, TÜRKSOY-un, Türk Yazarlar Birliyinin yaradılmasında Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Məhəmməd Füzulinin 500, türk dünyasının ana kitablarından olan “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin UNESCO səviyyəsində keçirilməsi, Azərbaycanın müstəqil türk dövləti kimi bütün dünyada tanınması, türk dövlətləri başçılarının zirvə görüşlərinin təşkili, türk dünyası üçün onlarla taleyüklü məsələlərin irəli sürülməsi və müzakirəsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Ulu Öndər “Manas” dastanının 1000, böyük qazax şair-filosofu Abayın 150, Özbəkistanın böyük dövlət xadimi, türk dünyasının böyük şəxsiyyəti Əmir Teymurun 660, qazax şairi A.Kunanbayevin 125, özbək yazıçısı M.Şeyxzadənin 70 illik yubileylərini birlikdə, yaxud Azərbaycanda qeyd etmələrini böyük tarixi hadisələr kimi çox yüksək qiymətləndirmişdir. Ümummilli Lider 1996-cı ildə Türk Dünyası Yazıçılarının Üçüncü Qurultayının ölkəmizdə keçirilməsini əlamətdar hadisə hesab etmiş və bunu Azərbaycan Respublikasına, xalqına olan hörmət və ehtiramın təzahürü kimi çox yüksək qiymətləndirmişdir. Türk dünyasının böyük və tanınmış ədəbiyyat xadimlərindən olan Çingiz Aytmatovun və Oljas Suleymenovun yaradıcılıqlarını izləyən Ulu Öndər onlarla dəfələrlə görüşmüş, onların şəxsiyyətinə və xidmətlərinə yüksək qiymət vermişdir. Fəlsəfi romanlar ustası Çingiz Aytmatov Ulu Öndər tərəfindən “Dostluq” ordeni ilə, görkəmli söz ustası, şair Oljas Suleymenov isə “Şöhrət” və “Dostluq” ordenləri ilə təltif edilmişdir. Bu məsələlər isə Heydər Əliyevin yeni dövr türk birliyi strategiyasının yalnız bir qismini təşkil edir.

Bu məqamda xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan-Türkiyə əməkdaşlığının möhkəm təməli məhz Heydər Əliyev tərəfindən ucaldılmışdır. Onun tarixi “bir millət, iki dövlət” ifadəsi hər iki dövlət əhalisinin dilinin əzbəri olmaqla gerçək həyatda bu dövlətlərin real siyasətinin əsasını təşkil edir. Çünki Heydər Əliyevin xarici siyasətində Türkiyə ilə əməkdaşlıq ilk sıralarda yer alırdı. Azərbaycan-Türkiyə əlaqələri türkdilli dövlətlərin iqtisadi əməkdaşlığının onurğa sütununu təşkil edir və regional əməkdaşlığın genişlənməsi üçün bu gün də mühüm əhəmiyyət kəsb edir. Heydər Əliyev ölkəmizin Türkiyə ilə münasibətlərə necə böyük önəm verdiyini ilk günlərdən bəyan edərək deyirdi ki, bizim ölkələrimiz – Türkiyə Cümhuriyyəti və Azərbaycan Respublikası dost və qardaş ölkələrdir. Xalqlarımızın birliyi, qardaşlığı və dostluğu əsrlərdən-əsrlərə keçərək formalaşmış və bu gün özünün yeni mərhələsinə çatmışdır. Hazırda Azərbaycanla Türkiyə Cümhuriyyəti arasında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş qardaşlıq münasibətləri özünün ən yüksək mərhələsindədir. Bu isə Prezident İlham Əliyevin  və Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanın müdrik və uzaqgörən siyasətinin birbaşa nəticəsidir.

Sevinc Azadi, “İki sahil”