11 aprel 2023 20:54
620

Heydər Əliyev irsində multikulturalizm siyasi-konstitusional prinsip kimi

Tarixin inkişaf mərhələlərində dövrlərində bəzən etnik  qruplar yaşadıqları coğrafiyada müəyyən xalqlarla birgə yaşamış müvafiq şərtlər daxilində mənəvi, sosial, siyasi, iqtisadi və hətta coğrafi asılılığa məhkum edilmişdir. Tarixi sferada artıq çoxmillətli cəmiyyətlər sosial həyatın ayrılmaz hissəsinə çevrilmiş və multikultural cəmiyyət, dünya vətəndaş müharibələrinə qarşı dini dözümsüzlük, irqçilik, ksenofobiya kontekstlərindən istifadə edilmiş, regional və qlobal miqyasda aktual problemlər kimi nəticələrin yaratdığı problemləri həll etməyin ən uyğun yolları araşdırılmışdır. Multikulturalizm vahid ölkədə və bütövlükdə dünyada mədəni fərqliliklərin qorunub saxlanmasına və inkişafına yönəlmiş siyasət və belə bir siyasətə haqq qazandıran nəzəriyyə və ya ideologiyadır.

Müasir Azərbaycan cəmiyyətinin sosial və mədəni  müxtəlifliyinin artması ümumbəşər dəyər kontekstində öz mədəniyyətinin heterogen əsaslarına, bununla yanaşı, digər mədəniyyətlərə münasibət , hər  bir mədəniyyətin əsaslarının mütəəddidliyinin (çoxluq və müxtəlifliyinin) etirafını nəzərdə tutan multikulturalizm probleminin mədəni və fundamental fəlsəfi  təhlilinin zəruriliyi ilə müəyyən edilir. Azərbaycanda multikulturalizm və tolerantlıq ənənəsində Sovet İttifaqının dağılmasını nəzərə alaraq, keçmiş SSRİ respublikaları,minlərlə azərbaycanlının həyatına son qoyan erməni təcavüzü, bir milyondan çox qaçqın-köçkün, Azərbaycan ərazilərinin 20%-nin itirilməsi, Xocalı soyqırımı əsl sınaq olmuşdu. Bütün bu hadisələrin fövqündə tolerantlıq ənənəsində ola biləcək maneələrin qarşısını Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı almışdı. Müxtəlif mədəniyyətləri özündə birləşdirən çoxkonfessiyalı  cəmiyyəti idarə etmənin dünyanın siyasi səhnəsində ideal nümunəsi məhz Ulu Öndər Heydər Əliyev olmuşdur. Multikultural bir cəmiyyət vahid məkanda mövcud olan müxtəlif mədəniyyətlərin birləşdirdiyi üçün istənilən multikultural cəmiyyətin milli inkişafı bir sıra problem və çətinliklərlə üzləşir. Bütün təcrübələr göstərir ki, postsovet məkanında gedən ziddiyyətli və mürəkkəb geosiyasi proseslər suveren ölkələrdə gözlənilməz, bəzi hallarda isə tamamilə riskli situasiyaların yaranmasına səbəb olur. Azərbaycan reallığında multikulturalizm elmi-nəzəri əsaslarına dərindən yiyələnən,onun inkişaf perspektivlərini bilən Ümummilli Lider Heydər Əliyev yaxşı başa düşürdü ki, ölkəmiz təkcə Azərbaycan mədəniyyətinin ənənələrini daşımır, həm də Azərbaycan cəmiyyətində multikulturalizm fenomeninin refleksiv dərk edilməsinə ehtiyac yaradır. Ulu Öndərin dəqiq ideoloji hədəfinin nəticəsi olaraq ölkədə multikulturalizm və tolerantlıq  təkcə dövlət siyasəti deyil,eyni zamanda alternativi olmayan,müxtəlif dini etiqad nümayəndələrinin özündə birləşdirən  həyat tərzinə çevrilib.

Respublikamız mədəni kimliyin qorunması baxımından  tarixən birgə yaşayan xalqların, toplumların, fərqli millətlərin nümayəndələrinin qarşısındakı maneələri aradan qaldırmaq, onların cəmiyyətin resurslarına və imkanlarına bərabər çıxışını təmin etmək  yolunda uzun bir yol qət edib. 1994-cü ildə İstanbulda keçirilən "Sülh və səbir" adlı beynəlxalq dini konfransdakı çıxışında “Azərbaycanın vətəndaşları dini, irqi, siyasi, dil mənsubiyyətindən asılı olmayaraq, hamısı eyni hüquqa malikdir və onların hüquqları Azərbaycan dövləti tərəfindən qorunur və mühafizə olunur. Siz əmin ola bilərsiniz ki, biz bu məqsədlərimizə, bu   prinsiplərimizə   daim   sadiq   olacağıq   və   gələcəkdə   də   Azərbaycan vətəndaşlarının dini mənsubiyyəti, yaxud dil mənsubiyyəti,siyasi mənsubiyyətindən asılı olmayaraq, bir-biri ilə münaqişəyə girməsinə yol verməyəcəyik" deyən  Heydər Əliyev Azərbaycanın gələcək uğurlu və perspektivli inkişafı üçün dəqiq ideoloji hədəf seçmişdi. Əsl demokratizm prinsiplərinə əsaslanan yeni dövlət quruculuğunun həyata keçirilməsi kontekstində ciddi multimədəni prinsiplərə söykənən adekvat etnik-siyasi mühitin və yüksək təşəkküllü tolerant münasibətlər sisteminin yaradılmasını dövlətin və cəmiyyətin tarixi vəzifəsinə çevirən Heydər Əliyev 1994-cü il sentyabrın 29-da BMT Baş Məclisinin sessiyasındakı çıxışında demişdir: “Respublikamızda artıq çoxpartiyalı sistem mövcuddur, siyasi plüralizm, şəxsiyyət, söz, mətbuat, vicdan azadlıqları, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi prinsipləri möhkəm bərqərar olmuşdur. Dərisinin rəngindən, din və dil mənsubiyyətindən asılı olmayaraq, çoxmillətli Azərbaycanın bütün vətəndaşları bərabər hüquqlardan istifadə edirlər. Qarşımızda duran ən mühüm vəzifə konstitusiyanın əsas prinsiplərini dərindən mənimsəmək, respublika həyatına tətbiq etmək və onun verdiyi təminatları reallaşdırmaqdan ibarətdir”.

Ulu Öndərin rəhbərliyi ilə hazırlanan və 12 noyabr 1995-ci ildə referendum yolu ilə, demokratik tərzdə ümumxalq müzakirəsinə çıxarılmaqla qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında da multikulturalizm siyasətinin əsasını təşkil edən multikultural cəmiyyətdə tolerantlığın təmin edilməsi və konfliktlərin aradan qaldırılması aydın şəkildə təsbit edilmişdir.

Bu baxımdan milli mənsubiyyət hüququnun qorunması və  inkişaf etdirilməsi Azərbaycan Respublikasının Konstitusiyasının  44-cü maddəsi, ana dilindən istifadə hüququ 45-ci maddəsi, hər kəsin fikir və söz azadlığı isə 47-ci maddə ilə tənzimlənir. Multikulturalizm ideyalarını təcəssüm etdirən Konstitusiyamızda ümumi 5 maddə ölkə ərazisində multikulturalizm məsələlərinə toxunur: 18-ci maddə - “Din və dövlət”; 21-ci maddə -“Dövlət dili”; 25-ci maddə - “Bərabər hüquqlar”; 45-ci maddə -“Ana dilindən istifadə hüququ”; 48-ci maddə - “Vicdan azadlığı hüquqları”. Bu maddələr mövcud etno-mədəni, linqvistik və dini-konfessional müxtəlifliyi əks etdirir. Bunlardan başqa Konstitusiyanın 26-cı maddəsi multikultural təhlükəsizliyin təmin edilməsini nəzərdə tutur həmçinin 5-ci maddə isə yolverilməzliyindən, hər hansı konkret dinin və ya dini icmanın digər dinlərdən üstünlüyündən bəhs edir. Ulu Öndərin göstərişi ilə 1994-cü ildə Azərbaycanın paytaxtında yenidən lüteran icması fəaliyyətə başlaması, Bakı Krişnaid Şüuru Cəmiyyətinin fəaliyyət göstərməsi,1999-cu ildə Bakıda Roma Katolik icması bərpa olunması Bakı ictimaiyyətinin digər dinlərə qarşı tolerantlığın və konfessiyalara düzgün rəsmi münasibətin sübutudur. Azərbaycan məhz Ulu Öndər Heydər Əliyevin dövründə BMT-nin qəbul etdiyi müxtəlif aktlara, habelə Uşaq Hüquqları Konvensiyasına qoşuldu. Ulu Öndərin 1998-ci il 28 fevral və 18 iyun tarixlərində ardıcıl olaraq “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı,“ İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncamı  ilkin strateji sənəd kimi dəyərləndirilməlidir.

“Hər bir xalqın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” deyən Ümummilli Liderin şəxsən özünün xaraktercə tolerant olması sözsüz ki, onun həyat və fəaliyyətində həmişə büruzə vermişdir. Azərbaycan hər zaman dünyada multikulturalizmin və tolerantlığın ən uğurlu modellərindən birinin bərqərar olduğu diyar sayılıb. Burada tarixən heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma baş verməmiş, qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər hökm sürmüşdür. Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olmuş, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq, Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilmişdir. Azərbaycanda etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm və tolerantlıq sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi ənənənin daha da möhkəmlənməsinə yol açmışdır. Onu da qeyd etmək lazımdır ki, məhz Azərbaycan dövlətinin yürütdüyü  siyasətin nəticəsidir ki, ölkəmizdə etnik qruplar və ya müxtəlif  xalqlar nəinki öz adət-ənənələrini qoruyub saxlaya, eyni zamanda, öz adət-ənənələrini nəsildən-nəslə ötürərək daha da inkişaf etdirə bilirlər. 

Şövqiyyə  İsmayılzadə,
AMEA-nın Abasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun magistrantı