13 aprel 2023 00:11
631

Heydər Əliyevin zəngin irsi indiki və gələcək nəsillər üçün əvəzsiz sərvət, böyük qürur və iftixar mənbəyidir

Müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyalarının işığında yeni zirvələrə və qələbələrə doğru inamla irəliləyir. Uca zirvələr uzaqdan daha aydın göründüyü kimi, Ulu Öndər Heydər Əliyev şəxsiyyətinin əzəməti və böyüklüyü də illər ötdükcə daha dərindən dərk olunur. Buna uyğun olaraq da xalqın öz dahi oğluna məhəbbət və ehtiramı daha da artır.

Təsadüfi deyil ki, Azərbaycanın inkişaf strategiyasının əsasını qoymuş dahi şəxsiyyət, görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin zəngin irsi müstəqil Azərbaycan dövlətinin inkişafı və tərəqqisi yolunda, indiki və gələcək nəsillər üçün əvəzsiz sərvət, böyük qürur və iftixar mənbəyidir. Ona görə də bu irsi öyrənmək də, təbliğ etmək də hər bir Azərbaycan vətəndaşının şərəfli borcudur.

Ulu Öndər təlatümlər, çətin sınaqlar, aramsız mübarizələrlə dolu bir həyat yaşayıb. Elə bir həyat ki, nə zaman, nə də məkan anlayışına sığmır. Bütün mübarizələrdən qalib çıxan Heydər Əliyevin ömrü insan iradəsinin yenilməzliyinə parlaq nümunədir. Ümummilli Lider Heydər Əliyev hələ sağlığında əfsanələşmiş nadir şəxsiyyətlərdən, dövlət xadimlərindən biri idi. Dünyanın məşhur simaları Heydər Əliyev barəsində bu gün də heyranlıqla danışır, onu siyasət aləminin patriarxı, tarixin gedişinə təsir göstərmək qüdrətinə malik şəxsiyyət kimi səciyyələndirirlər.

Ulu Öndərin 1969-cu ildən başlayan və 30 ildən artıq davam edən rəhbərliyi dövrü Azərbaycan tarixinə milli dirçəliş və intibah dövrü kimi yazılıb.  Azərbaycan xalqı öz böyük oğlu Heydər Əliyevlə bütün dövrlərdə qürur duyub. O, vaxtilə SSRİ-nin əsas rəhbər orqanı olan Siyasi Büronun üzvü seçilmiş, daha sonra SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilmişdi. Həqiqətən də azərbaycanlının SSRİ kimi nəhəng dövlətin hakimiyyət iyerarxiyasında yüksək mövqe tutması qürurverici idi və bu, Azərbaycanda əsl bayram əhval-ruhiyyəsi yaratmışdı. Heydər Əliyevin siyasi elitanın zirvəsinə yüksəlməsi təbii ki, Azərbaycanın xeyrinə oldu. O, öz nüfuzundan və yüksək vəzifənin imkanlarından istifadə edərək bir sıra ittifaqmiqyaslı layihələri Bakıya yönəltdi.

Həmin dövrdəki yorulmaz fəaliyyəti, qətiyyəti, fitri təşkilatçılıq bacarığı Heydər Əliyevin şöhrətini durmadan artırırdı. Bununla eyni vaxtda ona qarşı paxıllıq və həsəd hissləri də baş qaldırırdı. Xüsusən ermənipərəst Mixail Qorbaçov onu hər vəchlə Kremldən uzaqlaşdırmağa çalışırdı. Bu məqsədlə Azərbaycanın böyük oğluna qarşı bədnam kampaniya başladıldı. Heydər Əliyev ölkə rəhbərliyi ilə aralarında yaranmış ciddi ixtilafla əlaqədar tutduğu vəzifələrdən istefa verdikdən sonra erməni şovinistləri Azərbaycana qarşı ərazi iddiaları irəli sürdülər və Qarabağda separatçılıq baş qaldırdı. 1990-cı ilin yanvarında sovet ordusu Bakıda qanlı qırğın törətdi. Həmin qanlı-qadalı günlərdə də indi də bir çoxları əminliklə deyir ki, əgər o vaxt Heydər Əliyev rəhbərlikdə olsaydı, nə Qarabağ, nə də Qara Yanvar hadisələri baş verməzdi.

1990-cı illərin əvvəllərində Azərbaycan çətin günlər yaşayırdı. Xalq vəziyyətdən çıxış yolunu Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasında görürdü. Vətənin və xalqın ağır vəziyyətinə biganə qala bilməyən Heydər Əliyev Azərbaycana qayıtdı. Ümummilli Liderin xalq arasında nüfuzundan qorxuya düşən respublika rəhbərliyi onun Bakıya yolunu kəsdi. Bu səbəbdən də doğulub boya-başa çatdığı Naxçıvana üz tutdu.

Bu böyük siyasətçi muxtar respublikanı erməni təcavüzündən, siyasi təlatümlərdən qorudu. Üçrəngli bayrağımız ilk dəfə məhz Naxçıvanda ucaldıldı, Yeni Azərbaycan Partiyasının təməli burada qoyuldu. Onun muxtar respublikaya rəhbərliyi dövründə qəbul olunmuş cəsarətli, gələcəyə hesablanmış qərarları Azərbaycanın sonrakı taleyində mühüm rol oynadı.

1993-cü ilin yayında Azərbaycanda vəziyyət daha da gərginləşmişdi. Ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmışdı. Xalqın çağırışı ilə iyunun 9-da Naxçıvandan Bakıya gələn Heydər Əliyev üzərinə böyük məsuliyyət götürərək xilaskarlıq missiyasına başladı.

Heydər Əliyev iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ilə ölkəmiz yeni bir dövrə qədəm qoydu. Həmin gün tariximizə Milli Qurtuluş Günü kimi yazıldı. Oktyabrın 3-də Azərbaycan Prezidenti seçilən Ulu Öndər respublikamızı böyük bəlalardan xilas etdi və inkişaf yoluna çıxardı.

Dünyaşöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin müdrik xarici siyasəti, şəxsi nüfuzu sayəsində müstəqil Azərbaycan çox keçmədən beynəlxalq arenaya çıxa bildi. Onu dünyanın hər yerində hörmətlə qarşılayır, sözünü eşidirdilər.

Azərbaycan 1994-cü ildə investisiya qoyuluşu baxımından riskli ölkə sayılırdı. Xarici şirkətlər Azərbaycan neftinə sərmayə qoymağa tərəddüd edirdilər. Heydər Əliyev “Amoko”, “BP”, “Yunokal”, “LUKoyl”, “Statoyl”, “Ekson”, “İtoçu” kimi nəhəng şirkətləri inandıra bildi ki, Azərbaycana qoyulan sərmayə hədər getməyəcək. Beləliklə, 1994-cü il sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair “Əsrin müqaviləsi” adı almış neft kontraktları imzalandı. Bu, tarixi hadisə Azərbaycanın inkişafında dönüş nöqtəsi oldu.

“Əsrin müqaviləsi” ölkəmizin dünya xəritəsindəki mövqeyini möhkəmləndirdi. Azərbaycan neft ölkəsi olaraq tanınmağa başladı. Müqavilə digər sahələrdə çalışan şirkətlərin də ölkəmizə marağını artırdı. Sonra vaxtilə xəyal hesab olunan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri ərsəyə gəldi. Bakı-Tbilisi-Qars dəmir yolu, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi kimi nəhəng layihələr reallaşdırıldı. Azərbaycanın təşəbbüsü olan Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan TAP layihəsi tamamlandı. Hazırda Azərbaycan qazı bu kəmər vasitəsilə Avropa bazarına çatdırılır. Bu transmilli layihələr Avropanın enerji xəritəsini dəyişməklə yanaşı, ölkəmizi beynəlxalq aləmdə mühüm aktora çevirir.

Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ümummilli Liderin illər öncə böyük uzaqgörənliklə dediyi bu sözlər yada düşür: “Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır. Nəyin bahasına olur-olsun”.

Bütün ömrünü doğma Vətəninə və xalqına həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur”, - deyən dahi şəxsiyyətin vəsiyyətini onun layiqli davamçısı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyev yerinə yetirdi, 30 illik işğala hərbi-siyasi yolla son qoyuldu. Üçrəngli bayrağımız yenidən Vətən torpaqlarında, Qarabağın döyünən ürəyi olan Şuşada dalğalanmağa başladı. Bu gün Ulu Öndərin ruhu şaddır.

Heydər Əliyev bu gün cismən aramızda olmasa da, onun parlaq ideyaları Azərbaycanın yollarını işıqlandırmaqdadır. Ulu Öndərin yolu əzmlə davam etdirilir və ölkəmizi inamla irəli aparır. Yeni dünya siyasətinin incəliklərinə dərindən bələd olan, milli maraqları qətiyyətlə müdafiə edən Prezident İlham Əliyev öz titanik fəaliyyəti ilə Azərbaycanı qüdrətli ölkəyə, dünyada söz və nüfuz sahibinə çevirir.

Xalq öz Prezidentinə inanır və onu dəstəkləyir. Bu inam və dəstəyin, həmrəyliyin ən bariz nümunəsi 44 günlük Vətən müharibəsində qazanılan Zəfər, bu gün isə Qarabağda və Şərqi Zəngəzurda aparılan möhtəşəm bərpa və quruculuq işləridir. Bu və digər nailiyyətlərin əsasında Heydər Əliyevin uzaqgörən siyasəti, müdrik strategiyası, milli dövlətçilik konsepsiyası dayanır.

Ramil Vəlibəyov,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri