Qərbi Azərbaycana Qayıdış Konsepsiyası beynəlxalq hüquq prinsipləri əsasında hazırlanaraq təsdiqlənib
Ötən ilin dekabrın 24-də «Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyi»nin hüquqi varisi kimi yaradılan Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşündə ata –baba yurdlandan zorla çıxarılan soydaşlarımızın doğma torpaqlarına qayıtması üçün hədəfləri açıqlayan Prezident İlham Əliyev bildirdi ki, tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması ən ümdə vəzifədir.
Qərbi Azərbaycanda etnik təmizləməyə məruz qalmış soydaşlarımıza qarşı törədilən vəhşiliklər, dağıdılmış, adları dəyişdirilmiş yurd yerlərimiz, abidələrimiz, ziyarətgahlarımız, qəbiristanlıqlarımız haqqında məlumatlar tezis formasında olsa belə beynəlxalq ictimaiyyətə çatdırılmalıdır. Bildirilməlidir ki, bir neçə dəfə fərqli bəhanələrlə Qərbi azərbaycanlıları öz yurdlarından zorla çıxaran daşnakların soydaşlarımıza qarşı iki əsrdə törətdikləri soyqırımlar, kütləvi qırğınlar görünməmiş qəddarlıqlarla həyata keçirilmişdir.
Həqiqət budur ki, imperiyanın dəstəyi ilə yaradılan İrəvan qəzası tarixən Azərbaycan ərazisi olub. Bu torpaqlar aborigen xalq olan azərbaycanlılara məxsusdur. Bu reallığı bəzi erməni tarixçiləri də kitablarında yazıblar. «Xalqımız əsrlər boyu öz hüquqlarını qorumaq üçün, öz tarixi torpaqlarında yaşamaq üçün böyük fədakarlıq göstərmişdir. Ancaq buna baxmayaraq, tarixin müxtəlif vaxtlarında bizim xalqımız öz doğma torpaqlarından məhrum edilmişdir. XX əsr bu baxımdan xalqımız üçün çox böyük faciələr gətirmişdir. 1918-ci ildə təzə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti özünün ilk qərarlarından birində bizim tarixi şəhərimizi – İrəvanı Ermənistana faktiki olaraq bağışlamışdır. Bu, bağışlanmaz bir addım idi, bu, xəyanət idi və cinayət idi» söyləyən Prezident İlham Əliyev tarixin təhrif edilməsini xalqımıza qarşı ədalətsizlik adlandırır. Qərbi Azərbaycan İcması ilə görüşdə ötən əsrdə daşnakların törətdikləri etnik təmizləmə siyasətinin qurbanı olan soydaşlarımızın doğma yurdlarına qayıtması üçün işlərin beynəlxalq hüquqa əsaslanan prinsiplər əsasında aparılacağını qətiyyətlə bildirir.
Qərbi Azərbaycanda törətdikləri vandallıqlarını tarixi, dini abidələrimizə, soydaşlarımıza qarşı vəhşilikləri 30 il işğal altında saxladıqları torpaqlarımızda da davam etdirən haylar qəddarlıqlarını ağaları imperiyanın «Parçala, hökmranlıq et!» siyasətinə uyğun apararaq gördükləri, rast gəldikləri hər şeyi dağıtmış, yerlə -yeksan etmiş, xarabalığa çevirmişlər. Daşnakların ideyaları əsasında davam etdirilən sistemli, planlı prinsiplər isə dəyişilməzdir: «Özlərini məzlum xalq kimi tanıtmaq. Azərbaycan xalqının simasında qəddar millət obrazı formalaşdırmaq. Zəngəzur kimi digər bölgələrimizdə də Azərbaycan xalqına məxsus izləri silmək.» 1960-cı ildə İrəvandakı məşhur «Təpəbaşı» məhəlləsinin dağıdılması, buradakı məscidin minarəsinin uçurulması, 300-dən çox yaşayış evinin viran qoyulması haylara məxsus bayquşluq xislətinin əlamətlərindəndir. İrəvanda salamat qalan yeganə, azərbaycanlılara məxsus «Göy məscid»in İranın mollaları tərəfindən təmir olunması isə bölgədə sabitliyin pozulması üçün formalaşdırılan fars-hay cütlüyünün məkrli siyasətinin görüntüsü idi.
Amma İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın işğalından azad edilən torpaqlarımızda gördükləri erməni vəhşiliyindən dəhşətə gələn xarici qonaqlarda Qərbi Azərbaycanda soydaşlarımıza qarşı törədilən vəhşiliklər barədə aydın təsəvvür yaradır. Vətən müharibəsinin davam etdiyi müddətdə, müharibədən sonra yerli və xarici KİV-lərə müsahibələrində ölkəmiz, tolerant xalq olan azərbaycanlılar haqqında, erməni terrorçularının anti-Azərbaycan təxribatları barədə söhbət açan Prezident İlham Əliyev daşnakların tarixi torpaqlarımız, xalqımız haqqında formalaşdırdıqları yanlış təsəvvürləri məntiqli açıqlamaları ilə darmadağın edir. Müsahibələri ilə Azərbaycana qarşı informasiya blokadasını yaran, İkinci Qarabağ müharibəsinin qalibi kimi erməni vandalizminin dəhşətlərindən söz açan Prezident İlham Əliyev Ermənistanın işğalı altında qalan torpaqlarımızda törədilən erməni vəhşiliklərinin eyni ssenarilər üzrə Qərbi Azərbaycanda bir neçə dəfə törədildiyini diqqətə çatdırır. Soydaşlarımızın Hayastandan deportasiyaları barədə də ətraflı məlumat verir.
Bildirilir ki, Qərbi Azərbaycan İcması daha fəal çalışmalı, erməni vəhşiliklərini əks etdirən sərgilər, təqdimatlar təşkil olunmalı, beynəlxalq konfranslar keçirilməlidir. Hayastanın xəyanətinin ağrılarını birgə yaşayan Azərbaycanla Türkiyənin diaspor təşkilatlarının ortaq fəaliyyəti təşkil olunmalı, birgə aksiyalar keçirilməlidir. Xarici ölkələrdə məskunlaşan soydaşlarımız həmin ölkələrin siyasi dairələri, mətbuat və qanunvericilik orqanları ilə təmaslar qurmalıdırlar.
Məntiqi nəticə kimi xalqımızın mədəni irsinə qarşı soyqırımı həyata keçirən daşnak tör-töküntüləri törətdikləri cinayətlərə görə də cavab verməlidirlər. Tariximizin silinməsi üçün dini abidələrimizi yerlə-yeksan edən vandallar unutmasınlar ki, Azərbaycan xalqının əsrlərə şahidlik edən tarixi irsini silmək istəsələr də erməni qaniçənliyini səhifələrində qoruyub saxlayan sənədləri, xəritələri dəyişdirə bilməzlər.
Zəngəzuru «Sünik» adlandırmaqla azərbaycanlılara məxsus əraziləri erməniləşdirməyə çalışan haylar bu gün qalib ordumuzun əsgərlərini azərbaycanlıların tarixi torpaqlarında gördükdə təəccüblənməməlidirlər. 1948-1953-cü illərdə Qərbi Azərbaycanın əsl sahibləri olan soydaşlarımızın deportasiyalara, işgəncələrə məruz qalmaları da hərbi cinayət kimi araşdırılmalıdır. Əslində Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızın doğma evlərinə qayıtmaları köçəri, vəhşi tayfa olan dığalara problem yaratmayacaq. Çünki soydaşlarımızın doğma yurdlarına qayıtmaları Hayastanda yaşayan ermənilərin oradan çıxarılması demək deyil. «Çünki o kəndlər boşdur və biz, əlbəttə ki, əlimizdə olan bütün imkanlardan istifadə edəcəyik. Necə ki, vaxtilə Qarabağ mövzusu bütün Azərbaycan xalqını birləşdirdi və biz istəyimizə nail olduq, eyni yanaşmanı burada da görməliyik» söyləyən Prezident İlham Əliyev Qərbi Azərbaycandan deportasiya edilən soydaşlarımızın əvvəllər yaşadıqları kəndlərə qayıdacaqlarını əminliklə diqqətə çatdırır : « Onların hamısı 3 il ərzində Ermənistandan zorla çıxarıldı, qovuldu, bir çoxları öldürüldü, onlara işgəncələr verildi. Bütün bu cinayətlər sovet hökumətinin gözünün önündə baş vermişdi. Sonuncu kəndimiz Nüvədi 1991-ci ilin avqustunda deportasiyaya məruz qaldı. O da azmış kimi Qarabağda da xalqımıza qarşı cinayət törədildi.» Qarabağın və Şərqi Zəngəzurun işğalı isə növbəti faciəmiz idi. Amma nə qədər dəhşətli bəlalarla üzləşsə də xalqımız əyilmədi, inamını itirmədi, güc topladı və nəticədə istədiyinə nail oldu. Ermənistan üzərində Qələbəmizlə Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Bu gün azad edilmiş torpaqlara Böyük Qayıdışla bağlı ilk addımlar atılır.
Ermənistanı kütləvi tərk edənlərin sayının artması göstərir ki, işğalçı ölkənin hakim dairələrinin vaxtilə azərbaycanlıların yaşadıqları ərazilərdə yerləşdirməyə erməni tapa bilmir. Bu səbəbdən qüdrətli ölkəmizin öz vəsaiti hesabına həmyerlilərimizin Qərbi Azərbaycandakı evlərini bərpa etmək imkanları daha böyükdür. Soydaşlarımızın İrəvana və Qərbi Azərbaycanın digər bölgələrinə köçürülməsi Ermənistanı «monodövlət» statusunun üzərindən xətt çəkəcək. Qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarına qaytarılması üçün işlər nəzərdə tutulan planlar əsasında, mərhələlər üzər davam etdirilir. Təklifələrə, tarixi faktlara hüquqi baxımdan yanaşılır, məsələnin beynəlxalq müstəvidə müzakirəsi üçün zəmin yaradılır. Ermənistanın işğalından azad edilmiş torpaqlarımıza Böyük Qayıdışın davamı olan Qərbi azərbaycanlıların doğma evlərinə qayıtması üçün mütərəqqi rəy və təkliflərə əsaslanan Qayıdış Konsepsiyasının təsdiqlənməsi bu prosesə bir daha stimul verir. «Əlbəttə ki, Qarabağ dərdi, problemi olan yerdə Qərbi azərbaycanlıların hüquqlarından danışmaq bəlkə də vaxtından əvvəl atılan bir atəşə bənzəyə bilərdi. Amma bu gün hesab edirəm ki, biz tam haqlı olaraq bu mövzunu artıq beynəlxalq arenaya çıxarmışıq» söyləyən Prezident İlham Əliyev daim səsləndirdiyi «Biz heç vaxt reallaşması mümkün olmayan təşəbbüslərlə çıxış etmirik. Ona görə bu sahədə də artıq proqramın üzərində iş gedir. Əminəm ki, biz buna da nail olacağıq və tarixi ədaləti bərpa edəcəyik» tezisi də reallaşacaq. Xalqımız bu qətiyyətə inanır, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının həyata keçirilməsində vahid qüvvə kimi iştirak edir.
Xuraman İsmayılqızı, «İki sahil»