10 aprel 2023 11:35
360

Heydər Əliyevin 100 illiyinə həsr olunan elmi-praktik konfrans keçirilib

Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində “Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə” həsr olunmuş fakültənin Tələbə Elmi Cəmiyyətinin V elmi-praktik konfransı keçirilib.

Bu barədə “İki sahil”ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, konfransda Tibb İdarəsinin və Hərbi Tibb Fakültəsinin tibb xidməti zabitləri, Milli Müdafiə Universitetinin, Azərbaycan Tibb Universitetinin müəllim-professor heyəti, tələbə və kursantlar iştirak ediblər.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni ifa edilib.

Bildirilib ki, müasir Azərbaycan Ordusunun qurucusu Ulu Öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordu quruculuğunun hərbi tibb sahəsində də yeniliyə imza atılaraq, müasir hərbi tibb elminin inkişafına, peşəkar hərbi həkim kontingentinin yaradılmasına nail olunub.

Konfransda uğurlu fəaliyyətin nəticəsi olaraq 44 günlük Vətən müharibəsində qələbənin qazanılmasına hərbi tibb personalının verdiyi böyük töhfələrdən danışılıb, tibb sahəsində aktuallığı ilə əhəmiyyət kəsb edən elmi mövzular üzrə məruzələr, çıxışlar dinlənilib və ətraflı müzakirələr aparılıb.

Tələbə Elmi Cəmiyyətinin fəaliyyəti ümumilikdə yüksək qiymətləndirilərək, nəzəri və praktiki təcrübələri daha da dərinləşdirməyin, qeyd olunan mövzular üzrə araşdırmaların aparılmasının vacibliyi tövsiyə olunub.

Sonda bir qrup zabit, kursant, müəllim və tələbə heyəti mükafatlandırılıb, onlara sertifikatlar təqdim olunub.