07 aprel 2023 22:58
502

MƏN HEYDƏR ƏLİYEV MƏKTƏBİNDƏ NECƏ DƏRS ALDIM

 

Jurnalist Aslan Aslanov 45 ildən çox Azərbaycanın müxtəlif mətbuat orqanlarında çalışıb. Ömrünün 30 ili Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə bağlı olub. Əvvəlcə agentlikdə müxbir, baş redaktor, 1997-2002-ci illərdə baş direktorun birinci müavini, 2002-2022-ci illərdə baş direktor, İdarə Heyətinin sədri işləyib.  Ulu öndər Heydər Əliyevin 1993-çü il iyunun 9-da xalqın təkidli tələbi ilə Bakıya gələrək iyunun 11-də AMEA-nın Rəyasət Heyətinin binasında xarici ölkələrin səfirləri ilə ilk görüşündən başlayaraq, 2003-cü ilədək keçirdiyi görüşlərin, qəbulların, iclasların və digər tədbirlərin, eləcə də xarici ölkələrə səfərlərinin tam əksəriyyətində AZƏRTAC-ın əməkdaşı kimi iştirak edib. 1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Hazırda təqaüddə olan Aslan Aslanovun Ulu Öndərin 100 illiyi münasibətilə yazdıgı “Mən Heydər Əliyev məktəbində necə dərs aldım” sərlövhəli xatirələrini oxuculara təqdim edirik. 

Müşahidə edirdim ki, görüş iştirakçıları dünyada tanınan, keçmiş sovet imperiyasının rəhbərliyinə qədər yüksəlmiş Heydər Əliyev ilə söhbətdən ayrılmaq istəmirlər. Amma qarşıda hələ neçə-neçə görüş vardı. Səfər proqramına daxil edilən mühüm tədbirlərdən biri Türkiyənin iş adamları ilə görüş idi.

Türkiyə Xarici İqtisadi Əlaqələr Şurasının sədri Nihat Gökyigit görüş zamanı məlumat verdi ki, türkiyəli iş adamları Azərbaycanda neft və neft kimyası sahəsində, liman və aeroport tikintisində və xidmət sahəsində əməkdaşlıq etməyə, öz təcrübələrini bölüşməyə hazırdırlar. Türkiyə banklarının təcrübə və imkanlarının Azərbaycanda yayılması və tətbiq olunması imkanlarından bəhs edən Şura sədri iki qardaş ölkə arasında əməkdaşlığın genişləndirilməsini və bir sıra sahələrdə faydalı münasibətlərin inkişafına kömək göstərmək istədiklərini bildirdi.

Türkiyə və Azərbaycanın müxtəlif firma və şirkətlərinin əsasən ticarət əlaqələri qurmasından, müştərək müəssisələrin yaradılmasının və məhsul istehsalının isə aşağı səviyyədə olmasından təəssüflə söhbət açan Heydər Əliyev dedi ki, biz ölkələrimizin iqtisadi əlaqələrinin çoxsahəli olmasını istəyirik. Çünki biz sərbəst iqtisadiyyat prinsipi ilə işləmək istəyirik. Yaxşı olardı ki, Türkiyənin iş adamları, müasir texnologiyaya malik böyük şirkətlər, xüsusən sənaye, kənd təsərrüfatı sahəsində azərbaycanlı həmkarları ilə birgə fəaliyyət göstərsinlər. Bunun üçün Azərbaycanın böyük imkanları var və onlardan səmərəli istifadə edilməsi vacibdir.

O vaxt Türkiyədə bəzi qüvvələr heç bir əsas olmadan belə bir fikir formalaşdırırdılar ki, müharibə hələ uzun çəkəcək, Azərbaycanda daxili sabitlik yaratmaq mümkün olmayacaq. Prezident Heydər Əliyev bu kimi fikirləri təkzib edərək dedi ki, sabitlik artıq təmin olunub, əlaqələrimizin genişləndirilməsi üçün ölkəmizin böyük iqtisadi və elmi potensialı var. Biz istəyirik ki, ölkələrimizin iqtisadiyyatı sıx əlaqədə olsun. Bizim həm iqtisadi, həm də mənəvi-siyasi əlaqələrimiz hər iki tərəf üçün əhəmiyyətlidir.

Görüşün əsas hissəsi başa çatan kimi iş adamları Heydər Əliyevi dövrəyə aldılar. Onları düşündürən, narahat edən bir sıra məsələlər barədə çox qızğın və maraqlı fikir mübadiləsi aparıldı. Aydın hiss olunurdu ki, Türkiyənin iş adamları Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələri üzrə müəssisələr yaratmaq, ölkəmizə investisiya qoymaq istəyirlər, lakin müəyyən tərəddüdləri var. Heydər Əliyevlə görüş isə onlarda həm çox gözəl təəssürat, həm də böyük inam yaratdı. Qardaş ölkənin iş adamlarını Azərbaycana gələrək müxtəlif sahələrə investisiya yatırmağa həvəsləndirdi.

İnsafən, o vaxtadək az-çox uğurlu addımlar atılmışdı. Məsələn, “Netaş” firması azərbaycanlı həmkarları ilə sıx əlaqələr yaratmışdı. Paytaxtımızın bir sıra ATS-ləri “Netaş”ın köməyi ilə yenidən qurulmuş, müasir avadanlıqla təchiz edilmişdi. Eləcə də Bakıdakı “Ulduz” zavodu və respublika Rabitə Nazirliyi ilə “Netaş”ın birgə müəssisəsi olan “Ultel”in rabitə avadanlığı buraxmaq sahəsində geniş perspektivləri vardı. Ümumiyyətlə, “Netaş”ın Azərbaycanda milli rabitə proqramının həyata keçirilməsində yaxından iştirakı ilə bağlı qarşılıqlı razılaşmaya əldə olunmuşdu.

Azərbaycan Prezidenti fevralın 10-da “Netaş” firmasının İstanbuldakı ofisinə gəldi. Burada ali qonağa firmanın əldə etdiyi nailiyyətlər, potensial imkanları, xarici əlaqələri barədə ətraflı məlumat verildi. Heydər Əliyev firmanın istehsal sexlərini gəzdi. Hazırlanan məhsullara baxdı, fəhlələrin iş şəraiti ilə tanış oldu. Fəxri qonaqlar kitabına öz ürək sözlərini yazdı.

Həmin gün Türkiyənin ən zəngin adamlarından biri olan Vehbi Koç Azərbaycan Prezidentinin görüşünə gəldi. Görüşdə respublikamıza investisiya qoyulması, bir sıra iri müəssisələrlə birbaşa əməkdaşlıq imkanları geniş müzakirə olundu.

Daha sonra Heydər Əliyev İstanbuldakı Əmlak Bankının baş direktoru Aydın Ayaydını qəbul etdi, həmçinin Türkiyə Xarici İqtisadi Əlaqələr Şurasının sədri Nihat Gökyigit ilə görüşdü.

Prezident Heydər Əliyevin İstanbulda yaşayan soydaşlarımızla görüşü də unudulmaz tədbirlərdən biri oldu. Qardaş ölkədə yaşayan həmvətənlərimiz həsrət dolu baxışlarla bizə yaxınlaşır, hal-əhval tutur, doğma Azərbaycan haqqında çoxlu suallar verirdilər. Azərbaycanın müstəqillik qazanmasından sonsuz qürur duyduqlarını bildirərək deyirdilər: “Bura da, ora da vətəndir. Şükürlər olsun ki, sərhədlər açılıb, gedib gəlirik. Amma Azərbaycanda gedən müharibədən narahatıq. İnanırıq ki, müdrik rəhbər olan Heydər Əliyev müharibəyə son qoyacaq, Azərbaycanı sürətli inkişaf yoluna çıxaracaq”.

Görüşə toplaşanlar Prezident Heydər Əliyevi böyük hərarətlə, ehtiramla qarşıladılar. Ulu Öndər Türkiyəyə səfərinin ötən üç gününün yekunları barədə söhbət açaraq dedi ki, əlaqələrimizdəki bəzi mövcud çatışmazlıqları aradan qaldırmaq mümkün oldu.

Azərbaycandakı mövcud vəziyyətdən də danışan dövlətimizin başçısı bildirdi ki, respublikamızda iqtisadi-siyasi sahədə olan çox ciddi problemlər, Ermənistanın təcavüzü, bir milyondan çox qaçqının və məcburi köçkünün qayğıları xeyli gərginlik yaradıb. Respublikada vaxtilə hakimiyyət uğrunda aparılan mübarizə, kreslo davası da ümumxalq mənafeyinə ağır zərbələr vurub.

Prezident son vaxtlar müharibə zonasından bir-birinin ardınca alınan xoş xəbərləri xalqın birliyinin möhkəmlənməsinin, vətənpərvərlik hissinin güclənməsinin nəticəsi kimi qiymətləndirdi. Eyni zamanda, Azərbaycan barəsində yayılan qərəzli şayiələri təkzib etdi və bütün bunları təxribat xarakterli hərəkətlər adlandırdı. Soydaşlarımız görüş zamanı çoxlu suallar verdilər və Azərbaycan Prezidenti hər bir sualı ətraflı cavablandırdı.

Fevralın 11-də Heydər Əliyev öz iqamətgahında Türkiyənin bir sıra iş adamlarını ayrı-ayrılıqda qəbul etdi. Ölkələrimiz arasında işgüzar əlaqələri daha da möhkəmləndirmək və inkişaf etdirimək, Türkiyənin nüfuzlu şirkətlərinin Azərbaycana investisiyalar qoymaq imkanları barədə geniş müzakirələr aparıldı.

Həmin gün Türkiyə Baş nazirinin müavini, dövlət naziri Murad Karayalçı da Prezidentlə görüşə gəldi.

Mətbuat dairələri Azərbaycan Prezidentinin Türkiyəyə səfərinə böyük maraq göstərirdi. Dünyanın bir çox ölkələrindən bu səfəri işıqlandırmaq üçün çoxlu jurnalist gəlmişdi. Fevralın 11-də İstanbuldakı mətbuat mərkəzində təşkil olunan mətbuat konfransında Prezident Heydər Əliyev dost və qardaş ölkəyə tarixi səfərinin yekunlarından danışdı. Mətbuata bəyanatında səfərin məqsədinin iki dost və qardaş ölkə arasında bütün sahələrdə əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi olduğunu vurğulayaraq bildirdi ki, Azərbaycanın müstəqilliyini dünya dövlətləri arasında birinci olaraq Türkiyə tanımışdır. Eyni köklərə malik xalqlarımızın tarixi keçmişində, milli ənənələrində, mədəniyyətində hədsiz oxşarlıq var. Danışıqların nəticəsi olaraq qərara alındı ki, Türkiyə gənc Azərbaycana bir sıra sahələrdə, o cümlədən xarici siyasət sahəsində yardım edəcək, dəstək verəcək.

Ulu Öndər Ermənistanın Azərbaycana təcavüzündən geniş söhbət açdı, doğma yurd-yuvasından didərgin salınmış qaçqınların çox ağır həyat şəraiti barədə jurnalistlərdə aydın təsəvvür yaratdı. O, müharibənin dayandırılması üçün Azərbaycanın atdığı addımlardan da ətraflı bəhs edərək dedi: Biz münaqişənin sülh, danışıqlar yolu ilə həllinə tərəfdarıq və bunun üçün dəfələrlə təşəbbüs göstərmişik. Qarşı tərəf isə nə beynəlxalq təşkilatların, nə də dünya dövlətlərinin sözünə, qərarlarına məhəl qoymur, öz təcavüzkar hərəkətlərini davam etdirir. Hazırda Azərbaycan xalqı öz torpaqlarını azad etmək, ərazi bütövlüyünü qorumaq üçün ayağa qalxmışdır. Biz bir daha tələb edirik ki, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisindən çıxmalıdır.

Azərbaycanın müstəqil dövlət kimi ümumdünya təcrübəsindən istifadə edərək demokratiya yolu ilə getdiyini və öz milli ənənələrinə əsaslanaraq bu yolu davam etdirəcəyini xüsusi vurğulayan Heydər Əliyev media nümayəndələrini respublikamızda hüquqi və demokratik dövlət quruculuğu istiqamətində həyata keçirilən tədbirlər barədə məlumatlandırdı. Bəyan etdi ki, Azərbaycanda yaşayan hər bir vətəndaş dinindən, dilindən asılı olmayaraq eyni hüquqlara malikdir və dövlətimiz öz vətəndaşlarının hüquqlarının və insan haqlarının qorunmasına tam təminat verir. Azərbaycan sərbəst bazar iqtisadiyyatı yolunu seçib və dünyanın bütün ölkələrində, o cümlədən Türkiyədə fəaliyyət göstərən işgüzar dairələrlə sıx əlaqələr yaradılmasında maraqlıdır.

Ulu Öndər İstanbuldan Bakıya yola düşməzdən əvvəl türk dünyasının görkəmli xadimi, ölkənin keçmiş Prezidenti Turqut Özalın qəbrini ziyarət etdi.

/Ardı var/