07 aprel 2023 16:26
924

Heydər Əliyev və ziyalı missiyası

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə iki fərqli dönəmdə Azərbaycana rəhbərlik etmək nəsib olmuşdur – sovet dövründə  və Azərbaycan müstəqillik qazandıqdan sonra. Hələ 1969-cu ildən Azərbaycana rəhbərlik etdiyi illərdə respublikanın hər sahədə uğurunun, əməli işlərinin başlanğıcı qoyuldu. Ulu öndər dövlət quruculuğunda alimin, ziyalının mövqeyini yüksək qiymətləndirir, dövlətçilik ənənələrinin qorunmasında onların fəallığına önəm verirdi. Ziyalılığın ali vəzifəsini, məramını o, milli ədəbiyyatı, musiqini, mədəniyyəti, mənəviyyatı qoruyub saxlamaqda görürdü. Heydər Əliyev bilirdi ki, zamanın nəbzini hamıdan əvvəl və düzgün tutan, dövlətin  siyasi yolunu anlayan, onu axarından çıxmağa qoymayan təbəqə  ziyalı təbəqəsidir.  Bu təbəqə ümummilli liderin rəhbərlik etdiyi dövrdə onun arxasınca getmiş, dil, əlifba, mədəniyyətlə bağlı qərarlarının icrasını dəstəkləmişdir.

Ölkə rəhbərinin fəaliyyətində elmin inkişafı öncül yerlərdən birini tuturdu. Gənc istedadlı alimlər Rusiya və Avropa ölkələrinə ali məktəblərə, müxtəlif elm ocaqlarına təcrübə keçməyə göndərilirdi, bu da Azərbaycan alimlərinin  ixtiralarının, kəşflərinin, elmi yeniliklərin çəkisini, sayını artırırdı.

Heydər Əliyevi ziyalının nüfuzu, şəxsi siması həmişə narahat edirdi. Onun fikrincə, ziyalıdan danışarkən kütləvi şəkildə düşünmək olmaz. “Alim, şair, bəstəkar, rəssam, yazıçı, artist – bunlar fitri istedada malik olan nadir adamlardır və öz mədəniyyəti, yaradıcılığı, fəaliyyəti  ilə bizim cəmiyyətin mədəni səviyyəsini  qaldırırlar. Bu adamları təhqir etmək, onlara hörmət etməmək son illərdə  cəmiyyətimizdə olan əcaiblikdir. Ziyalının hörməti qalxmalıdır,  müəllimin hörməti qalxmalıdır,  şairin, yazıçının, alimin hörməti qalxmalıdır.  Onlar hörmətli olmalıdırlar həmişə.  Bu bizim cəmiyyətdən asılıdır, bizdən asılıdır. Biz öz hərəkətlərimizlə,  öz münasibətlərimizlə,  öz tədbirlərimizlə gərək ziyalıların cəmiyyətdə hörmətini qaldıraq”.

Heydər Əiyev Azərbaycan elminin, Azərbaycan ziyalısının dünyada tanıdılmasının tərəfdarı idi.  O, Azərbaycan Elmlər Akademiyasına, Akademiyanın yetişdirdiyi alimlərə qiymət verir, uğurlarını dəyərləndirirdi. “Xalqın iftixarı, fəxri” saydığı Elmlər Akademiyasını o, Azərbaycanın çoxəsrlik fəaliyyətində mühüm hadisə sayırdı. Onun fikrincə, “akademiya bizim ən yüksək elmi müəssisəmizdir, bütün  elmin zirvəsində  duran  təşkilatdır”.  O,  akademiyanın qarşısında dövlət müstəqilliyinə xidmət etmək  və Azərbaycan elminin inkişafında aparıcı rol oynamaq tələbini qoyurdu. O, alimlərlə görüşür, onların  üzərindən qayğısını əsirgəməyəcəyini bildirirdi.

Heydər Əliyev bir tarixçi, iqtisadçı, filosof, politoloq, sosioloq, alim kimi elm sahələrinin yenidən tədqiqinin, alimin, ziyalının missiyasını rəhbər fəhmi ilə dərk etmiş və bu sahədə dövlət əhəmiyyətli  qərarlarla Azərbaycan elminin və aliminin dünyada tanıdılmasına nail olmuşdur.

Könül  Həsənova,

Filologiya üzrə fəlsəfə  doktoru Azərbaycan Dövlət Pedaqoji Universiteti Filologiya fakültəsinin dekan müavini