06 aprel 2023 11:00
442

"Heydər Əliyev və Azərbaycanda veteran hərəkatı” mövzusunda konfrans keçirilib

Bakı Konqres Mərkəzində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda veteran hərəkatı” mövzusunda konfrans keçirilib.

“İki sahil” xəbər verir ki, konfransda Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Prezident Administrasiyasının məsul əməkdaşları Əli Pənahov, Samir Məmmədov, dövlət rəmiləri və QHT təmsilçiləri, veteranlar və gənclər iştirak ediblər.

Tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Konfransda çıxış edən Vüsal Quliyev bildirib ki, Azərbaycan veteranlar hərəkatının formalaşmasında və inkişafına ümummilli lider Heydər Əliyevin müstəsna rolu olub:

O vurğulayıb ki, Heydər Əliyev veteranlara hər zaman böyük diqqət və qayğı ilə yanaşıb, onlara münasibətdə xüsusi həssaslıq sərgiləyib.

“Ulu öndər veteranlara qayğı göstərməklə yanaşı, onların dövlətçilik mənafeyi, milli maraqlar konteksində birləşməsini də zəruri hesab edir, bu istiqamətdə mütəmadi addımlar atırdı. Ümummilli lider haqlı olaraq hesab edirdi ki, zəngin və şərəfli həyat yolu keçən veteranlar cəmiyyətin digər təbəqələri, xüsusilə də yeniyetmə və gənclər üçün nümunə olmalı, gənc nəsillər Vətənə, milli mənəvi dəyərlərə olan sevgini və bağlılığı veteranlardan öyrənməlidirlər. Bu baxımdan Heydər Əliyev veteranları cəmiyyətin avanqardı sayır, onların birliyinə, təşkilatlanmağına xüsusi önəm verirdi. Təsadüfi deyil ki, Azərbaycan veteranlar hərəkatının formalaşması Ulu öndərin adı ilə bağlıdır.
Veteranlarımızın iştirakı ilə keçirilən bu konfrans sübut edir ki, cəmiyyətimizin bütün təbəqəsi kimi veteranlar da öz qayğıkeş liderlərinin tarixi xidmətini unutmur, Ümummilli lideri hər zaman sevgi və ehtiram hissi ilə yad edirlər. Və nə qədər ki, Azərbaycan xalqı var Heydər Əliyev də xalqımızla birlikdə yaşayacaq, sonsuz sevgi ilə xatırlanacaq”, - Prezident Administrasiyasının sektor müdiri söyləyib.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov məhz ulu öndər Heydər Əliyevin sayəsində veteranlara dövlət qayğısının yüksək səviyyəyə çatdığını vurğulayıb: “Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşüb. Ümummilli liderin Azərbaycan qarşısındakı xidmətlərindən danışarkən onun ölkədə veteran hərəkatının inkişafına göstərdiyi böyük dəstək də yada düşür. Bu siyasət sonrakı mərhələdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib, veteranlara dövlət qayğısı yeni səviyyəyə qaldırılıb”.

Daha sonra təşkilat sədrləri və veteranlar çıxışlar ediblər. Onlar H.Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafı, veteranlara diqqət və qayğısı ilə bağlı fikirlərini bölüşüblər.

Konfransın sonunda xatirə şəkli çəkilib.