Jurnalist Aslan Aslanov 45 ildən çox Azərbaycanın müxtəlif mətbuat orqanlarında çalışıb. Ömrünün 30 ili Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə bağlı olub. Əvvəlcə agentlikdə müxbir, baş redaktor, 1997-2002-ci illərdə baş direktorun birinci müavini, 2002-2022-ci illərdə baş direktor, İdarə Heyətinin sədri işləyib. Ulu öndər Heydər Əliyevin 1993-çü il iyunun 9-da xalqın təkidli tələbi ilə Bakıya gələrək iyunun 11-də AMEA-nın Rəyasət Heyətinin binasında xarici ölkələrin səfirləri ilə ilk görüşündən başlayaraq, 2003-cü ilədək keçirdiyi görüşlərin, qəbulların, iclasların və digər tədbirlərin, eləcə də xarici ölkələrə səfərlərinin tam əksəriyyətində AZƏRTAC-ın əməkdaşı kimi iştirak edib. 1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Hazırda təqaüddə olan Aslan Aslanovun Ulu Öndərin 100 illiyi münasibətilə yazdıgı “Mən Heydər Əliyev məktəbində necə dərs aldım” sərlövhəli xatirələrini oxuculara təqdim edirik.
Fevralın 9-da günortadan sonra Azərbaycan Prezidenti Heydər Əliyev Türkiyə Böyük Millət Məclisinə gəldi. Parlament binasının önündə onu məclisin sədri Hüsaməddin Cindoruq mehribanlıqla qarşıladı. Sonra dövlətimizin başçısı ilə qardaş ölkənin parlament sədri arasında təkbətək görüş oldu. Prezident Heydər Əliyev Böyük Millət Məclisinin iclasında geniş nitq söylədi.
Azərbaycan xalqının səmimi qəlbdən gələn salamlarını deputatlara çatdıran Prezident Heydər Əliyev özünün Türkiyə sevgisini bu sözlərlə ifadə etdi: “Mən hələ gənc yaşlarında kitablardan, qəzetlərdən Türkiyə haqqında oxuyarkən bu ölkəyə hər zaman həsrətlə baxır, ona böyük maraq göstərir, Böyük Millət Məclisinin məlumatlarını həvəslə, diqqətlə oxuyurdum”.
Ulu Öndər çıxışında iki qardaş ölkənin iqtisadi inkişaf yolunu, islahatlar prosesini və dövrləri müqayisə etdi. Türkiyənin bugünkü səviyyəyə ani sıçrayışla çatmadığını vurğulayaq dedi: “Biz nəzərdə tutduğumuz islahatları tədricən həyata keçiririk. Şübhəsiz ki, indi başqa zəmanədir. Vaxt o vaxt deyildir. Lakin bunu elə etməliyik ki, bir iqtisadi-sosial sistemdən digər iqtisadi-sosial sistemə keçid Azərbaycan xalqının həyatı, yaşayışı üçün çox da ağır olmasın”.
Heydər Əliyev Türkiyədə, xüsusən Böyük Millət Məclisində Azərbaycanın bugünkü vəziyyəti haqqında real təsəvvür yaratmaq istəyirdi. Ulu Öndər deyirdi ki, Türkiyəni özümüzə dost, qardaş hesab etdiyimizə görə bu, bizə xüsusilə lazımdır. Yəni Türkiyədə Azərbaycana nə qədər doğru-düzgün bələd olsalar, ölkələrimiz arasında əlaqələr bir o qədər sürətlə inkişaf edər və biz nəticə etibarilə Türkiyənin təcrübəsindən daha çox faydalana bilərik.
Altı ildən bəri davam edən müharibə nəticəsində torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu diqqətə çatdıran, Azərbaycanda müxtəlif siyasi qüvvələrin hakimiyyət uğrunda apardıqları mübarizədən danışan Heydər Əliyev izah etdi ki, bu yersiz iddialar Azərbaycan dövlətçiliyinə, hələ qurulmamış, tam formalaşmamış ordumuza çox mənfi təsir göstərirdi. Ermənistan tərəfinin ölkəmizə hücumlarını daha da artırmasına imkan yaradırdı.
“Biz bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı, faydalı əlaqələr yaratmaq istəyirik. Bu sahədə Türkiyənin xarici siyasəti bizim üçün təcrübə məktəbidir”, -deyə dövlətimizin başçısı vurğuladı.
Heydər Əliyev daha sonra bəzi ölkələrin, o cümlədən Türkiyənin mətbuatında yer alan yanlış fikirlərə münasibət bildirdi: “Guya Azərbaycanın Müstəqil Dövlət Birliyinə daxil olması onun istiqlaliyyətini əlindən alır. Bu, yanlış fikirdir. Müstəqil Dövlətlər Birliyi ölkələri ilə əlaqələr həm iqtisadiyyatımızın inkişafı üçün müəyyən şərait yaradır, həm də müstəqilliyimizin təmin edilməsi üçün çox vacibdir”.
Bu duyğusal, yol xəritəsi təsiri bağışlayan nitq Böyük Millət Məclisinin deputatları tərəfindən böyük maraqla qarşılanır və hərarətlə alqışlanırdı. Həmin gün Türkiyənin bütün aparıcı televiziya kanalları, informasiya agentlikləri, qəzetləri öz xəbərlərini Azərbaycan Prezidentinin nitqinin şərhi ilə başlayırdılar. Onlar arasında ən çox diqqətçəkən “Heydər Əliyevin nitqi iki dost, qardaş ölkənin əlaqələri üçün yeni bir proqramdır”, “Azərbaycan-Türkiyə münasibətlərində yeni bir mərhələ başlayır”, “Heydər Əliyev bütün türk dünyası üçün dəyərli lider olduğunu bir daha göstərdi” kimi maraqlı başlıqlar idi.
Böyük Millət Məclisindəki tədbirdən sonra Türkiyə Prezidentinin iqamətgahında – “Çankaya” köşkündə iki dövlət arasında bir sıra sənədlər, o cümlədən dostluq, qarşılıqlı anlaşma və hərtərəfli əməkdaşlıq haqqında müqavilə imzalandı. Mərasimdə çıxış edən Türkiyə Cümhuriyyətinin Prezidenti Süleyman Dəmirəl və Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev iki dost və qardaş ölkə arasında imzalanan sazişlərə yüksək qiymət verərək bildirdilər ki, bu sənədlər Azərbaycan-Türkiyə münasibətlərinin daha da möhkəmlənməsində və dərinləşməsində mühüm rol oynayacaq.
Həmin mərasimdə iqtisadiyyat, səhiyyə, maliyyə, təhsil, mədəniyyət, gömrük əlaqələri və digər sahələrdə qarşılıqlı əməkdaşlıq haqqında ümumilikdə 16 sənəd imzalandı.
Azərbaycan Prezidenti “Çankaya” köşkündən “Ankara Palas” hotelinə gələrək burada dünya ölkələrinin Türkiyədəki səfirləri və diplomatik korpusun digər nümayəndələri qarşısında çıxış etdi.
Müstəqil Azərbaycan dövlətinin xarici siyasət kursunun əsas istiqamətlərini açıqlayan Heydər Əliyev dedi ki, biz bütün ölkələrlə qarşılıqlı surətdə faydalı bərabərhüquqlu əlaqələr qurmaq prinsipini əsas tuturuq. İndi Azərbaycan dünya birliyinin, BMT-nin tamhüquqlu üzvü olmaqla, bütün beynəlxalq təşkilatlarla imkan daxilində əlaqələr qurmağa can atır. Eyni zamanda, dünyanın bütün ölkələri ilə əlaqələri möhkəmləndirir, xüsusən yaxın qonşuları ilə əməkdaşlığa xüsusi diqqət yetirir.
Heydər Əliyev dünya ölkələrinin diplomatlarını Azərbaycan ərazisində gedən müharibə, Ermənistanın təcavüzü nəticəsində öz torpaqlarında qaçqına çevrilən və çox çətin vəziyyətdə yaşayan bir milyondan artıq vətəndaşımızın problemləri barədə də ətraflı məlumatlandırdı. Vaxtilə süni surətdə yaradılmış “Qarabağ məsələsi”nin əsl mahiyyətini hərtərəfli izah etdi.
Heydər Əliyev müharibənin danışıqlar yolu ilə dayandırılması barədə Azərbaycanın səyləri, beynəlxalq təşkilatların vasitəçilik fəaliyyəti və dünyanın bir sıra böyük dövlətlərinin sülh təşəbbüsləri barədə də danışaraq dedi ki, biz müharibə istəmirik. Lakin Azərbaycan xalqı artıq ayağa qalxaraq, beynəlxalq təşkilatların, o cümlədən BMT-nin qətnamələrinə məhəl qoymayan təcavüzkara qarşı, işğal olunmuş torpaqlarımızı azad etmək uğrunda mübarizə aparmaqdadır. Ulu Öndər görüşdə Azərbaycanda demokratik proseslərin gedişindən də ətraflı söhbət açdı.
Görüşün sonunda diplomatlar növbə ilə Heydər Əliyevə yaxınlaşıb onunla səmimi görüşdülər. Azərbaycan Prezidenti onların hər birinə xüsusi diqqət yetirdi, qısa söhbət etdi.
Bununla da Prezident Heydər Əliyevin Türkiyə səfərinin rəsmi hissəsi başa çatır. Sabah isə İstanbulda bir çox işgüzar görüşlər olacaq. Respublikamızın rəhbəri yenidən “Çankaya” köşkünə gəlir və burada təntənəli yolasalma mərasimi keçirilir.
“Çankaya” köşkü Azərbaycanın və Türkiyənin dövlət bayraqları ilə bəzədilmişdi, fəxri qarovul düzülmüşdü. Heydər Əliyev və Süleyman Dəmirəl fəxri kürsüyə qalxırlar. Toplardan atılan yaylım atəşinin sədaları altında iki qardaş ölkənin dövlət himnləri ifa olunur. Fəxri qarovulun rəisi prezidentlərə raport verir. Heydər Əliyev və Süleyman Dəmirəl fəxri qarovulun önündən keçirlər, bir anlıq ayaq saxlayaraq Azərbaycan və Türkiyənin dövlət bayraqları önündə baş əyirlər. Bu, doğrudan da çox təsirli, unudulmaz və qürurverici anlar idi.
Azərbaycan Prezidenti axşamdan xeyli keçmiş Ankaradan İstanbula getmək üçün “Esenboğa” hava limanına gəldi. Onu “Süleyman Dəmirəl və digər yüksək vəzifəli şəxslər təyyarənin pilləkəni yanında yola saldılar.
Fevralın 10-da səhər tezdən görüşlər və tədbirlər yenə də biri-birinin ardınca davam etməyə başladı. Bu günümüz üçün də aktuallığını nəzərə alaraq, həmin görüşlərdən birinin üzərində daha ətraflı dayanmağı lazım bilirəm. Heydər Əliyevin İstanbula səfəri müsəlman, xristian və yəhudi din xadimlərinin iştirakı ilə “Sülh və səbir” devizi altında keçirilən beynəlxalq konfransla eyni vaxta təsadüf etmişdi. Konfransın bir qrup nümayəndəsi Azərbaycan Prezidenti ilə görüşə gəlmişdi.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Hacı Allahşükür Paşazadə görüş iştirakçılarını Prezident Heydər Əliyevə təqdim etdi. ABŞ-da fəaliyyət göstərən “Vicdana çağırış” Beynəlxalq Fondunun prezidenti ravvin Artur Şnayer Azərbaycan Prezidentinə müraciətlə dedi: “Sizinlə İstanbulda görüşmək bizim konfransın nümayəndələri üçün çox xoş və şərəfdir. Konfransın ünvanına göndərdiyiniz məktubu hörmətli şeyx Allahşükür Paşazadə oxudu. Siz konfransda qəbul olunmuş sənədləri təqdim etdiyimiz ilk dövlət xadimisiniz. Mənim xəbərim var ki, Azərbaycan keçid dövrünü yaşayır. Bu şəraitdə lider olmaq üçün məharət və uzaqgörənlik tələb olunur. Biz, dünyadakı bütün dinlərin nümayəndələri dua edirik ki, Allah Sizə öz uzaqgörənliyinin bir hissəsini bəxş etsin. Dua edirik ki, Siz öz xalqınızı sülhə doğru aparasınız”.
Ulu Öndər isə cavabında sülh və vicdana çağırış məsələlərinin ön sıraya çəkilməsinin çox təqdirəlayiq olduğunu vurğuladı: “Təəssüf ki, son illərdə dünyanın müxtəlif bölgələrində sülh pozulub. İnsanlar və dövlətlər arasında müharibə gedir, bu da insanların rahat yaşamasına mane olur. Müharibə heç vaxt dini xarakter daşıya bilməz. Çünki din həmişə insanları birliyə dəvət edir”.
Ölkəmizdə müsəlmanlarla yanaşı, digər dinlərin nümayəndələrinin də mehribanlıq şəraitində yaşadıqlarını diqqətə çatdıran dövlətimizin başçısı Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarının 20 faizini işğal etməsindən narahatlıqla söhbət açaraq bildirdi ki, nə erməni xalqı, nə də Azərbaycan xalqı bu münaqişəni istəmir: “Ermənistandakı təcavüzkar qüvvələr belə bir təbliğat aparırlar ki, guya azərbaycanlılar erməniləri Qarabağdan qovmaq istəyirlər və bu müharibə xristian-müsəlman qarşıdurmasına çevrilə bilər. Bu fikirlərin heç bir əsası yoxdur və mən Prezident kimi onları rədd edirəm.
Görkəmli din xadimləri ilə keçirilən çox istiqanlı, mehriban görüşdə dünyanı narahat edən, bəşəriyyət üçün vacib olan bir sıra problemlərin həlli yolları barədə fikir mübadilələri bir xeyli davam etdi.
/Ardı var/