Müstəqil dövlətimizin memarı və qurucusu olan ulu öndər Heydər Əliyev həm də qüdrətli Azərbaycan Ordusunun yaradıcısıdır. Müstəqillik illərində ordu quruculuğu prosesinin dövrün çağırışlarına müvafiq olaraq ardıcıllıqla həyata keçirilməsi Azərbaycanın hərbi qüdrətinin artırılması işinə mühüm töhfələr vermişdir. Ümumiyyətlə, ulu öndər tərəfindən hələ sovet dönəmində ordu quruculuğu istiqamətində bir sıra mühüm addımlar atılmışdı. Əgər Heydər Əliyevə qədər Azərbaycan gənclərinin hərbi xidmətə cəlb edilməsinə onların iki illik hərbi mükəlləfiyyəti, hansısa bir hərbi hissədə iki illik müddətin başa vurulması sınağı kimi baxılırdısa, Heydər Əliyev respublikaya rəhbərlik etdiyi illərdə bu baxışları dəyişməyə müvəffəq oldu və bunu bir ümumxalq vəzifəsi kimi aktuallaşdırdı. Yeni şəraitdə hərbi xidmət kişilik məktəbi, xalq üçün xüsusi əhəmiyyət kəsb edən mürəkkəb hərbi ixtisasların öyrənilməsi məktəbi kimi qəbul edildi, hərbi xidmətə hazırlıq işlərinə diqqət artırıldı, gənclərin xidmətə yola salınması xalqın və dövlətin qayğısı ilə əhatə olundu.
Sovet dövründə, Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə Azərbaycanda hərbi-təşkilati işlər bir neçə istiqamətdə aparılırdı və milli dəyərlər, xalqın maraqları bu işlərin əsas məzmununu təşkil edirdi. Bu istiqamətlərdən biri Azərbaycan gənclərinin hərbi xidmətə hazırlanması, onların xüsusi ixtisaslı hərbi hissələrə göndərilməsinə nail olunması idi. Məlumdur ki, Sovet dövründə azərbaycanlı gənclərin əksəriyyətinin arxa xidmət hərbi hissələrinə göndərilməsinin əsas səbəblərindən biri kimi onların rus dilini zəif bilməsi göstərilirdi. Heydər Əliyev özü də bildirirdi ki, hər il Azərbaycandan təxminən 60 min gənc hərbi xidmətə çağırılırdı. Lakin onların çox az hissəsi xüsusi ixtisaslar öyrədən hərbi hissələrə yola salınırdı. Gənclərin böyük əksəriyyəti isə tikinti və xidmət hərbi hissələrinə göndərilirdi. Belə bir vəziyyətin mövcudluğunu Heydər Əliyev narahatçılıqla qarşılayırdı və o, şübhə etmirdi ki, bununla azərbaycanlılar hərb işindən yadırğadılır. Ulu Öndər etiraf edirdi ki, belə vəziyyət bizə toxunur və nə üçün Azərbaycandan hərbi xidmətə çağırılanların əksəriyyəti ya inşaat hərbi hissələrinə göndərilir, ya da ikinci-üçüncü dərəcəli hərbi hissələrə. Bununla azərbaycanlılar arasında hərbi işə olan bağlılığın qırılması təhlükəsi yarana bilərdi. Bu narahatlığın aradan qaldırılması üçün Azərbaycanda gənclərin hərbi xidmətə hazırlanmasına yeni tələblər irəli sürüldü. İlk növbədə, respublika məktəblərində rus dilinin tədrisinə diqqət artırıldı, rus dili müəllimləri hazırlayan ayrıca bir institut yaradıldı, Azərbaycan Dövlət Pedaqoji institutu nəzdində ibtidai hərbi hazırlıq müəllimləri hazırlayan fakültə açıldı, hərbi vətənpərvərlik tərbiyəsi gücləndirildi, məktəblilər arasında hərbi oyunların keçirilməsi davamlı xarakter aldı, respublikadakı hərbi komissarlıq orqanlarının fəaliyyətinə tələbkarlıq artırıldı, respublika rəhbərliyi tərəfindən bu sahədə təşkilatçılıq işləri gücləndirildi. Azərbaycanda hərbi xidmətə çağırış işlərinin vəziyyəti dəfələrlə Heydər Əliyevin rəhbərliyi altında müvafiq vəzifəli şəxslərin iştirakı ilə müzakirə olundu, lazımi qərarlar qəbul edildi. Respublika daxilində də gənclərin hərbi ixtisaslara marağı artırıldı və bunun üçün Orduya, Aviasiyaya Könüllü Yardım Cəmiyyətinin respublika daxilində klublarının imkanlarından geniş istifadə edildi. Heydər Əliyevin qeyd etdiyi kimi, XX əsrin 70-ci illərindən etibarən peşəkar hərbi kadrların hazırlanması məsələsi Azərbaycan xalqının əsas vəzifələrindən biri kimi ortaya qoyuldu. Bütün bunların nəticəsində həm gənclərin hərbi xidmətə çağırış işi təkmilləşdirildi, həm də azərbaycanlıların xüsusi ixtisas hazırlığı verən hərbi hissələrə göndərilməsi artdı.
Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin o dövrdə Bakıda açılması da Heydər Əliyevin xidmətlərinin nəticəsi idi. Sonralar Ulu Öndər deyirdi: “Biz Cəmşid Naxçıvanski adına Hərbi Liseyin ilk bünövrə daşlarını qoyanda o bizim üçün nəzəriyyə deyildi, böyük gələcəyə, Azərbaycanın gələcəyinə baxış idi. Azərbaycanın milli zabit kadrlarının hazırlanması üçün ilk uğurlu addımlar idi. Biz bu addımları atarkən düşünürdük ki, zaman gələcək, Azərbaycan xalqı öz milli azadlığına qovuşacaq, öz dövlət müstəqilliyini əldə edəcək, müstəqil Azərbaycan dövləti yaranacaq. Yarandı da. Məhz bugünkü müstəqilliyimizə görə mən bu məktəbi yaratdım, yaşatdım, böyütdüm. Bilirsiniz, sizə səmimi deyirəm, C.Naxçıvanski adına lisey mənim üçün bir övladdır. Ona öz övladım kimi baxıram və nə qədər yaşayıramsa, ona bax, bu cür baxacağam”.
Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra da apardığı məqsədyönlü və qətiyyətli siyasət nəticəsində Milli Ordu formalaşdırıldı, Azərbaycanın nizami Silahlı Qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görüldü, orduda kütləvi fərarilik hallarına son qoyuldu, hərbi intizam möhkəmləndirildi. 1994-cü il mayın 12-də atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycanda ordu quruculuğu daha da sürətləndi, həyata keçirilən siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı.
Ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara başlandı. Qısa müddətdə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı. Dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, hərbçi olmağı şərəf bilən zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olundular. Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, maliyyə-təsərrüfat fəaliyyəti nizama salındı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı və döyüş ruhu yüksəldildi. Silahlı Qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı.
Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi, peşəkarlığının artırılması fasiləsiz davam edən bir prosesdir. Döyüş hazırlığı məsələlərinə ciddi önəm verilməsinin nəticəsidir ki, Azərbaycan Ordusu hal-hazırda istər quruda, istər havada, istərsə də dənizdə hər hansı döyüş tapşırığını layiqincə yerinə yetirməyə qadirdir. Bunun nəticəsidir ki, 2003-cü ildən etibarən Azərbaycanda hərbi quruculuq bu gün də yüksələn xətlə inkişaf edir. Azərbaycan xalqı artıq 26 İyun - Silahlı Qüvvələr Gününü böyük qürurla, ruh yüksəkliyi ilə qeyd edir. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəman əsgər və zabitləri 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfər qazanmaqla tarix yazdılar. Bunun ən başlıca səbəbi isə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hakimiyyətə gəldiyi ilk gündən Ümummilli Liderimizin başlatdığı və uğurla inkişaf etdirdiyi ordu quruculuğu işini prioritet elan etməsi ilə bağlıdır. Bu siyasəti uğurla davam etdirən Möhtərəm Prezident cənab İlham Əliyevin müasir ordu quruculuğu istiqamətində uzaqgörənliklə qəbul etdiyi qərarlar, atdığı qətiyyətli addımlar, həyata keçirdiyi kompleks tədbirlər Azərbaycan Ordusunu cəmi bir neçə il ərzində dünyanın ən qüdrətli orduları sırasında yer almasını təmin etdi.
Anar Məmmədov,
Milli Məclisin deputatı