04 mart 2023 02:58
647

Qədim oğuz yurdu Göyçə: Erməni fıtnəkarlığının qurbanı

Tarixi mənbələr göstərir ki, Qərbi Azərbaycan adlanan ərazidə vaxtilə ermənilər yaşamamışlar. Daşnak quldurlar öz havadarlarının dəstəyi ilə bu yerlərə əsasən Türkiyə, İran və digər dövlətlərin ərazilərindən axışıb gəlmişlər. Məqam düşdükcə, buradakı azərbaycanlıları öz ata-baba yurdlarından sıxışdırıb çıxarmış bu nankorlar tarixən xalqımıza qarşı düşmən mövqeyində dayanmışlar. Həmişə "dənizdən-dənizə böyük Ermənistan" yaratmaq iddiası ilə yaşayan, tarixən Rusiyanın müəyyən dairələrinin əlində türk xalqlarına qarşı terrorçuluq alətinə çevrilən ermənilər 1948-53-cü illərdə qədim oğuz ellərində - bu gün Ermənistan adlanan ərazidə daha bir məkrli siyasətlərini fitnəkarlıqla reallığa çevirmişlər. Onlar dünyaya səs salırdılar ki, guya əzab-əziyyət içərisində yaşayırlar, əkib-becərməyə meyilli olsalar da, bu ərazilərdə azərbaycanlılar yaşayır. Çıxış yolu isə ondadır ki, müsəlmanlar öz əzəli torpaqlarından köçürülsün, qonşu Azərbaycanda onlara yer ayrılsın.

Ermənilər azərbaycanlıların Qərbi Azərbaycandan köçürülməsi üçün əvvəlcə "Qızıl Moskvaya" arxalandılar. Xaricdəki erməni diasporunun, xüsusilə Anastas Mikoyanın dəstəyi ilə Stalini ələ aldılar. Stalin belə bir göstərişə imza atdı ki, xarici ölkələrdən Ermənistan ərazisinə köçürülən 500 minə yaxın erməni müxtəlif şəhər və rayonlarda yerləşdirilsin, azərbaycanlılar isə öz ərazilərindən çıxarılsın, Azərbaycan Respublikasının Kür-Araz ovalığında yerləşdirilsin ki, onlar burada kənd təsərrüfatını inkişaf etdirsinlər. Azərbaycanlılara qarşı belə bir xəyanət toru İrəvanda hazırlanıb həyata keçirildi. Hətta belə bir ədalətsiz qərara nəinki Moskva, Yerevan, hətta həmin dövrdə Azərbaycan KP MK-nın birinci katibi Mircəfər Bağırov da öz xeyir-duasını verdi. Ermənistandakı azərbaycanlıların başının üstünü 1919-cu ildəki kimi yenidən qara buludlar aldı, xalqa arxa, dayaq duran tapılmadı. Qərar qəti idi: Köç kampaniyası hökmən yerinə yetirilməliydi!

Tarixi mənbələr göstərir ki, həmin dövrdə Göyçə mahalı başdan-başa qəm-qüssəyə, matəm libasına bürünmüşdü. Heç kəs öz ata-baba ocağını, qabarlı əlləri ilə ucaltdığı ev-eşiyini tərk etmək istəmirdi. Göyçə gölünün sahillərində yerləşən, Kəlbəcər və Gədəbəy rayonları ilə həmsərhəd olan Basarkeçər azərbaycanlıların ən çox yaşadığı bir bölgə idi. Bu torpaqda yetişən çoxsaylı ziyalılar həmişə erməniləri qorxu, səksəkə içərisində saxlayırdı. Daşnaklar Göyçədə öz çirkin əməllərini həyata keçirməyə cəsarət etmirdilər. Elə buna görə də İrəvanda belə bir məxfi göstəriş verilmişdi ki, 1946-48-ci illərdə Ermənistandan azərbaycanlıların köçürülməsinə Basarkeçərdən başlansın.

1960-cı illərdən başlayaraq Ermənistan SSRİ-də azərbaycanlılardan rəhbər vəzifədə olanların böyük əksəriyyətini ermənilər əvəz etdilər. Göyçə mahalının Basarkeçər, Krasnoselo, həmçinin Qarabağlar, Zəngibasar, Vedi rayonlarında (əhalinin 75-90 faizi azərbaycanlılar olmaqla) rayon partiya komitələrinin azərbaycanlı olan birinci və ikinci katibləri heç bir əsas olmadan işdən azad edildilər. Bu dövrdə Ermənistan rəhbərliyi erməni şovinizmini gənclərin beyninə yeritmək üçün ideoloji təbliğatdan geniş istifadə edirdi. Bunun məntiqi davamı olaraq siyasi qərarla İrəvan şəhərində uydurma 1915-ci il “erməni soyqırımı”na abidə də qoyulmuşdur. Ermənistan SSR Nazirlər Sovetinin 18 mart 1965-ci il qərarı ilə “1915-ci il qırğınının qurbanı” olan ermənilərin xatirəsini əbədiləşdirmək üçün İrəvan şəhərində daş abidə qoyulması qərara alınmışdı. 1965-ci ilin aprel ayının 23-25-də İrəvan şəhərində keçirilən tədbirlər kulminasiya nöqtəsinə çatır. İrəvan şəhərində 400 min erməni əhalisi küçələrə çıxaraq, “genosid qurbanları”nın xatirəsinə ucaldılmış memorial tikinti yerinə doğru axışırdı. Kütlənin önündə erməni katolikosu ilə birlikdə respublikanın rəhbərləri addımlayırdılar. Kütlənin başı üzərində qara parça ilə örtülmüş rəmzi tabut və “Böyük Ermənistan”, “Qoparılmış ərazilər Ermənistana qaytarılmalıdır!”, “İntiqam!”, “İntiqam! “sözləri yazılmış şüarlar aparılırdı. Bu hadisədən sonra Ermənistan SSR-in azərbaycanlı əhalinin sıxışdırılmasına başlanıldı, xüsusən İrəvanda, Göyçədə, Leninakanda, Kirovakanda, Qafanda avtobuslarda, bazarlarda, ictimai yerlərdə azərbaycanlılar təhqir olunur, döyülürdü.

Azərbaycanlıların öz dədə-baba torpaqları olan indiki Ermənistan ərazisindən məcburən və kütləvi zorakılıqla qovulmasının sonuncu mərhələsi 1988-1989-cu illərdə baş vermişdir. 1988-ci il fevralın 20-də keçmiş DQMV-nin Xalq deputatları Soveti “Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibindən çıxarılaraq, Ermənistan SSR-in inzibati-ərazi bölgüsünə daxil edilməsi haqqında” qərar qəbul etməsi millətlərarası münasibətləri daha da kəskinləşdirdi. Bu addımlardan sonra ermənilər hər yerdə olduğu kimi, Göyçədə də açıq hərbi təcavüzə cəhd göstərdilər. 1988-ci il mart ayının 26-nı “Sumqayıtın qisas günü” elan etmiş “Krunk” cəmiyyətinin çağırışına cavab olaraq ermənilər Basarkeçərdə də qanlı aksiyalar törətmək iddiasına düşmüşdülər. 1988-ci il iyun ayının 15-də Göyçə mahalında ermənilərin yaramaz hərəkətlərinə qarşı azərbaycanlılar öz etiraz səsini qaldırmalı oldular. Krasnoselo rayonunun Şorca və Gölkənd kəndlərində on min əhalinin mitinqi keçirildi. Səhərisi gün Basarkeçər rayonunun Şişqaya və Nərimanlı məntəqələrində də azərbaycanlılar mitinqə çıxdılar. Ümumilikdə bu mitinqlərdə iyirmi mindən çox adam iştirak etmişdir.

Nəhayət, 1988-ci ilin yazında 17 azərbaycanlı kəndi nümayəndələrinin iştirakı ilə Nərimanlı kəndi ərazisindəki Göy körpüdə və Krasnoselo rayonu ərazisindəki azərbaycanlı kəndlərinin birləşmiş səyı ilə Şorça kəndində başlamış bu mitinqlərdə “Göyçənin Ermənistan SSR-in tərkibindən çıxarılaraq, Azərbaycan SSR-in ərazi – inzibati bölgəsinə daxil edilməsi” tələbi irəli sürülmüşdür. Təəssüflər olsun ki, Göyçə azərbaycanlılarının bu haqlı tələblərinə dəstək olaraq, noyabr ayının 17-də Bakıda Azadlıq meydanında yüzminlərlə insanın iştirakı ilə keçirilən mitinq zamanı Ermənistanda yaşayan azərbaycanlılara muxtariyyat verilməsi tələbi ilə qətnamə qəbul olunsa da, bu tələb o zamankı Azərbaycan rəhbərliyi tərəfindən dəstəklənmədi. 1988-ci ilin sentyabr-oktyabr aylarında erməni millətçiləri ardı-arası kəsilməyən mitinqlər keçirir, bu bölgələrdən azərbaycanlıların çıxarılmasını tələb edirdilər. Evlərə od vurulur, insanlar işgəncə ilə öldürülür, qadınların sinəsinə xaç çəkilir, uşağa, qocaya rəhm edilmirdi. Bu ərazilərdə iqtisadi blokada davam etdirilirdi. Bütün bunlara isə SSRİ rəhbərliyi laqeyidcəsinə göz yumurdu.

1988-ci il noyabr ayının 22-də Ermənistanın SSR Ali Sovetinin sessiyası öz işini yarımçıq dayandıraraq, bütün stansiya rəhbərlərinə “noyabr ayının 28-dək respublikanın türklərdən təmizlənməsini təmin etmək” tapşırığı verildi. Ermənistanın bütün rayonlarına şamil edilən bu qərarın təsir dairəsinin mərkəzinə şübhəsiz ki, Göyçə mahalı və Ağbaba bölgəsi düşürdü. Çünki 1988-ci ilin noyabr ayınadək digər rayonlardan azərbaycanlıların deportasiyası, demək olar ki, başa çatdırılmışdı. Odur ki, Göyçə və Ağbabadan soydaşlarımızın deportasiyasına rəhbərlik Ermənistan Respublikasının ali rəhbərliyinə həvalə edildi. Noyabr-dekabr aylarında Ermənistandan azərbaycanlıların çıxarılması üçün son hazırlıq işlərinə başlandı. İllərdir həyata keçirilən “Türksüz Ermənistan” planının son mərhələsinə start verildi. Bu daşnak-kommunistlərin rəhbərliyi sayəsində Göyçə əhalisi öz dədə-baba yurdlarından tamamilə qovularaq Azərbaycana “yola salındılar”. Onlarla azərbaycanlı döyülərək yaralandı və qarlı-boranlı dağ yollarında həlak oldular.

1988-ci ilin noyabrında ermənilərin Göyçədə həyata keçirdikləri soyqırımı və deportasiya siyasətinə o zamanki Azərbaycan hökuməti tam laqeydliklə yanaşdı. Azərbaycan KP MK-nın o vaxtkı birinci katibi Ə.Vəzirov bilavasitə ermənilərin tərəfdaşı rolunda çıxış etdi. Deportasiyanı həyata keçirmək üçün erməni tərəfinə nəqliyyat yardımı göstərən Azərbaycan KP MK-nın birinci katibi qaçqınların Azərbaycanın ermənilər yaşayan bölgəsində yerləşməsinə rəsmi qadağa qoydu ki, bunun da çox ciddi nəticələri oldu.

Sevinc Azadi, “İki sahil”