03 mart 2023 02:35
577

“Əntiq meyvə”

Banan ilk dəfə Makedoniyalı İskəndərin ordusu tərəfindən eramızdan əvvəl 327-ci ildə Hindistanda kəşf olunub. Hindlilər onun kölgəsində sərinləyir və meyvələrindən yeyirdilər. Ərəblər və yunanlar bu bitkini “əntiq meyvə” bitkiləri qrupuna aid etmişdilər. Sonralar banan ərəb tacirləri tərəfindən Afrika sahillərinə, oradan portuqaliyalılar tərəfindən (1482-ci il) Portuqaliyaya, oradan isə 1516-cı ildə Atlantik okeanını keçərək Amerika qitəsinə aparılıb. Güman olunur ki, ABŞ-a banan 1690-cı illərdə Meksika sahillərindən gətirilib.

Ərəb dilindən “banan” sözü “barmaq” olaraq tərcümə olunur.

Banan  buğda, düyü və qarğıdalıdan sonra dünyanın ən yüksəkkalorili 4-cü qidasıdır. Banan nəinki  kartof və əti, hətta çörəyi  də əvəz edən ucuz və kalorili qida növüdür.

Banan iştahası olmayanların enerji əldə etməsi üçün yaxşı seçimdir.

Hər il dünyada 100 milyarddan çox banan yeyilir.  Ən çox banan isə  Afrika ölkəsi Uqandada yeyilir. Bu ölkənin hər bir sakininin adam başına ildə təxminən 220 kq şirin meyvə düşür.

Banan ağacda yetişsədə,  əslində banan ağacı bir ot növüdür. Yeri gəlmişkən, banan dünyanın ən böyük giləmeyvədir.Yəni, banan meyvə deyil.
Hazırda təxminən bananın 300-ə yaxın növü mövcuddur.  Lakin onların əksəriyyəti qida üçün uyğun deyil. Yalnız 6 növ bananı qida növü kimi istifadə etmək olar.  Onlar-  Dondurma növü, Leydi Finger, Robusta, Racapuri, Maysur və Kavendiş.

Kavendiş — ən məşhur banan növü sayılır. Ötən əsrin ortalarında isə ən yeməli və daha dadlı banan növü məhz Qro-Mişel sayılırdı. Lakin  demək olar ki, bu növ tamamilə məhv olmuşdur. Məhv olmasına səbəb isə “Panama xəstəliyi” adlı bir göbələk oldu.

Demək olar ki, bananların bütün növləri radioaktivdir: tərkibində kalium, askorbin turşusu var. Banan C, A, B vitaminləri və maqniumla zəngindir. Bananın tərkibində 14—22% şəkər, 5—8% nişasta, 1,5%-dək proteində mövcuddur. Alimlər iddia edirlər ki, banan hüceyrələrin və mədənin selikli qişasının bərpasına yardım edir.

Bu giləmeyvə nəinki  arıqlamaq, həm də kökəlmək üçün istifadə oluna bilir. Səhərlər bir banan yeyəndə tərkibində olan pektinin hesabına mədə şirəsini yığdığına görə həm aclığı götürür, həm də 100 qram meyvə 90-100 kalori enerji verir. Südlə banan yeyilməsi isə çəki artırır. Banan orqanizmdə asan mənimsənildiyindən zəifləmiş insan 5-6 banan yeməklə günə 500-600 kalori toplaya bilir.

Avstraliyada  qeyri-adi Qoldfinger bananları yetişir. Onların dadı və quruluşu almaya daha çox bənzəyir.

Bananın M. Textilis növünün yalançı gövdəsindən toxuçuluq sənayesi üçün lif, dəniz burazı, balıq ovunda işlədilən ip hazırlanır.
Banan hələ kal olanda yığılır və havada qalaraq tam yetişir.

Banan insan temperaturunu aşağı salmaq xüsusiyyətinə malikdir.  Əsasən Taylandda sərinləşdirici meyvə kimi istifadə edilən banan hamilə qadınların  daxili istiliyini aşağı salan bir vasitə kimi istifadə olur. Burada hamilə qadınlar körpələrini rahat  şəraitdə dünyaya gətirmək  üçün mütləq banan yeyirlər.

Banan əzməsi ilə edilən masaj dərini yumşaldır və nəmləndirir.

Triptofan amino asitlə zəngindir. Bu asit bədəndə seratoninə çevrilir. Seratonin də öz növbəsində depressiya kimi halların yox edilməsində faydalıdır.

Bal və vanillə birgə hazırlanmış banan püresi saçların yumşalmasına kömək edir.

Banan, həmçinin beyinin fəaliyyətinə müsbət təsir göstərir. Məsələn, İngiltərədə məktəblərin birində aparılan araşdırmada 200 şagird imtahan günləri boyunca naharda, fasilədə və günorta yeməyində banan yeyiblər. Tədqiqatlar kaliumla zəngin bu meyvənin şagirdləri daha gümrah saxladığını sübut edib.

Mədə xorası üçün də çox faydalıdır. Proteaz inhibitoru deyilən birləşimi sayəsində mədədə olan zərərli bakteriyalarla mübarizə aparır.

Lif baxımından zəngindir, qəbizliyə qarşı faydalıdır.

Anemiya xəstəliyi olan insanların gündəlik rasionunda mütləq banan olmalıdır. Çünkü o, bədənin hemoqlabin səviyyəsini normaya salan dəmir baxımından olduqca zəngindir.

Əsasən qışda yeyilən bir giləmeyvənin tərkibində olan maqnezium stresi azaltmağa və orqanizmin sinir yorğunluğuna davamlılığını artırmağa kömək edir.

Bananın tərkibində yüksək səviyyədə olan B6 vitaminidə  sinir sisteminin fəaliyyəti üçün çox vacibdir.

Yuxusuzluqla mübarizədədə ən effektli qidalardan biri banandır. Yatmazdan qabaq banan yemək yuxuya getməni təmin edir. Melatonin və seratonin hormonları ilə yanaşı, bananın tərkibində olan maqnezium əzələlərə rahatlıq gətirir. Bananı yatmazdan bir-iki saat əvvəl yemək məsləhətdir.

Məşhur dietoloq Brin Makdauell rasiona banan əlavə edilməsini tövsiyə edib.

Bananın böyrək xərçənginə qarşı təsirli olduğu təsbit edilib. Həftədə 4-6 dəfə banan yeyənlərin bu xəstəliyə yoluxma riskinin daha az olduğu bildirilir.

Çox maraqlıdır ki, həşəratların dişləməsi zamanı banan qabığının həmin bölgəyə sürtülməsi qaşınmanın və şişmənin qarşısını alır.

Siqareti tərgidən biri üçün nikotinə olan ehtiyacını unutmaq adətən çətin olur. Bananın tərkibində olan B6,  B12 vitaminləri bu çətinliyi aradan qaldırmağa kömək edir.

Potasium və maqnezium tərkibli olduğundan ürək xəstəliklərindən qorunmağa kömək edir. 

Samirə Tağıyeva, “İki sahil”