AMEA-nın Qərbi Azərbaycan tədqiqatları üzrə Əlaqələndirmə şurasının iclası keçirilib.
“İki sahil” xəbər verir ki, iclasda AMEA-nın prezidenti, Akademiyanın Qərbi Azərbaycan tədqiqatları üzrə Əlaqələndirmə şurasının sədri, akademik İsa Həbibbəyli, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri, Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, AMEA-nın Folklor İnstitutunun Qərbi Azərbaycan folkloru şöbəsinin müdiri Əziz Ələkbərli, elmi müəssisə və təşkilatların baş direktorları və Əlaqələndirmə şurasının digər üzvləri iştirak ediblər.
Prezident İlham Əliyevin ötən il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdüyünü və geniş nitqlə çıxış etdiyini xatırladan akademik İsa Həbibbəyli bildirib ki, dövlət başçısının irəli sürdüyü fikirlər Qərbi Azərbaycan tarixinin tədqiq olunması, oradan zorla köçürülmüş azərbaycanlıların haqlarının müdafiə edilməsi, onların qayıdışının həyata keçirilməsi dövlət səviyyəsində atılan addımdır.
Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən Böyük Qayıdışa dair I Dövlət Proqramından sonra ölkəmizdə ikinci Böyük Qayıdış Proqramı olacağını deyən AMEA rəhbəri dövlət başçısının haqlı çağırışının beynəlxalq ictimaiyyət tərəfindən də rəğbətlə qarşılandığını, Qərbi Azərbaycan İcmasının müraciətinin BMT-nin sənədi kimi qəbul edilərək yayıldığını söyləyib.
Akademik İsa Həbibbəyli vurğulayıb ki, ölkə başçısının Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüş zamanı proqram xarakterli nitqindən irəli gələn vəzifələri həyata keçirmək üçün AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda Qərbi Azərbaycan tarixi şöbəsi, Folklor İnstitutunda Qərbi Azərbaycan folkloru şöbəsi və Nəsimi adına Dilçilik İnstitutunda Toponimika şöbəsi yaradılıb və artıq AMEA-da Qərbi Azərbaycanla əlaqədar tədqiqatlar aparılmaqdadır. Eyni zamanda, akademik İsa Həbibbəyli mətbuatda gedən informasiyaya istinad edərək Ermənistan Milli Elmlər Akademiyasının Azərbaycan alimlərinin atdığı addımlardan təşvişə düşdüklərini, həmin qurumun rəhbəri Aşot Saqyanın ölkənin Təhlükəsizlik Şurasına müraciət etdiyini nəzərə çatdırıb.
Sonra çıxış edən Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri, Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov Qərbi Azərbaycan icmasının fəaliyyəti haqqında geniş məlumat verib, Akademiyada Qəri Azərbaycanla bağlı həyata keçirilən tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, AMEA-nın Folklor İnstitutunun Qərbi Azərbaycan folkloru şöbəsinin müdiri Əziz Ələkbərli də çıxışında AMEA-da Qərbi Azərbaycanla bağlı atılan addımları yüksək dəyərləndirib. O, rəhbərlik etdiyi qurumun AMEA-da yaradılmış elmi-tədqiqat şöbələri ilə əlaqəli şəkildə fəaliyyət göstərməsinin xüsusi əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.
İclasda AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov və Nəsimi adına Dilçilik İnstitutunun Toponimika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İsmayılov çıxış edərək Qərbi Azərbaycanla bağlı aparılan tədqiqatlar haqqında hesabat veriblər.
Tədbir iştirakçılarına Nəsimi adına Dilçilik İnstitutunda Qərbi Azərbaycan Dialektoloji Atlasının hazırlanmasına başlanması haqqında məlumat verilib.
Sonra AMEA-da Qərbi Azərbaycanla bağlı aparılan tədqiqatların əlaqələndirilməsi və sistemli koordinasiyasının təmin edilməsi məqsədi ilə hazırlanan Tədbirlər planının geniş müzakirəsi keçirilib.
Müzakirələrdə AMEA-nın vitse-prezidenti v.i.e., akademik Gövhər Baxşəliyeva, Folklor İnstitutunun baş direktoru, akademik Muxtar İmanov, Tarix İnstitutunun baş direktoru, professor Kərim Şükürov, Mərkəzi Elmi Kitabxananın baş direktoru, professor Məmməd Əliyev və başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblər.
Sonda AMEA-da Qərbi Azərbaycanla bağlı aparılan tədqiqatların əlaqələndirilməsi və sistemli koordinasiyasının təmin edilməsi məqsədi ilə hazırlanan Tədbirlər planı təsdiqlənib.
İclasda AMEA-da Qərbi Azərbaycanla əlaqədar fəaliyyət göstərən qurumların iştirakı ilə növbəti birgə iclasın Qərbi Azərbaycan icmasının Akt zalında keçirilməsi qərara alınıb.