Ölkəmiz son onilliklərdə regionda nəqliyyat dəhlizlərinin inkişafına və enerji daşıyıcılarına böyük sərmayə yatırıb
Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan regionun lider ölkəsi kimi dünya səviyyəsində uğurla fəaliyyət göstərir. Davamlı iqtisadi inkişafa nail olan, dünyadakı nüfuzu durmadan artan, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən ölkəmiz müəyyən edilmiş hədəflərə doğru inamla irəliləyir. Azərbaycan beynəlxalq aləmdə sülhsevər, demokratik prinsiplərin inkişafına xüsusi önəm verən, iri infrastruktur layihələrin reallaşdırılmasında zəngin təcrübəsi olan bir ölkədir.
Hazırda enerji təhlükəsizliyi, iqtisadi imkanlar, həmçinin Avropa İttifaqının (Aİ), “Şərq Tərəfdaşlığı” ölkələri arasında nəqliyyat və yükdaşımaların inkişafı məsələləri dünya birliyi üçün prioritetdir. Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Azərbaycanın Aİ-nin enerji təhlükəsizliyində rolunun daha da güclənməsi müşahidə olunur. Azərbaycan 2022-ci ildə Aİ-yə qaz ixracını 40 faiz artıraraq, ümumi ixracını 11,4 milyard kubmetrə çatdırıb. Bununla yanaşı, tutumu 31,5 milyard kubmetr olan Cənub Qaz Dəhlizinin (CQD) tərkib hissəsi kimi Yunanıstan-Bolqarıstan İnterkonnektorunun 2022-ci ildə icrasına başlanılıb. İnterkonnektor vasitəsilə Azərbaycan qazı 2022-ci ildə Bolqarıstana, bu il isə Rumıniyaya çatdırılıb. İnterkonnektorun gücü 3,5 milyard kubmetrdən 5 milyard kubmetrə qədər artırılacaq.
Hazırda Azərbaycanla Moldova, Macarıstan və Serbiya arasında enerji danışıqları aparılır. Bu, o deməkdir ki, Mərkəzi və Şərqi Avropadan daha çox ölkə enerji asılılığını azaltmaq üçün yeni alternativ mənbədən qaz alacaq. Ötən il Azərbaycan və Aİ arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair yeni Anlaşma Memorandumu imzalanıb. Bu, 2026-cı ilə qədər Azərbaycanın Aİ-yə qaz ixracını iki dəfə artıracaq. Bunun üçün qarşıdakı dövrdə istismara verilməsi planlaşdırılan “Abşeron”, “Ümid”, “Asiman”, “Şəfəq” və “Babək” kimi qaz yataqlarının işlənməsi üçün yeni sərmayələrin cəlbi də prioritet olaraq qalmaqdadır.
Azərbaycan son onilliklərdə regionda nəqliyyat dəhlizlərinin inkişafına böyük sərmayə qoyub. Şərq-Qərb dəhlizinin bir hissəsi kimi Azərbaycan vasitəsilə beynəlxalq yükdaşımaların həcmi 2022-ci ildə 29,8% artaraq 51,4 milyon tona çatıb. Ölkəmizin Avropa və Asiya arasında yerləşməsi və inkişaf etmiş infrastruktura malik olması yeni iqtisadi imkanlar yaradır və bu, regionun beynəlxalq yükdaşımalar üzrə potensialından daha yaxından istifadə edilməsinə gətirib çıxarmaqdadır.
TAP kəməri vasitəsilə Avropaya ikinci mərhələdə 20 milyard qaz nəql ediləcək. Bütövlükdə, CQD-nin ötürmə qabiliyyətinin 32 milyard kubmetrə çatdırılması imkanı var. Cənub Qaz Dəhlizi Azərbaycanın regional mövqeyinin daha da möhkəmlənməsinə imkan yaradır. Gələcək illərdə bu layihə region və qitə üçün əhəmiyyətli olmaqda davam edəcək.
Beləliklə, ölkəmizin Mərkəzi və Şərqi Avropanın enerji təhlükəsizliyinin formalaşmasındakı rolu daha da artmaqdadır. Bu, Azərbaycanın strateji mövqeyini daha da möhkəmləndirir.
Cavid Əkbərov, “İki sahil”