18 fevral 2023 01:35
874

Azərbaycanın Qərbi də, Şərqi də, Cənubu da bizimdir!

Bütün dünya ictimaiyyəti bilməlidir ki, ermənilər Qarabağa, Zəngəzura nə vaxt, kimlər tərəfindən, hansı şəraitdə və nə məqsədlə köçürülüb

«Parçala, hökm sür!» Millətləri biri-birinə qarşı qoyan imperiyanın bu antibəşəri siyasətindən ən çox əziyyət çəkən müsəlmanlar, Azərbaycan xalqı olmuşdur. Rusiya ilə İran arasında imzalanan Gülüstan və Türkmənçay müqavilələrinə əsasən ermənilərin Qərbi Azərbaycana köçürülməsi ilə taleyinə qaranlıq çökən soydaşlarımızın əzab, əziyyətləri artdı. Xalqımıza məxsus qonaqpərvərlikdən, xeyirxahlıqdan istifadə edən gəlmə ermənilər zaman-zaman özlərini bu torpaqların əsl sahibi kimi apararaq yerli azərbaycanlılara qarşı zor tətbiq etməkdən belə çəkinmədilər.

Sovet hakimiyyəti illərində Kremldə məsul vəzifələrdə çalışan daşnak ideoloqlarının etnik təmizləmə, «dənizdən- dənizə, böyük Ermənistan» siyasətlərinin həyata keçirilməsi ilə mərhələlər üzrə azərbaycanlıların doğma yurdlarından çıxarılması, soyqırımların törədilməsi illər keçdikcə daha da sürətlənir, planauyğun davam etdirilirdi. Azğınlaşmış daşnaklara rəhbərlik edən Anastas Mikoyan kimi digər erməni qaniçənlərinin təlimatları üzrə aparılan deportasiya İkinci Dünya müharibəsindən sonra daha da sürətləndi. Mövzu ilə bağlı faktlar mətbuatda geniş, mütəmadi açıqlandığından daha geniş şərhə ehtiyac yoxdur. Yaranan qarışıqlıqdan istifadə edən ermənilər 1947-ci ilin payızında ölkə rəhbəri İosif Stalinə müraciət edərək guya «vətən­lərinə” dönən on minlərlə erməni mühacirin yer­ləşdirilməsi» ilə bağlı kömək göstərilməsini xahiş edirlər. Beləliklə, Qərbi Azərbay­canda hüquqları tapdalanan soydaşlarımıza qarşı ədalətsizlik göstərildi. « Ermənilərin tarixi vətənlərini genişləndirmək» bəhanəsi ilə məkrli planların icrasına başlanıldı. İlk mərhələdə Qərbi Azərbaycandan zorla çıxarılan 100 mindən artıq soydaşımız Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür–Araz ovalığına köçürüldü. Bununla da «xarici ölkələr­dən gələn ermənilərin Qərbi Azərbaycanda yerləşdiril­məsi» planını reallaşdırmaq imkanları yarandı. Guya Ermənistandan köçürülən azərbaycanlılara güzəştlər və kreditlər verilsə də, əslində, onlar bütün daşınmaz əmlaklarından, ata-babalarından miras qalan torpaqlarından məhrum edildilər. Bununla da kifayətlənməyən, etnik təmizləmə siyasətlərinə tam nail olmamalarından şikayətlənən ermənilər SSRİ Nazirlər So­vetinin «1948–1953-cü illərdə Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür–Araz ovalığında kolxozçuların və digər azər­baycanlı əhalinin köçürülməsi haqqın­da» əlavə qərarına olaraq deportasiyanı daha geniş miqyasda davam etdirdilər.

1953-cü ildə İ. Stalinin ölümündən sonra azərbaycanlıların Qərbi Azərbaycandan köçürülməsi prosesinin intensivliyində azalma müşahidə olunsa da tam dayanmadı. Doğma torpaqlarından zorla çıxarılan azərbaycanlılar Kür-Araz ovalığında yaşayan ermənilər tərəfındən təqib olunurdular, «gəlmə insanlar» kimi sıxışdırılırdılar. 1988-ci ildən başlanan bədnam «miatsum» hərəkatı, artıq tarixin arxivinəə göndərilmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi çağırışı isə Xankəndidə, İrəvanda keçirilən etiraz aksiyaları ermənizmin sərhəd tanımayan, dünyada misli görünməyən həyasızlıqları idi.

Ötən ilin sonunda əslən Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşən Prezident İlham Əliyev deportasiya illərində soydaşlarımıza qarşı aparılan etnik təmizləmə siyasətinin ağır nəticələrindən bəhs edərək erməni fitnəkarlığını Azərbaycan xalqına qarşı törədilmiş növbəti cinayət, ədalətsizlik kimi dəyərləndirib. Ötən əsrin sonlarında soydaşlarımızın Qərbi Azərbaycandan birdəfəlik, son nəfərinədək çıxarılmasını, Nüvədi kəndinin boşaldılmasını erməni məkrinin acı nəticələri, Qarabağın və Şərqi Zəngəzurun işğalını milli faciəmiz kimi dəyərləndirib. Amma bir vaxtlar havadarlarının köməyi ilə guya istədiklərinə nail olduqlarını düşünən ermənilərə umduqlarını yemək nəsib olmadı. İkinci Qarabağ müharibəsində xəyanətlərinin layiqli cavablarını alan «yan»lar indi çaşqınlıq içərisindədirlər. 30 ilə yaxın Ermənistanın işğalı altında qalan torpaqlarımızı azad edən Azərbaycan xalqı Qərbi Azərbaycandan olan soydaşlarımızın öz tarixi torpaqlarına qayıdacaqlarına tam əmindir. Qarabağın, Şərqi Zəngəzurun döyüş meydanında azad edilməsini tarixi hadisə adlandıran Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyətilə ermənilərin Qərbi Azərbaycan isterikasına da son qoyulacaq. «Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Mən bunu deyəndə təxmin edirəm, yenə də Ermənistanda növbəti dəfə isterika başlayacaq ki, Azərbaycan gəldi bizi işğal etdi və sair. Yox. Biz bunu sülh yolu ilə etmək istəyirik. Biz hüquqlarımızı sülh yolu ilə təmin etmək istəyirik və yenə də deyirəm, bütün konvensiyalar bu hüququ tanıyır. Ona görə buna nail olmaq üçün biz, o cümlədən beynəlxalq müstəvidə daha fəal olmalıyıq» söyləyən Prezident İlham Əliyev məqsədə çatmaq üçün qarşıda duran vəzifələri də göstərir. Bunun üçün Qərbi Azərbaycana Qayıdış Konsepsiyası hazırlanmalı, ermənilərin saxtalaşdırdıqları tarixi hadisələr barədə beynəlxalq konfranslar keçirilməli, daşnak ideologiyasının mənfur niyyətləri dünya ictimaiyyətinə çatdırılmalıdır. Prosesə müxtəlif ölkələrdən alimlər, arxeoloqlar, tarixçilər dəvət olunmalı, araşdırmalar aparılmalıdır. Əsas odur ki, Qərbi Azərbaycan məsələsi nəinki gündəlikdən çıxmasın, dünya siyasətinin aktual mövzusu kimi beynəlxalq səviyyədə dəstəklənsin. Bütün dünya ictimaiyyəti bilməlidir ki, ermənilər Qarabağa, Zəngəzura nə vaxt, kimlər tərəfindən, hansı şəraitdə və nə məqsədlə köçürülüb.

«Əlbəttə ki, Qarabağ münaqişəsi həll olunmayana qədər bu haqda danışmaq bəlkə də tez idi. Ancaq, məncə bu gün biz vaxt itirməməliyik» söyləyən Prezident İlham Əliyev bu məsələdə də xalqımıza məxsus multikultural dəyərlərə diqqət yetirilməsini nəzərdə tutaraq Konsepsiyanın sülhsevər ruhda hazırlanmasını qarşıya qoyur. Artıq AMEA-nın ictimai elmlər üzrə fəaliyyət göstərən institutları Konsepsiyanın hazırlanmasında yaxından iştirak edirlər. AMEA-nın Rə­yasət Heyətinin qərarı ilə Tarix İnstitutunda Qərbi Azərbaycan tarixi , Folklor İnstitutunda Qərbi Azərbaycan folkloru, Nə­simi adına Dilçilik İnstitutunda To­ponimika şöbələri yaradılıb. Bütün çalışmaların məntiqi nəticəsi isə Prezident İlham Əliyevin bu sözlərinin reallaşması olacaq: «İnanmalıyıq və eyni zamanda, addımlar atmalıyıq, fəal olmalıyıq, işləməliyik. Gün gələcək, biz Qərbi Azərbaycanda da belə gözəl məclis keçirəcəyik və bu günü xatırlayacağıq.»

Xuraman İsmayılqızı, «İki sahil»