17 fevral 2023 00:57
824

Şinuayr - ətir qoxulu xarabalıq...

Qərbi Azərbaycanda yüzlərlə kəndimiz, minlərlə tarixi abidəmiz erməni barbarlığının qurbanı olub

Tarixi mənbələrdən də aydın göründüyü kimi, "dənizdən-dənizə böyük Ermənistan” xülyasına qapılan erməni millətçiləri XIX-XX əsrlərdə mütəmadi olaraq Azərbaycan xalqına qarşı etnik təmizləmə, soyqırımı siyasəti yürüdüblər. Mərhələli şəkildə həyata keçirilən məkrli plan nəticəsində azərbaycanlılar bu gün Ermənistan adlandırılan ərazidən – tarixi torpaqlarından qovulublar, kütləvi qətl və qırğınlara məruz qalıblar.

Azərbaycan xalqı ötən iki yüz il ərzində silahlı münaqişələr, işğal, etnik təmizləmə, zorla köçürmə və soyqırımlarından böyük əziyyət çəkib. Milyonlarla insan erməni vəhşiliyinin acı nəticələrini bu gün də yaşamaqdadır.

Azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə əksər hallarda dövlət orqanlarının sistemli fəaliyyəti ilə zorakılıq, soyqırımı, kütləvi qətliam və insanlıq əleyhinə digər cinayətlər və insan hüquqlarının kobud pozulması yolu ilə həyata keçirilib. Bu proses 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə xüsusilə şiddətli və amansız olub. Həmin illərdə azərbaycanlılar müxtəlif bəhanələrlə, qəddarcasına Qərbi Azərbaycandakı tarixi-etnik torpaqlarından deportasiya olunublar. Sovet hakimiyyəti dövründə isə soydaşlarımızın indiki Ermənistandan dövlət səviyyəsində zorakı deportasiyası “dinc, könüllü köçürmə” adı ilə həyata keçirilib.

Təəssüf ki, vaxtilə azərbaycanlıların mütləq əksəriyyət təşkil etdiyi indiki Ermənistan ərazisindən soydaşlarımızın tamamilə qovulması 1991-ci ildə başa çatdırıldıqdan sonra indi həmin ərazilərdə yalnız ermənilər yaşayır. Daha doğrusu, ermənilər tarixi yurd yerlərimizin bir qismində yaşasalar da yüzlərlə kəndlərimiz mədəni irsimizlə birlikdə tamamilə dağıdılaraq xarabalığa çevrilib. Mütəxəssislərin Rusiya imperiyası və daha sonra SSRİ dövrünün məxfi xəritələrinin məlumatlarına, son dövrlər isə peyk görüntülərinə əsasən dəqiqləşdirdikləri məlumata görə, Qərbi Azərbaycanda hazırda 450-dən çox kəndimizin xarabalıqları qalmaqdadır. Bu kəndlərin böyük bir qismi 1918-1920-ci illərin faciəli soyqırımının, bir qismi 1948-1953-cü illərdə Qərbi azərbaycanlıların öz torpaqlarından deportasiyasının, bir qismi isə sonuncu - 1980-ci illərin sonlarında ermənilər tərəfindən misli görünməmiş qəddarlıqla həyata keçirilmiş deportasiyanın şahidləridir. Hər bir kənd xarabalığı Qərbi azərbaycanlıların başına gətirilən faciələrdən xəbər verir və arxiv sənədlərində bu kəndlərin bir çoxunda ötən əsrin əvvəllərində Cənubi Qafqaza axın edən ermənilər tərəfindən kütləvi qətliamların həyata keçirilməsi haqqında məlumatlar mövcuddur. Həmin kəndlərin təkcə insanlarına qarşı qətliamlar törədilməyib, tarixi abidələr, məscidlər, mədəni irs nümunələri, qəbiristanlıqlarının böyük bir qismi də erməni barbarlığı nəticəsində tamamilə yer üzündən silinib.

Faktlar göstərir ki, torpaqlarımızı işğal altında saxladığı 30 il ərzində Ermənistan rəhbərliyi nəinki Qarabağda və ona bitişik ərazilərdə, eləcə də Qərbi Azərbaycanda da xalqımızın tarixi irsinə qarşı mədəni soyqırımı həyata keçirib. Məqsədyönlü siyasət nəticəsində indiki Ermənistan ərazisində bu ərazilərin tarixi və əzəli sakinləri olan azərbaycanlıların izlərini silməyə cəhd edilib, xalqımızın mədəni irsi talanıb, dağıdılıb, erməniləşdirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, professor Faiq İsmayılovun “Zəngəzur abidələri ermənilər tərəfindən kütləvi şəkildə məhv edilir” adlı yazısında qeyd olunur ki, 1988-ci ildən başlanan etnik təmizləmə nəticəsində yüzlərlə azərbaycanlının əmlakı və mədəni irs nümunələri ermənilər tərəfindən mənimsənilib. İndiki Ermənistan ərazisində Azərbaycana məxsus 3500 tarix və mədəniyyət abidəsi, 500 qəbiristanlıq, 391 məscid ermənilər tərəfindən dağıdılaraq tamamilə yox edilib.

Ermənistanın siyasi rəhbərliyinin göstərişi ilə Zəngəzur vilayətinin Qafan, Mehri, Xot, Şinuayr, Əlidərə inzibati yaşayış məntəqələrində dağıdılmış 900-dən çox tarix və mədəniyyət abidəsinin xarabalıqları bu gün də qalmaqdadır. Bu məntəqələri müşahidə edəndə adama elə gəlir ki, sanki burada cəhənnəmlə cənnətin mübarizəsi gedib. Bu kəndlərdə ermənilər tərəfindən yaşayış evləri, məscidlər, alban dövrünə aid bazilika və sovməələr, bədii daş nümunələri, qəbirüstü abidələr, qəbir daşları, at-qoç fiqurları dağıdılaraq yararsız hala salınıb. Ərazi Azərbaycanın mədəni irs nümunələrindən təmizlənərək vandalizmə məruz qalıb.

Ermənilər tərəfindən tamamilə dağıdılaraq xarabalığa çevrilmiş belə tarixi yurd yerlərimizdən biri də Zəngəzur vilayətinin qədim Şinuayr kəndidir. Azərbaycan dilində “Ətir qoxulu ərazi” kimi mənalandırılan Şinuayr Qərbi Zəngəzurun Gorus rayonundan 9 kilometr cənubda, Oxçuçayın sol sahilində, dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşir. Kəndi Qafandan 68 kilometr məsafə ayırır. Sovet dövründə Yelizavetpol quberniyasının tərkibinə verilən Zəngəzur qəzası təbii ki, Şinuayr kəndi ilə birlikdə 1930-cu ildə heç bir əsas olmadan Ermənistan SSR-in tərkibinə qatılıb. Kəndin etnik tərkibi bütün dövrlərdə yalnız Azərbaycan türklərindən ibarət olub və burada bir nəfər də olsun erməni yaşamayıb.

Şinuayrın XVII əsrdə salındığı iddia edilsə də, kəndin ərazisində eramızdan əvvəl I-II minilliyə aid Oğuz-az mədəniyyətinə aid daş nümunələrinin, at-qoç fiqurlarının, eləcə də alban dövrü daş sənduqələrin, kitabələrin, bədii daş nümunələrinin aşkarlanması onun tarixinin çox-çox əvvələ söykəndiyini sübut edir. Köhnə Şinuayr kəndində XVII-XVIII əsrə aid 300-dən çox yaşayış evi, ictimai binalar və məscid olub.

1988-1990-cı illərdə Ermənistanda baş qaldıran millətçilik və separatizm meyilləri bu kənddən da yan keçməyib. Kəndin azərbaycanlı əhalisi etnik təmizləməyə məruz qalaraq oranı tərk edib. Buradakı bütün yaşayış evləri, tarix və mədəniyyət abidələri dağıdılaraq məhv edilib. Kənddə 300, ətraf ərazilərdə isə 200-ə yaxın tarixi əhəmiyyətli bina və qurğu, bədii daş nümunələri, qəbirlər və qəbirüstü abidələr ermənilər tərəfindən dağıdılaraq yox edilib.  

Vətən müharibəsində qazandığımız şanlı Qələbə bizə, eyni zamanda, xalqımızın əsrlər boyu üzləşdiyi fəlakətlərin, soyqırımı aktlarının hesabını çəkmək, tarixi ədaləti mərhələ-mərhələ bərpa etmək imkanı yaradıb. İnşallah tezliklə ermənilər törətdikləri bütün cinayətlərin hesabını verəcəklər – günahsız soyqırım qurbanlarının da, dağıdılmış tarixi yurd yerlərimizin də, xarabalığa çevrilmiş “ətir qoxulu” Şinuayrın da. Çox qalmayıb...

Mahir Rəsuloğlu, “İki sahil”