1987-ci ilin oktyabrında ulu öndər Heydər Əliyevin SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini və Siyasi Büro üzvlüyündən istefasından sonra soydaşlarımız Qərbi Azərbaycandan-indi Ermənistan adlandırılan tarixi torpaqlarımızdan deportasiya olundu
XIX yüzilliyin 30-cu illərindən başlayaraq Cənubi Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir.
Azərbaycanlıların Ermənistandan deportasiyasının sonuncu və öz miqyasına və icra üsullarına görə ən dəhşətli mərhələsi 1988-1991-ci illərə təsadüf etmişdir. 1948-1953-cü illərdəki deportasiyadan fərqli olaraq, o, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsi ilə eyni vaxta təsadüf etmişdi və buna görə də ağırlığı ilə fərqlənirdi. Vəziyyətin azərbaycanlılar üçün ağırlığı bununla bağlı idi ki, deportasiya azərbaycanlıların yaşadığı torpaqların tarixən ermənilərə məxsus olması iddiasına hüquqazidd əməllərlə haqq qazandırmaq istəyən Ermənistan inzibati və hüquq-mühafizə orqanlarının bilavasitə iştirakı ilə həyata keçirilirdi.
Sosial tərkibinə görə, Ermənistandan olan azərbaycanlı qaçqınların əsas hissəsini tarixi yurdlarını, ata-babalarına məxsus otlaqları, əkinə yararlı torpaqları, çəmənlikləri və s. tərk edən kəndlilər təşkil edirdi. Onların yalnız kiçik bir hissəsi kiçik sənaye şəhərlərinin və Yerevanın (İrəvanın) sakinləri idi. Azərbaycanlılar erməni dilini bilir və ana dili olan Azərbaycan dilində olduğu kimi, bu dildə də səlis danışırdılar, lakin daimi ayrı-seçkiliyə məruz qalırdılar və hüquqları tapdalanırdı. Ermənistanda azərbaycanlılara “türk” olduqları daim hiss etdirilib.
1985-ci ilin martında Mixail Qorbaçovun Sov.İKP MK-nın baş katibi seçilməsindən sonra ermənilər xeyli fəallaşmışdılar. M.Qorbaçovun elan etdiyi “yenidənqurma” və “aşkarlıq” prinsipləri keçmiş Qarabağda erməni separatizminin yenidən baş qaldırmasına şərait yaratmışdı. Kremldə yüksək vəzifəli ermənilərin tam əhatəsində olan M.Qorbaçov 1987-ci ilin oktyabrında Heydər Əliyevin SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini və Siyasi Büro üzvlüyündən istefaya göndərilməsinə nail oldu. 1987-ci il noyabrın 16-da M. Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri Abel Aqanbekyanın Parisdə “İnterkontinental” hotelində Fransada yaşayan ermənilərin nümayəndələri qarşısında etdiyi çıxışında Dağlıq Qarabağın Ermənistana “qaytarılması” təqdirində özünü xoşbəxt hiss edəcəyini bildirmiş, bir iqtisadçı kimi, Dağlıq Qarabağın Azərbaycandan çox Ermənistana bağlı olduğunu söyləmiş və əlavə etmişdi ki, artıq o, belə bir təklif irəli sürmüşdür,
1985-ci ildə Mixail Qorbaçovun SSRİ-nin rəhbərliyinə gəlməsindən sonra "yenidənqurma" və "aşkarlıq" pərdəsi altında Ermənistanda və DQMV-də millətçilik ab-havası gündən-günə qızışırdı. 1987-ci ilin avqustunda ermənilər Dağlıq Qarabağdan və Ermənistandan 75 min imza toplayaraq Kremlə göndərmişdilər. Dekabrın 1-də Dağlıq Qarabağ ermənilərinin təmsilçiləri muxtar vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın tərkibinə verilməsi haqqında hazırlanmış müraciəti Sov.İKP MK-ya təqdim etmişdilər.
SOVİKP Mərkəzi höküməti ( rəsmi Moskva) 1987-ci ilin noyabrında Parisdə M.S.Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri olan akademik Abel Aqanbekyanın dili ilə Qarabağ hərəkatına müsbət münasibətini qeyri-rəsmi olsa da, bütün dünyaya bildirməkdən çəkinmədi. A.Aqanbekyan “Le Humanite” qəzetinin 18 noyabr 1987-ci il tarixli sayında dərc olunmuş müsahibəsində Azərbaycan SSR ərazisi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-ə verilməsinin məqsədəuyğun olmasını və bu barədə dövlət başçısına təkliflər verdiyini bildirdi. 1988-ci ilin fevralın 26-27-də SSRİ dövlət xüsusi xidmət orqanlarının razılığı ilə ermənilər Sumqayıt şəhərində Azərbaycan xalqını dünya ictimaiyyəti qarşısında gözdən salmaq üçün təxribat törətdilər. Sumqayıt təxribatının törədilməsində əsas məqsəd Dağlıq Qarabağ və onun Ermənistan SSR-lə həmsərhəd olan Zəngəzurun şərq və cənub-şərq hissəsini - Azərbaycan SSR-in Laçın, Qubadlı və Zəngilan rayonları ərazilərini ələ keçirmək idi.
1988-ci ildə soydaşlarıımızın Ermənistan deportasiyası başladı. Deportasiya başlanandan sonra Ermənistanın müxtəlif rayonlarından olan azərbaycanlıların onlarla nümayəndə heyəti, minlərlə ayrı-ayrı vətəndaş ali hakimiyyət orqanlarına, partiya və hökumət rəhbərlərinə müraciət etmiş, onlara qarşı həyata keçirilən zorakılıq aktları barədə təşviş içində məlumat vermiş, onların qarşısının alınmasını xahiş etmişdilər. Bu alçaldılmış və təhqir olunmuş, yaxınlarını və ata yurdlarını itirmiş insanlar intiqam yox, ədalət istəyirdilər. Ancaq bütün bu siqnallar cavabsız qalır və onlara heç bir reaksiya verilmirdi. Azərbaycan SSR Nazirlər Sovetinin 2 dekabr 1988-ci il tarixinə olan məlumatına əsasən, Ermənistandan olan qaçqınların sayı artıq 78 min nəfərdən çox idi. 1989-cu ildə SSRİ əhalisinin ümumittifaq siyahıya alınması üzrə məlumatlara əsasən, Ermənistan SSR-də hələ də 84 860 nəfər azərbaycanlı yaşayırdı - onlar Ermənistan SSR-i 1990-cı ildə tərk etmişdilər. Qaçqınlar müvəqqəti olaraq keçid məntəqələrində yerləşdirilir, buradan isə gələcək yaşayış məskənlərinə göndərilirdilər. Azərbaycanlıların Ermənistandan köç etməsi ilə Ermənistanla Azərbaycan arasında münaqişənin miqyası artmışdır.
SSRİ Konstitusiyasının kütləvi şəkildə kobudcasına pozulduğu bir şəraitdə, Sovet rəhbərliyi qəbul etdiyi qərarlarda sadəcə bunu əsas götürürdü ki, ayrı-ayrı istehsal sahələrinin, nazirliklərin, hüquq-mühafizə orqanlarının rəhbərlərinin cəzalandırılması yolu ilə gücünə və formasına görə vulkan püskürməsinə bənzəyən bu siyasi prosesi dayandırmaq olar. Moskvada Ali rəhbərliyin qəbul etdiyi qərarların məzmunu açıq şəkildə sübut edirdi ki, mərkəzi hakimiyyət münaqişənin kim tərəfindən başlanmasından, ilk qaçqın axınının haradan gəlməsindən asılı olmayaraq, bütün kritik vəziyyətlərdə münaqişə tərəflərinin məsuliyyətinin bərabərləşdirilməsi prinsipinə sadiq qalmışdır.
Moskva baş vermiş faciənin humanitar və siyasi nəticələrini, onun azərbaycanlıların və ermənilərin birgə, qonşuluq şəraitində yaşadığı bütün yaşayış məntəqələrinə qaçılmaz təsirini anlamadı və layiqincə qiymətləndirmədi. Bu hadisələr göstərdi ki, Sovet rəhbərliyinin niyyətindən asılı olmayaraq, onun siyasi və təşkilati səylərinin ikimənalı xarakteri, tərəflərin bərabər məsuliyyəti taktikası prosesin idarəolunmaz hala gəlməsinin, münaqişə tərəfləri arasında getdikcə daha da şiddətli polemikaya sövq etməsinin və hər iki tərəfdə mərkəzi hakimiyyətə inamsızlıq yaratmasının əsas səbəblərindən biri idi.
Prezident İlham Əliyev 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşü zamanı bildirib ki, Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir: “Əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb”.
Zahid Rza, “İki sahil”