Ədalət bir gün Qərbi Azərbaycanda da zəfər çalacaq
İkinci Qarabağ müharibəsində qazanılan parlaq qələbə regionda yeni siyasi reallıqlar, üfüqlər və hədəflər müəyyənləşdirir. Azərbaycan artıq Ermənistan tərəfindən aparılan etnik təmizləmə, Qərbi Azərbaycanda, öz dədə-baba torpağında yaşayan insanların oradan qovulması məsələsini gündəmə gətirir. Prezident İlham Əliyev tarixi həqiqətləri hər zaman müxtəlif tribunalardan səsləndirir və torpaqlarımıza qayıdacağımızı bəyan edir.
Dövlətimizin başçısı yerli televiziya kanallarına müsahibəsi zamanı da Ermənistana və onun havadarlarına ciddi xəbərdarlıq etdi. Xüsusilə Qərbi Azərbaycan məsələsinə davamlı diqqət ayıran Prezident İlham Əliyev bu müsahibəsində də həmin mövzuya dair mühüm fikirlər səsləndirdi: “Bu gün sirr deyil ki, Qərbi Azərbaycan İcması uzun illər deportasiyaya məruz qalmış İcma kimi öz hüquqlarından məhrum idi. Əlbəttə ki, Qarabağ dərdi, problemi olan yerdə Qərbi azərbaycanlıların hüquqlarından danışmaq bəlkə də vaxtından əvvəl atılan bir atəşə bənzəyə bilərdi. Amma bu gün hesab edirəm ki, biz tam haqlı olaraq bu mövzunu artıq beynəlxalq arenaya çıxarmışıq.”
Dövlət başçısı Ermənistanda etnik təmizləməyə işarə edərək bildirib ki, qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, bu, onların hüququdur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır: “Biz də Azərbaycan dövləti olaraq əlimizdən gələni etməliyik ki, bu hüququ təmin edək. Yenə də mən orada da İcmanın nümayəndələri ilə görüş zamanı demişdim ki, biz bunu sülh yolu ilə etmək istəyirik və əminəm ki, buna nail olacağıq. Çünki bu gün bizim məkanda, ümumiyyətlə, Avrasiya məkanında monodövlətlər yoxdur və Ermənistan üçün də yaxşı olar ki, necə deyərlər, bu monodövlət damğasını öz üzərindən götürsün. Bunun ən yaxşı və ən ədalətli yolu Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtmalarıdır.”
Qərbi Azərbaycanda yaşamış azərbaycanlılara vaxtilə böyük zülm edilib‚ onlar ağır təqiblərə‚ hücumlara məruz qalıblar. Ermənilər orada yaşayan azərbaycanlılara qarşı da genosid siyasəti həyata keçiriblər. Ermənistan ərazisindən azərbaycanlıların qovulması siyasi, hüquqi və humanitar ölçüsünə görə tarixdə misli-bərabəri olmayan ədalətsizlikdir.
Tarixi faktlar da göstərir ki, Qərbi Azərbaycan adlanan ərazidə vaxtilə ermənilər yaşamamış, daşnak quldurlar öz havadarlarının dəstəyi ilə bu yerlərə əsasən Türkiyə, İran və digər dövlətlərdən axışıb gəlmiş, məqam düşdükcə, buradakı azərbaycanlıları öz ata-baba yurdlarından sıxışdırıb çıxarmışlar. Təkcə XX əsrdə ermənilər havadarlarının köməyi ilə indiki Ermənistan ərazisində azərbaycanlılara qarşı 1905-1906-cı illərdə və 1918-1920-ci illərdə etnik təmizləmə, 1930-cu illərdə kütləvi repressiyalar, 1948-1953-cü illərdə deportasiya həyata keçirmiş və 1988-1989-cü illərdə etnik təmizləməni başa çatdırmağa müvəffəq olmuşlar. Onlar soydaşlarımızı öz ata-baba yurdlarından deportasiya etməklə pərən-pərən salmışlar.
Son 220 il ərzində isə Qərbi Azərbaycandan etnik mənsubiyyətinə görə qovulan və dünyanın ən müxtəlif ölkələrinə səpələnən, o cümlədən Azərbaycanda məskunlaşan Qərbi azərbaycanlıların, onların varislərinin sayı 5 milyondan çoxdur. Təkcə 1948-1953-cü illərə bu ərazidən 150 min nəfərə yaxın, 1988-1991-ci illərdə isə 300 min nəfərə yaxın soydaşımız deportasiya olunub. Ən böyük deportasiya isə 1918-1920-ci illər soyqırımı zamanı baş verib. Əslində, azərbaycanlıların Qərbi Azərbaycandan sıxışdırılıb çıxarılması bütün 220 il ərzində davam edib. Bu, xalqımıza qarşı növbəti düşmənçilik və ədalətsizlik idi. Çünki Zəngəzurun şərqində də, qərbində də Azərbaycan xalqı əsrlər boyu yaşayıb və indiki Ermənistan ərazisində olan Qərbi Zəngəzurun bütün toponimləri Azərbaycan xalqına məxsus idi.
Prezident İlham Əliyev ötən il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının bir qrup nümayəndəsi ilə görüşdə bildirdi ki, Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir: “Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq, əminəm ki, icma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır.”
Bu gün Qərbi Azərbaycan İcması Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarının təmin olunması üçün mütəmadi olaraq işlər aparır və bununla əlaqədar olaraq dünya dövlətlərinə Beynəlxalq təşkilatlara müraciətlər ünvanlayır. İcma Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə beynəlxalq Paktda, Qaçqınların Statusuna dair Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququna əsaslanmaqla, Birləşmiş Millətlər Təşkilatının (BMT) üzvü olan dövlətlərdən, BMT və digər aidiyyəti beynəlxalq təşkilatlardan köməklik göstərilməsini xahiş edir.
Bu gün hər bir vətəndaşımız, xüsusilə gənclərimiz o, cümlədən Qərbi Azərbaycandan olan ziyalılar, diaspor təşkilatlarımız Zəngəzurun, İrəvanın Azərbaycan ərazisi olduğunu bütün dünyaya çatdırmaq üçün əllərindən gələni etməlidirlər. Hazırda Qərbi Azərbaycanla bağlı fərdi qaydada fəaliyyət göstərən təsisatların, ictimai birliklərin artıq bir yerə yığılması, o cümlədən bütün informasiya resurslarının - qəzetlərin, informasiya portallarının vahid konsepsiya və siyasət çərçivəsində iş aparması da zəruri məsələlərdəndir. Tarixi həqiqətlərlə bağlı kitabların yenilənməsi, müəyyən dövrdə məhdud sayda çapdan çıxmış kitabların, o cümlədən tarixi şəhərlərimizin, kəndlərimizin adları ilə bağlı kitabların xarici dillərdə nəşr olunmasının, elektron daşıyıcılarda da yerləşdirilməsi vacibdir. Xarici ölkələrin siyasi dairələri, qanunvericilik orqanları və kütləvi informasiya vasitələri ilə təmaslar qurulmalıdır. Hüquqi müstəvidə bütün lazımi tədbirlər görülməlidir. Bu işə beynəlxalq hüquqşünaslar cəlb edilməlidir. Xalqımızın qayıdış istəyi, haqlı, qanuni tələbi və hüquqları beynəlxalq müstəvidə həllini tapmalıdır.
Əminliklə deyə bilərik ki, bir vaxtlar Qarabağ mövzusu Azərbaycan xalqını bir yumruq kimi birləşdirdi və bu birlik sayəsində tarixi torpaqlarımız düşmən tapdağından azad olundu. İndi də “Qərbi Azərbaycan” mövzusu xalqımızı bir məfkurə, bir ideya ətrafında yumruq kimi birləşdirəcək və Qərbi Azərbaycandan olan soydaşlarımız da öz dədə-baba yurdlarına qayıdacaqlar.
Yaqut Ağaşahqızı, “İki sahil”