Tarixin müxtəlif dövrlərində ermənilər tərəfindən azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə, soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərlə, faciələrlə üzləşib. Mərhələ-mərhələ gerçəkləşdirilən bu plan nəticəsində azərbaycanlılar hazırda Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi torpaqlarından qovularaq kütləvi qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri məhv edilib.
“Erməni” etnonimi ermənilərin özlərini adlandırdıqları “hay” etnonimi ilə üst-üstə düşmür. Tarixi mənbələrdə də qeyd olunur ki, haylar Ərməniyyədə - indiki Ermənistan ərazisində heç vaxt etnik çoxluq təşkil etməmişlər. Ermənilərin “Ermənistan” adlandırdıqları “Hayastan” adı XX əsrin 20-ci illərində yaranmışdır. Tarixdə qeyd edilir ki, ermənilərin əcdadları e.ə.XII-IIV əsrlər arasında Balkan yarımadasından gələrək, Kiçik Asiyanın şərqindəki Hayasa və Arm əyalətlərində məskunlaşdılar. Urartu hökmdarı e.ə.IX əsrdə Şərqi Anadoluda Van gölü ərazisində yaranmış bu iki əyaləti də işğal etmişdir. XV əsrin 2-ci yarısından etibarən Eçmiədzin kilsəsi həmin mülkləri müxtəlif vasitələrlə azərbaycanlılardan almağa nail olmuşdu. 1747-ci ildə Nadir şahın ölümündən sonra, xanlıqların yarandığı dövrdə İrəvan mahalını Hüseynəli xan idarə edirdi.1410-cu ildən 1828-ci ilədək İrəvan xanlığını idarə edən 49 Azərbaycan türkünün adı Hovanıs Şahxatunanın tərtib etdiyi siyahıda öz əksini tapmışdır. Fransız missioneri İzruit Monye İrəvanda olanda əhalini siyahıya alarkən qeyd etmişdir ki, XVII əsrin ikinci yarısında İrəvanda yaşayan 4 min nəfər əhalinin cəmi min nəfəri ermənidir. Hətta, 1827-ci ildə rus qoşunları İrəvan qalasını alanda burada əhalinin 74 faizini azərbaycanlılar təşkil edirdi. Qalan 26 faizi isə “boşa” adlanan xristian qaraçılardan, assorilərdən, yezidi kürdlərdən və digər millətlərdən ibarət olmuşdur. 1829-cu il Ədirnə müqaviləsindən sonra keşiş Baqratuninin başçılığı ilə Ərzurumdan, Qarsdan 90 min erməni İrəvana, Qafqazın başqa ərazilərinə gətirildi. 1828-ci ilin yazında isə Qriboyedovun rəhbərliyi ilə 50 min erməni Təbrizdən, Xoydan və başqa ərazilərdən koçürülüb Qarabağda, Göyçə mahalında yerləşdirildi. Buna qarşı etiraz səsini ucaldan azərbaycanlılar sərt cəzalandırıldı. 1826-1828-ci illərdə İrəvan xanlığı ərazisində 420-yə yaxın Azərbaycan kəndi dağıldı, kəndlərin bir çoxunun adı xəritədən silindi. 1905-1920-ci illərdə indiki Ermənistan ərazisində 1000-ə yaxın Azərbaycan kəndi viran edilmiş, əhalisi soyqırımına məruz qalmışdır. Ermənilər 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin tərkibində olan Zəngəzur, Göyçə, Dərələyəz, Qaraqoyunlu mahallarını, eləcə də bir sıra başqa əraziləri zorla öz torpaqlarına qatmaqla, 29,8 min kvadratmetr kilometrlik qondarma “Ermənistan dövləti”ni yaratmağa nail oldular.
Zaqafqaziya ölkələri sovetləşdiriləndən sonra isə Ermənistan SSR ərazi iddiaları irəli sürməyə davam etdi. Sovet Rusiyasının köməyindən yararlanan bolşevik erməni hökuməti 1920-ci ildə Şərur-Dərələyəz bölgəsini, 1921-ci ildə Yuxarı Zəngəzuru, 1929-cu ildə Ordubad və Zəngəzur qəzalarının bir hissəsini öz dövlətinə birləşdirməyə nail oldu. Artıq Qərbi Azərbaycanda möhkəmlənmiş ermənilər azərbaycanlıları doğma torpaqlarında sıxışdırmağa başladılar. 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti “Ermənistan SSR-də kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi” haqqında 4083 saylı qərar qəbul etdi. 1948-ci il 10 mart tarixli qərar ilə köçürməni həyata keçirmək üçün tədbirlər planı hazırlandı. 1848-1953-cü illərdə Ermənistanda yaşayan azərbaycanlılar deportasiya edilərək Azərbaycanın aran rayonlarında yerləşdirildi. Hələ də tam məqsədinə çata bilməyən Sovet Ermənistanı 1988-ci ildə 3 il davam edən növbəti deportasiya dalğasına başladı. 1991-ci ildə Qərbi azərbaycanlıların Ermənistan SSR ərazisində olan sonuncu yaşayış məskəni – Mehri rayonunun Nüvədi kəndi də boşaldıldı. 230 min həmvətənimiz dədə-baba yurdundan çıxarıldı. Ermənistan monoetnik respublikaya çevrildi.
Bütün tarixi faktlar sübut edir ki, Qərbi Azərbaycan zəngin tarixi, mədəniyyəti, adət-ənənəsi olan tarixi Azərbaycan bölgəsidir. İrəvan xanlığı da birmənalı olaraq Azərbaycan torpaqları olduğuna görə Azərbaycan ərazisidir. 1828-ci il Türkmənçay müqaviləsinə qədər bu əraziyə gələn səyyahlar, tarixçilər, ticarətlə məşğul olanlar hər biri bu ərazini Azərbaycan ərazisi kimi görüb. Bu ərazidəki bütün tarixi və dini abidələr azərbaycanlı əhaliyə məxsus olub. Dövlət başçısı İlham Əliyev öz çıxışlarında dəfələrlə Qərbi Azərbaycanın, İrəvanın, Zəngəzurun və Göyçənin tarixi Azərbaycan torpaqları olduğunu vurğulayıb. Ölkə rəhbəri Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bu məsələni bir daha bəyan etmişdi: “Əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki, tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb”.
Azərbaycan addım-addım özünün tarixi məqsədlərinə doğru irəliləyir. Vətən müharibəsində qazanılan Qələbə son 200 illik tariximizin ən böyük zəfəridir. Son iki əsrdə xalqımız daim torpaq itkilərinə məruz qalıb. Buna Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörənliyi və mahir sərkərdəlik qabiliyyəti sayəsində Vətən müharibəsində son qoyuldu. Azərbaycan iki əsrdə ilk dəfə olaraq itirilmiş torpaqlarını geri qaytardı. Qələbəmizdən doğan tarixi reallıqların nəticəsidir ki, qarşıda soydaşlarımızı Qərbi Azərbaycana böyük qayıdış gözləyir. Bu hədəfi Prezident cənab İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündəki nitqində bəyan etdi. “Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Prezident İlham Əliyev soydaşlarımızın Qərbi Azərbaycana qayıdacaqları ilə bağlı hədəfi bəyan edərkən azərbaycanlıların xarakterində olan çox mühüm bir amilə - xalqımızın tarixi yaddaşına istinad edir. Dövlət başçısı əvvəllər Qarabağın azərbaycanlı icmasına məxsus binanı qərbi azərbaycanlılara hədiyyə etməklə, həm də bu soydaşlarımızın da tezliklə tarixi torpaqlarına qaytarılacağına rəmzi işarə vurdu. Ali Baş Komandanın qeyd etdiyi kimi, məcburi köçkünlərimizin öz torpaqlarına qayıtmaları ilə bağlı ümummilli arzularımız necə reallığa çevrildisə, çox çəkmədən İrəvana, Göyçəyə, Zəngəzura qayıdış arzularımız da gerçək olacaq. Buna isə xalqın inamı sonsuzdur. Çünki bunu təmin edəcək qüdrətli liderimiz, Müzəffər Sərkərdəmiz və güclü ordumuz var.
Sevinc Azadi, “İki sahil”