CNN: İrana məxsus tək bir pilotsuz hücum aparatında ondan çox ABŞ şirkətinin hissələrinin olduğu aşkarlanıb
Ukrayna kəşfiyyatının eksklüziv olaraq CNN tərəfindən əldə etdiyi qiymətləndirməyə görə, keçən ilin payızında Ukraynada vurulan bir İran pilotsuz təyyarəsinin içərisində ondan çox ABŞ və Qərb şirkətlərinin istehsalı olan hissələr tapılıb.
Keçən ilin sonunda ABŞ hökumət rəsmilərinə təqdim edilən bu qiymətləndirmə Rusiyanın yüzlərlə sayda Ukraynaya buraxdığı pilotsuz təyyarələrin İran tərəfindən istehsalını dayandıracağına söz verən Bayden administrasiyasının üzləşdiyi problemin miqyasını göstərir.
CNN keçən ay açıqlamışdı ki, Ağ Ev ABŞ və Qərb istehsalı olan texnologiyanın – yarımkeçiricilər və GPS modulları kimi kiçik avadanlıqlardan tutmuş mühərriklərə qədər – İran pilotsuz uçan aparatlarında necə quraşdırıldığını araşdırmaq üçün administrasiya daxilində işçi qrupu yaradıb.
Araşdırmaya əsasən, ukraynalıların İranın “Şahed-136” pilotsuz təyyarəsindən çıxardığı 52 komponentdən 40-ı 13 müxtəlif Amerika şirkəti tərəfindən istehsal olunub.Qalan 12 komponent Kanada, İsveçrə, Yaponiya, Tayvan və Çin şirkətlərinə məxsusdur.
Problemlə mübarizə variantları məhduddur. ABŞ illərdir ki, İranın yüksək keyfiyyətli materiallar əldə etməsinin qarşısını almaq üçün sərt ixraca nəzarət məhdudiyyətləri və sanksiyalar tətbiq edir. Hazırda ABŞ rəsmiləri bu sanksiyaların gücləndirilməsinə başlayıb, şirkətləri öz təchizat zəncirlərinə daha yaxşı nəzarət etməyə təşviq edir və ən əsası bu məhsulları götürən və onları “pis” müştərilərə yenidən satan üçüncü tərəf distribyutorlarını müəyyənləşdirməyə çalışır.
“Biz sanksiyalar, ixrac nəzarəti və hissələri istehsalda istifadə edilən özəl şirkətlərlə danışıqlar yolu ilə İranın İHA istehsalını hədəf almağın yollarını axtarırıq. İranın dronlarda istifadə olunan texnologiyalara çıxışını məhdudlaşdırmaq üçün ixrac nəzarəti baxımından ata biləcəyimiz əlavə addımları qiymətləndiririk”, - deyə Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrienne Uatson CNN-ə verdiyi açıqlamada bildirib.
Həmin şirkətlərdən hər hansı birinin ABŞ-ın sanksiya qanunlarını pozduğunu və dronlarda istifadə edilmək üçün texnologiyalarını bilərəkdən ixrac etdiyini göstərən heç bir sübut yoxdur. Mütəxəssislər CNN-ə bildiriblər ki, hətta bir çox şirkət monitorinqin gücləndiriləcəyini vəd etsə də, bu yüksək dərəcədə geniş yayılmış hissələrin qlobal bazarda harada satılmasına nəzarət etmək istehsalçılar üçün çox vaxt çətindir.
Ukrayna kəşfiyyatının qiymətləndirməsi isə sanksiyalara baxmayaraq, İranın hələ də kommersiya baxımından çoxlu texnologiya tapdığının bir daha sübutudur. Məsələn, vurulan pilotsuz təyyarəni hazırlayan şirkət İran Təyyarə İstehsalat Sənayesi Korporasiyası (HESA) 2008-ci ildən ABŞ-ın sanksiyaları altındadır.
Mütəxəssislərin fikrincə, İranda avadanlıqları almaq və sanksiyalardan yayınmaq üçün gizli şirkətlər yaradırlar. Qərb hökumətlərinin həmin şirkətləri üzə çıxarması isə bəzən illər çəkə bilər.
Ekspertlər CNN-ə bildiriblər ki, ABŞ hökuməti sanksiyaların tətbiqini gücləndirmək istəyirsə, daha çox resurs ayırmalı və bu məhsulların satıcılarını və alıcılarını izləmək üçün daha çox işçi işə götürməli olacaq.
Nubar Süleymanova, “İki sahil”