Xankəndi erməniləri: Heç bir blokada yoxdur
Separatçıların və xaricdəki züytutanlarının “blokada”, “acından öldük”, “soyuqdan qırıldıq”, “zülmətə qərq olduq” bağırtıları vayşüvənlikdən başqa bir şey deyil. Bunu təkcə biz demirik, həm Xankəndi sakinləri, həm də proseslərin gedişini izləyən xarici müşahidəçilər etiraf edirlər
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda ekofəallarımızın dekabrın 12-də başlanan fasiləsiz dinc etiraz aksiyası artıq 20 gündür davam edir. Bu etiraz aksiyası bir daha azərbaycanlıların sivil xalq olaraq ekoloji terrora və separatizmə qarşı mübarizədə nə qədər qətiyyətli və barışmaz olduğunu göstərməklə yanaşı, eyni zamanda, humanizmini, insanpərvərliyini də açıq şəkildə ortaya qoymaqdadır. Başda bu bölgəmizə Kreml tərəfindən xüsusi missiya ilə “ezam edilmiş” Ruben Vardanyanın rəhbərliyi ilə separatçı rejimin quldurları olmaqla Ermənistan və dünya erməniliyi sözügedən aksiyanı hər nə qədər qaraqışqırıqla, vayşüvənliklə beynəlxalq ictimaiyyətə Qarabağdakı etnik ermənilərin blokadaya alınması, “humanitar fəlakət” kimi sırımağa çalışsalar da fakt faktlığında qalır. Fakt isə budur ki, etirazların başladığı vaxtdan bu günədək aksiyaçılar heç bir dinc erməninin Xankəndindən Ermənistana və əks istiqamətə gediş-gəlişinə maneə törətməyib, ərazidə heç bir “humanitar fəlakət” şəraiti yaratmayıblar. Əksinə, aksiyaçılar yalnız Rusiya sülhməramlı kontingentinin komandanı Andrey Volkova deyil, həm də beynəlxalq təşkilatlara müraciət ünvanlayaraq onları bölgəyə dəvət edir, proseslərin gedişini şəffaf şəkildə izləməyə çağırırlar. Halbuki, əgər Xankəndi, erməni vayşüvənliyinin iddia etdiyi kimi, blokadaya alınsaydı, burada “humanitar fəlakət” yaşansaydı xarici müşahidəçilərin, beynəlxalq təşkilatların bölgəyə dəvət edilməsi Azərbaycan üçün arzuedilməz olardı. Amma göründüyü kimi, aksiyaçılar təkidlə beynəlxalq təşkilatların təmsilçilərini, xarici müşahidəçiləri bölgəyə dəvət etməklə kimin haqlı, kimin haqsız olduğunu əyani şəkildə nümayiş etdirmək istəyirlər.
Ölkəmizin öz israrlı mövqeyində tamamilə haqlı olduğunu sübuta yetirən daha bir təkzibolunmaz fakt bu günlərdə separatçıların və züytutanlarının acından qırıldıqlarını, işıqsız, qazsız, susuz qaldıqlarını, bir sözlə, humanitar fəlakət girdabında boğulduqlarını bütün dünyaya car çəkdikləri Xankəndidə elə ermənilərin özləri tərəfindən ortaya qoyuldu. Mübaliğəsiz demək olar ki, “Kafkazski Uzel” saytının dekabrın 23-də Xankəndidən yayımladığı 12 dəqiqəlik xüsusi videoreportaj Azərbaycanın təkidlə konkret faktlar əsasında beynəlxalq ictimaiyyətə diplomatik kanallar və digər vasitələrlə çatdırmağa çalışdığı Xankəndi və Qarabağın ermənilər yaşayan digər ərazilərindəki real vəziyyəti əks etdirmək baxımından çox maraqlı faktlarla zəngindir. Belə demək olar ki, əslində qatı ermənipərəstlikdə digər xarici media qurumlarından o qədər fərqlənməyən Rusiyanın bu elektron nəşri sözügedən videoreportajında elə Xankəndi sakinlərinin dili ilə Qarabağın sülhməramlıların müvəqqəti nəzarətində olan hissəsindəki real vəziyyəti tam dolğunluğu ilə olmasa da, hər halda nəzərəçarpacaq dərəcədə əks etdirir.
“Kavkazski Uzel”in repartyorunun “Blokada şəraitində özünüzü necə hiss edirsiniz” sualına Xankəndi sakinlərinin böyük əksəriyyəti “heç bir blokada-filan yoxdur” sözləri ilə cavab verirlər.
Məsələn, taksi sürücüsü Karen Babayan bu iddiaları əfsanə hesab edir: “Blokada haqqında deyilənlər ağ yalandır. Boş yerə panika qaldırırlar. İşıq var, qaz var. Hər şey var. Heç bir blokadadan söhbət gedə bilməz. Panika yaratmaq, yanacaqdoldurma stansiyalarını sındırıb-dağıtmaq lazım deyil.”
Xankəndinin mərkəzində həmyaşıdı ilə nərd oynayan qoca erməni də təxminən eyni cavabı verir: “Xeyr, heç bir çətinlik hiss etmirəm. Məndə hər şey əladır.”
Tibb işçisi Anaida Avakyan da heç bir çətinliklə üzləşmədiklərini bildirir: “Yeni ildə hansı evə getsəniz naz-nemətlə dolu necə süfrə açdıqlarını görərsiniz. Heç kim acından ölmür.”
Videoreportajın davam etdiyi 12 dəqiqə müddətində bir məqam izləyicilərin diqqətini dərhal cəlb edir. Əvvəllər xarici media orqanları ilə ən qısa təmaslarında belə düşdükləri acınacaqlı duruma görə yeri gəldi-gəlmədi Azərbaycanı ittiham edən, xalqımızın və dövlətimizin ünvanına olmazın şər-böhtan yağdıran Qarabağ erməniləri bu dəfə “Kafkazski Uzel” reportyorunun cidd-cəhdlə əleyhimizə nə isə qopartmağa çalışmasına baxmayaraq, nəinki ölkəmiz haqqında bir kəlmə də olsun tənqidi fikir dillərinə gətirmir, əksinə, konkret ad çəkməsələr də yaranmış vəziyyətə görə sətiraltı ifadələrlə daha çox separatçı rejimi, Ermənistanı və erməni diasporunu lənətləyirlər.
Bu baxımdan Xankəndidəki çörək sexində işləyən qadının fikirləri olduqca böyük maraq doğurur. Yaranmış ağır duruma görə separatçı rejimi və Ermənistan hakimiyyətini kəskin ittiham edən həmin qadın deyir: “Biz 30 il bundan əvvəl “miatsum” bağırtıları ilə meydana çıxanda düşünürdük ki, tezliklə ana Ermənistana birləşəcək və onun ayrılmaz tərkib hissəsi olacağıq. Həm də onu düşünürdük ki, Ermənistan rəhbərliyi bizim təhlükəsizliyimizi təmin edəcək. Amma əksini gördük. Qarabağ rəhbərliyi (separatçı rejim nəzərdə tutulur-Ə.Q.) də onlar kimi hərəkət edərək bizi taleyin ümidinə buraxdılar. Guya onlar bilmirdilər ki, bizi nələr gözləyir? Nə üçün indiyədək alternativ yollar barədə düşünmürdülər?” O, fikrini tam açıqlamasa da “alternativ yollar” deyərkən Azərbaycanla münasibətləri qaydaya salmağı nəzərdə tutduğu şübhəsizdir.
Xankəndidə heç bir blokadanın olmadığını etiraf edən kitabxana işçisi Anait Qarakyanın da separatçıların absurd ambisiyalarının girovuna çevrilmiş Qarabağ ermənilərinin gələcəyi ilə bağlı düşüncələri bədbin notlar üzərində köklənib: “İnsanlar stresdə, daha doğrusu, depressiyadadırlar. Heç bilmirik sabah nə olacaq. Əslində yaxşı heç nə yoxdur. İş yox, dolanışıq yox...”
Bax, belə! Hesab edirik ki, bütün bunlardan, yəni Xankəndi erməniləri real vəziyyəti özləri öz dilləri ilə etiraf etdikdən sonra bizim nə isə deməyimizə ehtiyac qalmadı. Necə deyərlər, “kor-kor, gör-gör...”
Əhməd Qurbanoğlu, “İki sahil”