1992-ci ilin yanvarında Bakıda ləzgi dilində “Samur” qəzeti işıq üzü gördü. Onun ilk redaktoru tanınmış yazıçı-jurnalist Feyruz Bədəlov idi. Dövlətin maliyyə yardımı ilə çıxan qəzet tezliklə Azərbaycan ləzgilərinin sevimli mətbu orqanına çevrildi.
Təəssüf ki, F.Bədəlova qəzetin 24 nömrəsini çap etmək nəsib oldu. Bundan sonra “Samur”un nəşri sənətşünaslıq elmləri doktoru Nurəddin Həbibova həvalə olundu.
1997-ci ildə qəzet bağlanmaq həddinə çatanda “Samur” Ləzgi Milli Mərkəzini təmsil edən ləzgi ziyalılarının təkidi ilə yazıçı-jurnalist Sədaqət Kərimova redaktorluğu boynuna götürdü. O, tanınmış jurnalist Müzəffər Məlikməmmədovu redaktor müavini vəzifəsinə dəvət etdi.
Qəzetin yeni dövrü maliyyələşdirilmənin dayandırıldığı vaxta təsadüf edirdi. Belə vəziyyətdə qəzet çıxarmaq fədakarlıq tələb edirdi. Redaksiya rayonlarda abunə yazılışına başladı. Tezliklə qəzetin müxbir postları yarandı. Qusarda Nəriman Osmanov, Mail Babaxanov, Natalya Alibeqova, Qəbələdə Baba Babayev, Şahismayıl İsmayılov, Xaçmazda Bəhram Zalov, Rauf Nemətov, İsmayıllıda Maqsud Xəlilov, Bakıda Roza Hacımuradova və Tahir Ağarəhimov kimi ziyalılar qəzetin əsl dayaqlarına çevrildilər.
Maddı çətinliklər ucbatından ilk gündən redaktordan həm müxbir, həm korrektor, həm fotoqraf, həm poçtalyon, həm də sürücü olmaq tələb olunurdu. Yerlərə qəzetləri özü çatdırmalı idi. Bu işlərdə həyat yoldaşı Mübariz Əzizov ilk gündən ona yardımçı oldu.
İki peşəkar və təcrübəli qələm sahibinin – Sədaqət Kərimovanın və Müzəffər Məlikməmmədovun birgə səyləri, Sevda Əzizova, Gülxar Güliyeva və digər qələm sahiblərinin zəhməti ilə işiq üzü görən qəzet dərc etdiyi yazıların səviyyəsi ilə dərhal oxucuların böyük nüfuzunu qazandı. O, nəinki Azərbaycanda, eləcə də Dağıstanda və ləzgilərin yaşadıqları xarici ölkələrdə də sevildi.
Lakin bu müvəffəqiyyətlər sonsuz maliyyə çətinliklərindən keçib gedirdi. Redaktor icarə və çap xərclərini, əməkdaşların maaşlarını ödəmək üçün kitablarını, zinət əşyalarını satmalı olurdu. "Samur” Ləzgi Milli Mərkəzinin təşəbbüsünə qoşularaq 10 nəfər ziyalı bir neçə il öz hesablarına 10, 20, 30 qəzet abunə yazdıraraq doğma kəndlərinə təmənnasız olaraq göndərməsi redaksiyaya dəstək oldu. Təəssüf ki, bu kampaniya müvəqqəti xarakter daşıdığından və həmin ianələr redaksiya xərclərinin cəmi 20 faizini ödədiyindən bu sahədə ən böyük dayaq redaktorun doğmaları oldu.
2012-ci ildə qəzetin 20 illik yubileyi Bakıda böyük təntənə ilə qeyd olundu. Bunu “Samur”sevərlər bayram kimi qeyd etdilər. Tədbirə bir neçə ölkədən qonaqların qatılması ona xüsusi təntənə verdi. Çıxış edənlər qəzetin xalq qarşısında xidmətlərini xüsusi qeyd etdilər.
Ləzgi dilini qorumaq, tariximizi, mədəniyyətimizi, adət-ənənələrimizi tanıtmaq sahəsində qəzetin ardıcıl fəaliyyəti onun Azərbaycan, Dağıstan və o cümlədən xaricı ölkələrdə yaşayan ləzgilərin sevimli mətbu orqanına çevrilməsinə kömək edib. Bu sahədə redaksiyanın keçirdiyi kütləvi tədbirlərin böyük rolu var. Dəyirmi masalar, kitab təqdimatları, folklor gecələri, tanınmış şair və yazıçıların yubileyləri qəzet-oxucu əlaqələrini möhkəmləndirir. Dağıstanın Dərbənd şəhərində, Süleyman Stalski rayonunda, Qazaxıstanın Aktau şəhərində, Türkiyənin Balıkesir və Bursa şəhərlərində keçirilmiş yaradıcılıq gecələrində, dünyanın 10-dan çox ölkəsinin televiziya verilişlərində doğma qəzetini təbliğ edən redaktor üçün “Samur”un ondan ötrü necə dəyərli olduğunu sübut etmək üçün qəzeti Şahdağın ən uca zirvəsinə- dəniz səviyyəsindən 4243 metr hündürlüyə qaldırıb. Bu illər ərzində onun, bütün redaksiya kollektivinin və qəzetin təəssübkeşlərinin ən böyük qazancı oxucu sevgisi olub. “Samur” un kollektivinin 30 illik mücadiləsi xalqa və ana dilinə məhəbbət nümunəsidir.
Həmkarlarımızı yubileyləri münasibətilə təbrik edir, "Samur"a yeni uğurlu yolçuluq arzulayırıq!
Rəhilə Misirxanlı,
“İlahiyyat” jurnalının redaktor müavini