Kürdəmir rayonunun Muğanlı kəndində nar şirəsi istehsalı üzrə mini zavod istifadəyə verilib.
“İki sahil” xəbər verir ki, müəssisənin tikintisi STEP layihəsi çərçivəsində Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilib.
Açılış mərasimində Aİ-nin Azərbaycandakı ofisinin nümayəndələri, Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov və digər rəsmi şəxslər iştirak ediblər.
Bildirilib ki, STEP layihəsi çərçivəsində 2020-ci ilin avqustundan 2022-ci ilin oktyabrınadək Azərbaycanın 7 rayonunda - Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Saatlı, Sabirabad və Ucarda 2000-dən çox nar istehsalçısı Avropa İttifaqından maliyyə dəstəyi alıb. Layihənin ümumi büdcəsi təxminən 590 min avro təşkil edib. Bunun da 500 min avrodan çoxunu Avropa İttifaqı ayırıb.
Yeni açılan müəssisə yerli nar istehsalçılarına məhsullarının emalı və satışına dəstək olmaq məqsədi daşıyır. Layihənin əsas məqsədi yerli istehsalçıları xarici bazarlara çıxarmaqdır.
Elxan İbrahimov deyib ki, bu zavodun açılışı Kürdəmirdə nar istehsalının inkişafına töhfə verəcək.
STEP layihəsində iştirak edən fermerlər isə bildiriblər ki, il ərzində türkiyəli mütəxəssislər onlara təlimlər keçib, nəticədə məhsuldarlıqlarını artırmağa nail olublar və hazırda nar şirəsi zavoduna daha çox məhsul tədarük edirlər.
Mini zavodun texnoloqu qonaqlara nar şirəsinin hazırlanma prosesi barədə məlumat verib.