"APA Media Group"da "İnsan alveri ilə mübarizə üzrə qabaqlayıcı tədbirlərin həyata keçirilməsində tərəfdaşlığın gücləndirilməsi" mövzusunda dəyirmi masa keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Miqrasiya Xidmətinin, həmçinin digər aidiyyəti dövlət orqanlarının, ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.
Dəyirmi masada qanunsuz miqrasiyanın, ölkə ərazisinin insan alveri məqsədilə tranzit kimi istifadə edilməsinin, insan alverinin bütün formalarının qarşısının alınması işinin daha da gücləndirilməsi və aidiyyəti dövlət orqanlarının bu istiqamətdə koordinasiyalı işinin təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılıb, təkliflər irəli sürülüb.
Tədbiri giriş sözü ilə açan “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyin sədri Mehriban Zeynalova mövzunun aktuallığına diqqət çəkib:
"Ukraynada baş verən proseslərin davam etdiyi bir dönəmdə insan alveri ilə mübarizə məsələsinə diqqət artırılması vacibdir. Biz də bunun müqabilində qabaqlayıcı tədbirlər həyata keçiririk. Bugünkü tədbirimizdə də məhz bu istiqamətdə konkret təkliflər və tövsiyələr veriləcək".
Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin şöbə müdiri Araz Babayev 2020-2024-cü illər üzrə fəaliyyət planı haqqında məlumat verib:
"Bildiyimiz kimi, 2020-ci ildə qanunvericilikdə müəyyən dəyişiklər oldu. Məsələn, xarici ölkələrdə insan alverinə məruz qalmış insanların yenidən ölkə ərazisinə qayıtması halında dövlət rüsumundan azad edilməsi bu dəyişikliklərdən biridir".
Araz Babayev bu fəaliyyət istiqamətində aidiyyəti orqan və strukturların əməkdaşlığının vacibliyini qeyd edərək son 17 ildə insan alveri ilə bağlı rəqəmləri vurğulayıb:
"Son 17 ildə 2098 insan alveri və məcburi əməyə cəlb edilmə faktı qeydə alınıb. Eyni zamanda, 617 şəxs məhkəmə məsuliyyətinə cəlb edilib. Bundan başqa, 1281 insan alveri qurbanının yenidən cəmiyyətə inteqrasiyası təmin edilib. Bu rəqəm həm Azərbaycan vətəndaşlarını, həm əcnəbiləri, həm də vətəndaşlığı olmayan şəxsləri ehtiva edir".
Şöbə müdiri əcnəbi vətəndaşın başqa bir əcnəbi vətəndaşı istismar etməsi faktının da olduğunu diqqətə çatdırıb:
"Məsələn, bir nigeriyalı vətəndaşın başqa bir nigeriyalı vətəndaşı gətirib burada müəyyən xidmətlərə cəlb eləməsi faktı da olub. Bu fakt əməkdaşlarımız tərəfindən dərhal aşkarlanaraq nəzarətə götürülüb. Təsəvvür edin ki, istismar edilən şəxsin bütün sənədləri onu istismar edən şəxsin evindən çıxıb".
Dövlət Miqrasiya Xidmətinin Miqrasiya nəzarəti baş idarəsi, Miqrasiya rejiminə nəzarət şöbəsinin rəisi Rüfət İbrahimov xidmətin gördüyü işləri dəyirmi masa iştirakçılarının diqqətinə çatdırıb:
"Hər il Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbilərin Azərbaycan ərazisindən qanunsuz formada digər ölkələrə keçirmə cəhdləri aşkar olunur, şübhəli bilinən şəxslər müəyyən edilərək hüquq-mühafizə orqanlarına təqdim edilir".
Şöbə rəisi onu da qeyd edib ki, hazırda Ukraynadan ölkəmizə gələn vətəndaşlar vaxt limiti olmadan burada qala bilirlər:
"Qanunla Ukrayna vətəndaşları Azərbaycanda 90 gün qala bilər. Amma hazırkı vəziyyətə görə, bu vaxt limiti aradan qaldırılıb. Yəni 90 günü bitmiş vətəndaşlar ölkəmizdə qala bilir".
Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin baş məsləhətçisi Aytən Əlizamanova ötən il Agentlik tərəfindən insan alverinə qarşı mübarizə istiqamətində görülən işləri diqqətə çatdırıb:
"2021-ci ildə DİN-lə əməkdaşlıq çərçivəsində bir sıra silsilə tədbirlər keçirilib. Bu tədbirlər daha çox turizm sahəsinə aid olan subyektlərdən hotel əməkdaşları ilə olub, bir sıra təlimlər keçirilib. Təlimlərdə hotel əməkdaşlarının - daha çox "reseption" xidməti əməkdaşlarının vəzifədə olduqları zaman qarşılaşdığı problemlər müzakirə edilib, müəyyən istiqamətlər verilib. Çünki "reseptionlar potensial insan alveri qurbanları ilə birbaşa ünsiyyətdə olurlar".
Çıxışlar yekunlaşdıqdan sonra dəyirmi masa iştirakçılarının mövzu ətrafında müzakirəsi başlayıb, suallar cavablandırılıb və təkliflər irəli sürülüb.
Təkliflər içərisində QHT-lərlə dövlət qurumlarının bu istiqamətdə müştərək işləməsi, müvafiq maarifləndirici bukletlərin hazırlanması, həmin bukletlərdə aidiyyəti dövlət qurumlarının əlaqə nömrələrinin qeyd olunması və ölkəyə daxil olan şəxslərə pasportlarla bərabər həmin bukletlərin təqdim edilməsi, miqrantlarla keçirilən görüşlərdə bu yöndə maarifləndirici tədbir və söhbətlərin aparılması kimi məsələlər xüsusilə qeyd edilib.