31 avqust 2022 00:29
2881

Bu gün 8 milyardı ötən dünya əhalisi keçmişdə və indi

Dünya əhalisi hər ildən bir 10% və ya hər il əlavə olaraq 83 milyon nəfər artır. Dünya əhalisinin 2030-cu ildə 8,6 milyarda, 2050-ci ildə 9,8 milyarda, 2100-cü ildə isə 11,2 milyarda çatacağı gözlənilir. Dünya əhalisinin 50,4%-ni kişilər, 49,6%-ni isə qadınlar təşkil edir.

Əhalinin sayı ümumilikdə sürətlə artır. Eramızın 1000-ci ilində Yer kürəsinin əhalisi cəmi 400 milyon nəfər idi. 750 ildən sonra, 1750-ci ildə əhali 800 milyon oldu və 1804-cü ildə ilk dəfə olaraq 1 milyarda çatdı. İkinci Dünya müharibəsindən sonra Yer kürəsinin əhalisi hər 12-15 ildən bir milyard nəfər artır. Cəmi 40 il ərzində əhali sayı 6 milyarda çatdı.

Hər iki ildən bir BMT gələcək əhali artımı ilə bağlı proqnozlar verir. Ən son proqnoza görə, 2050-ci ildə əhalinin sayı təxminən 10 milyard, 2100-cü ildə isə 11 milyard nəfər olacaq. Bu il dünya əhalisinin sayının 8 milyarda çatdığı isə artıq hər kəsə məlumdur.

Bütün dövrlərdə Yer kürəsində nə qədər insan yaşayıb? Mütəxəssislərin fikrincə, bəşəriyyətin bütün tarixində Yer kürəsində 108 milyard insan yaşayıb. Bu o deməkdir ki, bəşər tarixi boyu dünyaya gəlmiş insanların təxminən 6,5%-i hazırda yaşayır.

Dünya üzrə əhalinin ən sıx yaşadığı - 4,7 milyard əhalisi olan Asiya hazırda insanların ən sıx məskunlaşdığı qitədir. Dünya əhalisinin 61%-i burada yaşayır. İnsanların təxminən 17%-i Afrikada (1,3 milyard), 10%-i Avropada (750 milyon), 8%-i Latın Amerikası və Karib hövzəsində (650 milyon), qalan 5%-i isə Şimali Amerikada (370 milyon) və Okeaniyada (370 milyon) məskunlaşmışdır.

Ölkələrə görə Yer kürəsinin ən böyük əhalisinə malik olan Çin yarım əsr ərzində dünyanın ən çox əhalisi olan ölkəsi statusunu qoruyub. Burada təxminən 1,45 milyard insan yaşayır. Dünyanın ən çox məskunlaşmış ölkələri üçlüyünə Hindistan və ABŞ da daxildir. Bununla belə, sürətli əhali artımı sayəsində Hindistanın 2022-ci ilin sonuna qədər Çini keçəcəyi gözlənilir. Bundan əlavə, görünür ki, ABŞ üçüncü yeri Nigeriyaya verəcək. Nigeriyada əhalinin artım tempi ildə 2,6% təşkil edir. Bu, dünyanın ən sıx məskunlaşmış 10 ölkəsi arasında ən yüksək göstəricidir.

Ümumilikdə, əhali artımının yarısı 9 ölkədə baş verir. Dünya əhalisi 10 milyard insana yaxınlaşdıqca bəzi ölkələr digərlərindən daha böyük rol oynayacaq. Hindistan, Nigeriya, Konqo Demokratik Respublikası, Pakistan, Efiopiya, Tanzaniya, ABŞ, Uqanda və İndoneziya indidən 2050-ci ilə qədər ən böyük əhali artımına töhfə verəcək ölkələr siyahısındadır.

Dünyanın ən sıx məskunlaşmış şəhərlərinin əksəriyyəti ən sıx məskunlaşan iki ölkədə- Çin və Hindistandadır. Eyni zamanda, Tokio əhalinin sayına görə dünyanın ən böyük şəhəridir. Burada 37 milyon insan yaşayır. Dünyanın ən sıx məskunlaşmış 10 şəhərinin siyahısı belədir: Tokio (37 milyon nəfər) Dehli (29 milyon nəfər) Şanxay (26 milyon nəfər) Sao Paulo (21 milyon nəfər) Mexiko (21 milyon nəfər) Qahirə (20,4 milyon nəfər) Dəkkə (20,2 milyon nəfər) Mumbay (20,1 milyon nəfər) Pekin (20 milyon nəfər) Osaka (19 milyon nəfər)

Əhali baxımından dünyanın ən kiçik ölkəsi 800-dən bir qədər çox insanın yaşadığı Vatikandır. Ancaq turist axınına görə şəhərin əhalisi 3-4 dəfə arta bilər. Əhalisi bir futbol stadionuna sığacaq qədər az olan daha 9 ölkəni təqdim edirik: Nauru - 10 876 nəfər, Tuvalu - 11931 nəfər, Palau - 18169 nəfər, San Marino - 34017 nəfər, Lixtenşteyn – 38250 nəfər, Monako - 39511 nəfər, Sent Kitts və Nevis 53544 nəfər, Marşal adaları - 59610 nəfər, Dominika - 72167 nəfər. Təsəvvür etsəniz ki, planetimizin bütün əhalisini toplayıb insanları yan-yana qoya bilərsiniz, onda onlar 3,5 milyon km-dən çox düzüləcəklər və onları bir kvadratda düzsəniz, o zaman ərazi təxminən 700 milyon kvadratkilometr olacaq. Bu o deməkdir ki, Yer kürəsinin bütün əhalisi Moskvanın bütün ərazisinin təxminən üçdə birini tutacaq. Əlbəttə ki, belə bir hesablama üçün götürülmüş bütün məlumatlar təqribi hesablanır.

Rəsmi olaraq Yer kürəsinin 5 milyardıncı sakini 11 iyul 1987-ci ildə anadan olmuş Xorvatiyanın Zaqreb sakini Matej Qaspar oldu. 6 milyardıncı isə 12 oktyabr 1999-cu ildə doğulub və bu titul simvolik olaraq Bosniya və Herseqovinadan olan Adnan Meviçə verilib. 31 oktyabr 2011-ci ildə 7 milyardıncı uşaqlar dünyaya gəldi. Bu titul bir anda bir neçə uşağa verilmişdi.

Müxtəlif ölkələrdə orta ömür uzunluğu fərqlidir. İnkişaf etmiş və yoxsul ölkələrin sakinləri arasında orta ömür uzunluğu fərqi təxminən 20 ildir. Beləliklə, inkişaf etmiş ölkələrdə orta ömür uzunluğu təxminən 77 il, inkişaf etməkdə olan ölkələrdə isə müvafiq olaraq 55,9 ildir. Saharadan aşağıdakı Afrika ölkələrində gözlənilən ömür uzunluğu ən aşağı 51,5 il təşkil edir. Ən yüksək isə Qərbi Avropa (80,3 il) və Şimali Amerikada (79,3 il) müşahidə olunur.

Hazırda dünyada təxminən 1,8 milyard insan 10-24 yaş arasındadır ki, bu da bəşər tarixində ən böyük gənc əhali statistikası sayıla bilər. Əslində, ümumi dünya əhalisinin təxminən 52%-ni 30 yaşdan aşağı insanlar təşkil edir. Gənclər xüsusilə inkişaf etməkdə olan ölkələrdə üstünlük təşkil edir.

Yer üzündə ən çox yayılmış ad təxminən 150 milyon kişi və ya oğlan uşağına verilən Məhəmməd və ya onun variasiyasıdır. Müsəlman ailələrində ilk övladına eyni adlı İslam peyğəmbərinin şərəfinə ad vermək ənənəsi olduğu üçün bu qədər məşhur olduğuna inanılır. Eynilə, Məryəm adı və ya onun fərqli versiyaları dünyada qadın və qızlar üçün ən çox yayılmış ad hesab olunur.

Dünyanın bəzi regionlarında artımın sürətli olmasına baxmayaraq, ümumi artım qlobal olaraq azalır. Qlobal əmsal 1960-cı illərdən bəri azalıb və növbəti bir neçə onillik ərzində azalmağa davam edəcəyi gözlənilir. Ümumi doğum nisbəti azalsa da, bütün dünyada doğum nisbətləri çox dəyişir. Məsələn, Afrikada hər qadına təxminən 4,7, Avropada isə 1,6 doğum düşür.

Nubar Süleymanova, “İki sahil”