26 iyul 2022 20:10
1723

“Yüksəliş” müsabiqəsinin qalibi: Şikayət etməkdənsə, problemin innovativ həllini tapmaq lazımdır

Prezident dünyada Azərbaycanın maraqlarını qorumaq üçün əlindən gələni edir, biz də etimadı doğrultmağa çalışırıq

Böyük Qayıdışın “Yüksəliş” müsabiqəsi ilə eyni vaxta düşməsi Zəngilanlı kimi mənim üçün ikiqat bayramdır

“Yüksəliş” müsabiqəsinin qalibi Emil Məmmədlinin “İki sahil”ə müsahibəsi

- İlk olaraq sizi müsabiqənin qaliblərindən biri olmanız münasibətilə təbrik edirik. Oxucularımıza özünüzü necə təqdim edərdiniz?

- Mən, Məmmədli Emil, Zəngilan rayonunda anadan olmuşam. Oradan 5 yaşında ailəmlə məcburi köçkün olaraq Bakıya gəlmişik. Zəngilan rayon 33 nömrəli məktəbi bitirdikdən sonra 665 balla İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinə daxil olmuşam. Orada Xüsusi İstedadlar Qrupunda oxumuşam. Magistr təhsilimi İngiltərənin Lankester Universitetində (Lancaster University) Maliyyə ixtisası üzrə almışam. İspaniyanın İE Biznes Məktəbində (İE Business School) İslam Maliyyəsi ixtisası üzrə isə ikinci magistr təhsili almışam. Azərbaycan Dövlət Neft Fondunda, Xəzər beynəlxalq investisiya şirkətində, İslam İnkişaf Bankının Ciddə və İstanbul ofislərində işləmişəm. Hazırda Vyana şəhərində Dünya Bankının bir qolu olan Beynəlxalq maliyyə koorparasiyasında çalışıram.

- "Yüksəliş" müsabiqəsində qalib olmaq, seçilmişlərdən olmaq necə hissdir? Bu müsabiqədəki qalibiyyətdən gözləntiləriniz nədir?

- Bu müsabiqədə qalib gəlmək mənim üçün qürurverici bir hisdir. Ona görə ki, qeyd etdiyiniz kimi bu cənab Prezidentin birbaşa təşəbbüsü ilə yaradılmış müsabiqədir. Mən müsabiqədə qalib gəlməklə yanaşı, həm də sıralamada birinci yerə çıxmışam. Ən əsası da yarışdığım, iştirak edən iştirakçıların bilik və bacarıq, idarəetmə səviyyəsinin yüksəkliyi və bu yüksək talantların arasından qalib çıxmaq mənim üçün həm də qürur hissidir. Çünki Azərbaycanda belə parlaq insanların olması ölkəmizin gələcəyinə olan inamı daha da artırır.

- Sizi müsabiqəyə qatılmağa nə vadar etdi? Ümumiyyətlə, “Yüksəliş”ə necə qatıldınız?

- Azərbaycana gələndə bir nəfərlə görüşdüm. Həmin şəxsin öz biznesi var və biznesi ilə bağlı problemi mənə dedi. Mən o problemə başqa tərəfdən yanaşmağı təklif etdim. O keçən il finalçı oldu və mənə təklif etdi ki, bu il müsabiqədə mütləq iştirak edim. Müsabiqədə iştirak etməkdə məqsəd açığı qalib gəlməkdən daha çox Azərbaycanda parlaq insanları tanımağa, onlarla hansısa proyekt qura bilmək idi. Mən düşünürəm ki, buna da nail oldum. Bunun üzərinə də qalib gəlməyim əlbəttə ki, yaxşı oldu.

- Dövlətimizin başçısı hər zaman gənclərimizə yüksək etimad, ali diqqət və qayğı göstərir, onların gələcək inkişafı üçün zəruri olan tədbirlərin miqyasını ilbəil artırır. Bir gənc kimi deyə bilərsinizmi göstərilən etimad doğruldulur?

- Bu qayğını birbaşa mən öz üzərimdə hiss etmişəm. Çünki mənim Lankasterdə oxumağım dövlət proqramı ilə olub. Azərbaycanda da ödənişsiz oxumuşam. Hazırda müsabiqədə də iştirak etməyim belə dövlətin bizə qayğısıdır. Azərbaycanda da, ölkədən kənarda çalışsaq da bu etimadı doğrultmağa çalışırıq. Ölkədə gedən reformlar, müsbət dəyişikliklər bunun bariz göstəricisidir. Mən bir çox ölkələrdə yaşamışam. Azərbaycanda bəzi sahələrin kefiyyəti qabaqcıl ölkələrlə müqayisəyə gəlməz şəkildə yüksəkdir. Ötən dəfə mobil notariatla bir məsələni həll etməyə çalışırdım. Çox tez bir zamanda onu həll etdim. Bu xüsusilə bürokratik sahələrdə xidmət sahəsinin gəldiyi səviyyəni göstərir. Təbii ki, müəyyən sahələr var onlar inkişaf etməlidir. Amma trend önəmlidir. Trend də onu göstərir ki, hər bir Azərbaycan vətəndaşı etimadı doğrultmağa çalışır.  

- Qürürverici hisslər yaşayırıq. Artıq Böyük Qayıdışa start verilib. 30 il ata-baba yurdundan didərgin düşən soydaşlarımız dogma torpaqlarına qayıdıb. Zəngilanda doğulmusunuz, hansı hissləri keçirirsiniz?

- Mən bu hadisələri qürur hissi ilə izləyirəm. Bizim ailədə, ətrafımızda möhtəşəm bir atmosfer var. Bunun olması inanılmaz dərəcədə çətin gəlirdi. Amma dövlətimizə, ölkə başçısına bizim inamımız tam idi. Ölkə başçısı İlham Əliyev dünyada Azərbaycanın maraqlarını qorumaq üçün əlindən gələni edir. Məhz Böyük Qayıdışın “Yüksəliş” müsabiqəsi ilə eyni vaxta düşməsi bizim üçün ikiqat bayramdır. Digər tərəfdən də işğaldan azad olunandan sonra mən Zəngilan rayonuna getdim. Ermənilərin oranı necə viran qoyduqlarını, bizim Zəngilandakı evimizi darmadağın etdiklərini gördüm. Hazırda Ağalı kəndinin timsalında bu torpaqların əsl sahibinin buranı necə çiçəklənən bir yerə çevirdiklərini göstəririk və hələ göstərəcəyik də. Dostlarımız sevinəcək, düşmənlərimiz isə bundan dərs alacaq.  

- Uğurlara imza atan gənc kimi həmyaşıdlarınıza nələri tövsiyə edərdiniz?

- Azərbaycanı bizdən başqa heç kim çiçəkləndirməyəcək. Bizim güclü olmağımız üçün davamlı olaraq öz üzərimizdə işləməliyik. Şikayət etməməliyik. Problem varsa problemin innovativ həlli də var. Problemə baxıb şikayət etməkdənsə, onun innovativ həllini tapmaq lazımdır. Hansısa bir nailiyyət əldə edərkən köklərimizi- Ana, Vətən, dövləti unutmamalıyıq. Mən və mənim xaricdəki tanışlarım bunu heç vaxt unutmuruq. İşlərində və insanlarla münasibətdə özlərini başqalarının yerinə qoymalarını məsləhət görərdim.

Nilufər Mustafaqızı, “İki sahil”