Naxçıvan Dövlət Universitetində I Beynəlxalq Tibbi Forum keçirilib.
Dünyanın 8 ölkəsindən 350-dən artıq tibb sahəsi üzrə elm adamının qonaq olduğu forumda 4 bölmə üzrə mühazirələr dinlənilib, mövzular üzrə suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.
A bölməsində Laparoskopik cərrahiyyə kursu, Laparoskopik kolorektal cərrahiyyə kursu, Ginekologiya, Bariatrik metabolik cərrahiyyə, Cərrahiyyə -III, Pankreas xəstəlikləri, Plastik estetik və rekonstruktiv cərrahiyyə, Endokrinologiya sahələri üzrə 70-ə yaxın çıxış olub.
Forumun ilk günündə “Laparoskopik cərrahiyyə kursu” adlı bölmədə moderatorlar professor Cavit Avcı, professor Ömər Alabaz, dosent Müşviq Həsənovun rəhbərliyi altında 10 , Laparoskopik kolorektal cərrahiyyə kursu adlı bölmədə moderatorlar professorlar Levent Avtan, Metin Ertem, Yuri Starkovun rəhbərliyi ilə 9, “Ginekologiya” adı altında professorlar Erkut Attar, Cəmilə Qurbanova, İslam Mahalov, tibb üzrə fəlsəfə doktoru Önder Tulumbacının moderator olduğu bölmədə 8, Bariatrik metabolik cərrahiyyə bölməsində professorlar Mustafa Taşkın, Levent Avtan, tibb üzrə fəlsəfə doktorları Taryel Ömərov, Elçin Abdinov moderatorların təşkilatçılğı ilə 11 mühazirə dinlənilib.
Forumun II günündə isə professorlar Qalib Qarayev, Fariz Camalov, Novruz Hacıyevin rəhbərliyi ilə, tibb üzrə fəlsəfə doktoru Anar Namazovun moderatorluq etdiyi Cərrahiyyə -III adlı bölmədə 10, professorlar Dilek Oğuz və İrfan Korukun rəhbərliyi altında professorlar Vaqif Qələndər, Mismil Muradov və tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmovun moderator olduğu bölmədə 9, dosent Sərdar Əliyev, həkimlər Samir Şükürov, Mətanət Səfərova tibb üzrə fəlsəfə doktoru Nərgiz Əliyevanın rəhbərlik etdikləri bölmədə mövzular üzrə 9 çıxış dinlənilib.
Qeyd edək ki, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Endoskopik-Laparoskopik Cərrahlar Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycan, ingilis və rus dillərində keçirilən forum Azərbaycan tarixində böyük həcmdə təşkil olunan ilk tibbi forumdur.
Səadət Əliyeva,
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri