Azərbaycanın muzeyləri ölkəmizin muzey sərvətlərinin qorunub saxlandığı dövlət xəzinəsidir. Bu gün Azərbaycan incəsənətinə göstərilən marağın artması, mədəniyyət abidələrinin, incəsənət əsərlərinin qorunması və təbliği, mədəniyyət və incəsənət xadimlərinin beynəlxalq miqyasda qazandığı böyük uğurlar onu göstərir ki, Azərbaycanın milli incəsənəti ümumbəşər mədəniyyətinin tərkib hissəsi kimi daim və yüksək inkişafdadır. Bu inkişaf ondan irəli gəlir ki, Azərbaycan incəsənət sahəsində dövlət qayğısı milli zəminə, ümumbəşəri dəyərlərə əsaslanır. Mədəni sərvətlərin saxlanılması, qorunması və təbliği sahəsində muzeylərin fəaliyyəti zəruri və danılmazdır. Muzey tarixi, maddi və mənəvi dəyərlərin nümayış edildiyi, qorunduğu, saxlandığı və öyrənildiyi müəssisədir. Muzey zamanın “yaşadığı” hər şeyi saxlayır, öyrənir və nümayiş etdirir. Muzey mədəni və tarixi bir fenomendir. Əvvəllər bu anlayış elm və incəsənət əşyalarının kolleksiyasını ifadə edirdi. Sonralar, XVIII əsrdə eksponatların yerləşdiyi bina da nəzərdə tutulurdu. XIX əsrdən isə muzeylərdə elmi-tədqiqat işlərinin aparılması da bura aid edilir. 1946-cı ildə mədəni irsin, muzeylərin fəaliyyətinin inkişafı və müdafiəsi üçün Beynəlxalq Muzeylər Şurası yaradılmışdır.
Muzeylər keçmiş dövrlərin irsini və tarixi yaddaşı qoruyan “etibarlı” müəssisələrdir. Bizim həyatımızda muzeylərin böyük əhəmiyyəti vardır. Muzeylərdə tarix və cəmiyyət sintez halında əks olunur. Dünyada çoxlu müxtəlif tematik muzeylər və sərgilər fəaliyyət göstərir. Əhəmiyyətindən asılı olmayaraq, onlar tamaşaçılara öz ekspozisiyası ilə tanışlığı təqdim edir, rəssam, heykəltəraş, tarixi dövr, ölkə haqqında müəyyən fikir formalaşdırmağa kömək edir. Muzey eksponatları isə müxtəlif xalqların mədəniyyətində baş verən hadisələrin və proseslərin əyani göstəricisidir. Həmçinin, onlar tarixi dövrlər arasında əlaqə rolunu oynayır, keçmişdən müasir zamana inteqrasiya edirlər. Beləliklə, eksponatlar keçmişlə müasirlik arasında oxşar və fərqli cəhətləri görməyə, müqayisə etməyə imkan verir. Belə ki, muzey eksponatları əsasında tarixi-mədəni prosesləri modelləşdirmək imkanı, o cümlədən, keçmiş dövrün mühitini tam təsəvvür etmək və yeni biliklər əldə etməyə imkan verir. Muzey kolleksiyaları insanın dünyagörüşünü, onun incəsənətə baxışını, estetik zövqünü və bədii fəaliyyəti formalaşdırır. Mədəni irsin əyaniliyi və konkretliyi təhsil sahəsinə də təsir edir: sistematik biliklər daha tez qavranılır, mənimsənilir. Muzey eksponatların tərbiyəvi funksiyası isə ondan ibarətdir ki, onlar keçmişə hörməti reallaşdırır, vətənpərvərlik hissini inkişaf etdirir, tarixi yaddaşı möhkəmləndirir və mənəvi dəyərlərə yönəldir. Muzey eksponatların kommunikativ funksiyası da böyük əhəmiyyətə malikdir: müxtəlif mədəniyyətlərin cəmiyyətdə formalaşmasına, konfessiya, nəsillər arasında qarşılıqlı əlaqənin qurulmasına kömək edir.
Dünya təsviri incəsənətinin unikal kolleksiyası olan yüzlərcə, minlərcə muzey vardır. Özünün sənət əsərləri, abidələri ilə ən məhşur və zəngin muzeylər sırasına Luvr, Britaniya muzeyi, Teyt Modern qalereyası, Metropoliten-muzey, Uffitsi qalereyası, Ermitaj, Prado, Tretyakov qalereyası, Madam Tüsso muzeyi və s. daxildir. Yuxarıda qeyd etdiyimiz və digər tarixi-arxeoloji, incəsənət, bir sözlə, bədii muzeylərdə tarixin müxtəlif dövrlərini əhatə edən bir çox şah əsərlər nümayiş olunur. Lakin onların hamısını tamaşaçı seyr edə bilmir. Məsələn, Böyük Britaniyada Teyt Modern qalereyasında tamaşaçıların nəzərinə sənət əsərlərinin yalnız 20%, Tretyakov qalereyasında – 10%, Amerika Birləşmiş Ştatlarında Solomon Quggenhaym incəsənət muzeyində isə cəmi 1% təqdim olunur. Sənət əsərlərinin “gizlədilməsinin” səbəblərindən biri odur ki, onları ölçülərinin böyüklüyünə görə, zallarda və yaxud sərgilərdə yerləşdirmək qeyri-mümkün olur. Məsələn, Nyu-York Müasir İncəsənət muzeyində Pablo Pikassonun yalnız 21 əsəri nümayiş olunur. Böyük rəssamın kolleksiyası isə muzeydə 1220-dən çox eksponatdan ibarətdir. Ermitaj və Britaniya muzeyi belə problemlə tez-tez üz-üzə qalır. Sənət əsərləri üçün kifayət qədər məkan olmadığından problemi vitrin və seyfləri əvəz edən, açıq fondlar vasitəsi ilə həll edirlər. Beləliklə, muzeylər çalışır ki, dünya incəsənət əsərlərini tamaşaçılara nümayişi genişləndirsin. Digər səbəb isə, muzeylərdə çox qiymətli və qədim sənət əsərlərini rütubət və nəmişlikdən qorumaq üçün zallarda, xüsusi qayğı tələb edən eksponatları, müəyyən səviyyədə saxlanmasıdır. Bu cür tədbirlərdə uzun müddət sənət əsərlərinin geniş tamaşaçı auditoriyasına göstərilməsi məhdudlaşdırılır. Məsələn, Albrext Dürerin “Dovşan” əsəri 2014-cü ildə Vyanada Albert Bədii qalereyasında on il fasilədən sonra nümayiş edilmişdir. Çünki ekspozisiyadan sonra əsərin uzun müddət bərpası baş verirdi. Bu onunla əlaqədardır ki, qrafik işlərin yaxşı vəziyyətdə saxlanılması məqsədi ilə, demək olar ki, 3 aydan çox nümayiş olunmur və bir neçə müddət (təqr. 1,5 il) xüsusi şəraitdə qorunur. Bu vasitələrin sayəsində muzeylər çalışır ki, sənət əsərlərinin orijinal simasını gələcək nəsillər üçün qorusun, mühafizə etsinlər.
Dövlət mədəniyyət sistemi dövlətə məxsus mədəniyyət sərvətlərindən, bu sərvətlərin və milli incəsənətimizin inkişafı, mühafizəsi, təbliği və artırılması ilə məşğul olan mədəniyyət müəssisələri şəbəkəsindən və digər mədəniyyət təsisatlarından ibarətdir. İncəsənət sərvətləri içərisində muzey müəssisələrinin özlərinə məxsus təsir mövqeləri olmuş, müxtəlif tarixi dövrlərdə ayrı-ayrı hadisə və bədii cərəyanların, cəmiyyətlərin birliklərin yaranması mənbəyinə çevrilmiş, ümumi inkişafa təkan vermiş, bədii yaradıcılıq nümunələrinin qoruyucusu və gələcək nəsillərə ötürülməsi, eyni zamanda onların tədqiqi mənbəyi olmuşdur.
Qeyd edim ki, bu gün müasir incəsənət muzeyinin missiyası sərgi məkanından və ya fondundan daha əhəmiyyətlidir. Muzeylərə, mədəniyyət mərkəzlərinə ehtiyac yarandığından onun fəaliyyət sahələrinin genişlənməsi ilə bağlı tendensiya müşahidə olunur. Muzey cəlb etmək, məlumatlandırmaq, dünyagörüşü artırmaq, eyni zamanda yüksək mədəni statusu saxlamaq məqsədini daşıyır. Müasir incəsənət muzeylərinin məkanı ziyarətçilər üçün yeni imkanlar açan yaradıcı, kreativ platformadır. Müasir muzey davamlı inkişafda olan, yüksək məlumat və emosional fəaliyyət gücünə malik bir məkan kimi qəbul edilir. Ölkələrin bir çoxunda müasir incəsənət muzeyləri fəaliyyət göstərir. Adından aydındır ki, belə muzeylərdə əsasən müasir dövrün sənət nümunələri saxlanır. Müasir incəsənət muzeylərində modern, avanqard və digər müasir cərəyanların nümayəndələrinin əsərləri mühafizə olunur. İlk müasir muzeylərdən biri Nyu-York Müasir İncəsənət Muzeyidir. Muzey 1929-cu ildə Alfred Hamilton Bar tərəfindən yaradılmışdır (amerikalı incəsənət tarixçisi Alfred Bar muzeyin ilk müdiri və təşkilatçısı olmuşdur). Qeyd edək ki, muzeyin sərgi məkanı daima gənişlənir. Muzeyin kolleksiyasında 200 mindən çox məşhur rəssamların əsərləri saxlanılır.
Müasir incəsənət muzeyləri haqqında danışarkən Azərbaycanda yerləşən Müasir İncəsənət Muzeyini xüsusilə qeyd etməliyik. Bu möhtəşəm bina həm oradakı sənət əsərləri, həm də muzey binası ilə məşhurdur. Azərbaycan müasir incəsənətini əhatə edən muzey Bakıda yerləşir. Müasir İncəsənət Muzeyi Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılmışdır. Müasir İncəsənət Muzeyi 2009-cu ildə açılmışdır. Muzeyin dizaynı məşhur rəssam Altay Sadıxzadəyə məxsusdur. Muzeyin ağ binasını da avanqard üslubunda sənət əsəri hesab etmək olar. Muzey ekspozisiyası nəinki zallara aiddir, həm də binanın xaricinə də təcəssüm edir: “Fəza saatı”, “Külək”, “Rəqs”, “Kometa” adlı müasir incəsənət nümunələri və avanqard heykəltəraşlıq işləri yer alır. Muzeyin açıq konsepsiyası tamaşaçılara müxtəlif planlı və qeyri-adi işlərlə əyani tanışlığa imkan verir.
Müasir İncəsənət Muzeyi ekspozisiyasının əsasını XX əsirdən bu günə qədər Azərbaycan rəssam və heykəltəraşlarının əsərləri təşkil edir. Sənətkarlardan Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov, Tahir Salahov, Mikayıl Abdullayev, Tağı Tağıyev, Hüseyn Əliyev, Nadir Əbdürrəhmanov, Oktay Sadıxzadə, Böyükağa Mirzəzadə, Elmira Şaxtaxtinskaya, Nadir Qasımov, Tokay Məmmədov, Ömər Eldarov və başqalarının qiymətli əsərləri toplanmışdır. Digər zalda qərb incəsənətinin nümayəndələrinin əsərləri sərgilənir: Salvador Dali, Mark Şaqal, Pablo Pikasso və b.
Bu gün muzeylər mədəniyyətə böyük töhfə verən müəyyən sosial-mədəni ünsiyyət mexanizmi kimi öz funksiyalarını həyata keçirir. XXI əsrdə müxtəlif mədəniyyətlərin inteqrasiyası, ideal və dəyərlərin formalaşması prosesi intensiv şəkildə davam edir, eyni zamanda milli-mədəni xüsusiyyətlərə, dəyərlərə xüsusi diqqət yetirilir.
Məhz muzeylərdə bəşəriyyət xəzinələrini saxlayır, onların yaşı bəzən bəşəriyyətin yaşından da çoxdur. Nə yaxşı ki, əcdadlarımız bir vaxtlar ekspozisiyaları qoruyub saxlamış, bununla da gələcək nəsillər tarixi irsimizlə tanış etmək imkanı eldə etmişlər. Dünya mədəniyyətində bəşəriyyətin topladığı və müqəddəs saxladığı dəyərlərə müraciət fərdin mədəni-tarixi məkana daxil olmasını nəzərdə tutur ki, bu da onun özünü mədəniyyət subyekti kimi dərk etməsinə zəmin yaradır.
Ləman Məmmədova,
Naxçıvan Müəllimlər İnstitutunun dosenti