Aprel ayının 30-da Azərbaycan mədəniyyətinin incisi, operalarımızın tacı sayılan “Koroğlu” operasının ilk tamaşasının 85 ili tamam olacaq. Ötən illər ərzində Üzeyir bəy Hacıbəylinin bu əsəri mütəmadi olaraq Azərbaycan Akademik Opera və Balet Teatrının repertuarında möhkəm yer tutmuş, son dövrlərə qədər hər il bu sənət ocağı öz mövsümünü “Koroğlu” ilə açmış, əsər hamını valeh etmişdir. “Koroğlu” operası həm öz xalqımız, həm də digər xalqlar, müxtəlif millətlər tərəfindən maraqla qarşılanmış, tamaşalar bir qayda olaraq anşlaqla keçmişdir.
Üzeyir bəy Hacıbəylinin tələbəsi, “Koroğlu” operasının əhəmiyyətini dərindən dərk edən, görkəmli bəstəkarımız Qara Qarayev yazırdı: “Koroğlu” Üzeyir bəy Hacıbəylinin böyük və mürəkkəb yaradıcılıq yolunun yüksək kulminasiya nöqtəsidir, özünün heyrətamiz keyfiyyətləri ilə valeh edən bu əsər musiqi sənətinin ölməz nümunəsidir...”
Bəs, bu əsər necə meydana gəlmişdir?
Xalq yaradıcılığına, folklorumuza dərindən bələd olan, onu qiymətləndirməyi bacaran Üzeyir bəy Hacıbəyli dastanlaşan Koroğlu haqqında çox eşitmiş, çox oxumuşdu. Koroğlunun şücaəti ilə hər zaman qürur duymuşdu.
Ü. Hacıbəylinin eyniadlı operasının süjet xəttini Azərbaycanda, ümumiyyətlə, Zaqafqaziyada, Orta Asiyada, Türkiyədə, İranda geniş yayılmış “Koroğlu” dastanı təşkil edir. Operada bəstəkar Azərbaycan xalqının qəhrəman keçmişini, xalqın içindən çıxan qorxmaz Koroğlunun zülmkarlara qarşı mübarizəsini göstərməyə çalışmışdır.
“Koroğlu” operasını yazmaq barədə Üzeyir bəy uzun illər düşünmüşdür. 1919-cu ildə isə onun bu fikri qətiləşdi. Həmin ildə 34 yaşlı Üzeyir bəy Hacıbəyli ailəsi ilə bərabər Gürcüstanın Qacar yaylağında istirahət edərkən, orada Koroğlu qalasını görür. O, hər gün bu qalanın yanına gələr, onun əzəmətinə tamaşa edərdi. Növbəti dəfə bu qalanın yanında olarkən yaşlı bir aşığın “Koroğlu” dastanını əzbərdən söylədiyini eşidir. Ona yaxınlaşır və diqqətlə qulaq asır. Aşığın oxuması Üzeyir bəyin çox xoşuna gəlir. Elə oradaca “Koroğlu” dastanını musiqi dili ilə də əbədiləşdirməyi qət edir.
Aradan 13 il keçir. Altı opera, üç operetta və müxtəlif əsərlər müəllifi olan Üzeyir bəy Hacıbəyli “Koroğlu” operası üzərində işə başlayır. 1936-cı ildə isə əsəri tamamlayır. “Koroğlu” operasının librettosu Heydər İsmayılova, şerləri isə Məmməd Səid Ordubadiyə məxsusdur. Üzeyir bəy özü librettonun yazılmasında yaxından iştirak etmiş, mətndə və şerlərdə bəstəkar tərəfindən çoxlu düzəlişlər olunmuşdur. Beş pərdədən ibarət olan “Koroğlu” operasında Ü, Hacıbəyli xalqının istək və arzularını, qəhrəmanlığını, şücaətini, istiqlal həvəsini böyük məharətlə, ecazkar musiqi dili ilə ifadə etməyə çalışmışdır. Və buna çox yüksək səviyyədə nail olmuşdur.
Dahi bəstəkar 1937-ci ildə “Koroğlu”nun musiqi dili haqqında yazırdı: “Mən “Koroğlu” üzərində işlərkən qarşıma müasir musiqi mədəniyyəti nailiyyətindən istifadə edərək, formaca milli opera yaratmaq vəzifəsini qoymuşdum. “Koroğlu”da opera əsərinə məxsus bütün elementlər – ariyalar, duetlər, ansambllar, reçitativlər və s. vardır. Lakin bunların hamısı Azərbaycan musiqi folklorunun əsasında qurulmuşdur. Mən xalqdan hazır nəğmələr almamışam. Yalnız xalq yaradıcılığının əsaslarını öyrənmişəm. “Koroğlu”nu aşıqlar tərənnüm edib və edir. Ona görə də operada üstün gələn stil aşıq stilidir”.
“Koroğlu” operasının əsasını istər məzmun, istərsə də musiqi cəhətdən dərin xəlqilik təşkil edir. Bu barədə Üzeyir bəy deyirdi ki, musiqi dilinin xəlqiliyi mənim bütün musiqi əsərlərimdə, xüsusilə “Koroğlu” operasında öz güclü əksini tapmışdır.
Üzeyir bəy Hacıbəylinin ən böyük nailiyyətlərindən biri də o idi ki, novator bəstəkar simfonik orkestrdə Qərb və Şərq musiqi alətlərinin sintezini yaratdı. O, “Koroğlu” operasının partiturasına milli musiqi alətlərindən – tar, kamança, zurna, balaban daxil etmişdir. “Koroğlu” operasında da dahi sənətkar qarşısına qoyduğu məqsədə tamamilə müvəffəq olmuşdur.
“Koroğlu” operası bəstəkar tərəfindən tamamlandıqdan sonra tamaşaya hazırlanması, səhnələşdirilməsi üçün ciddi işlərə başlanmışdır. Əsərin quruluşçu rejissoru İsmayıl Hidayətzadə, rəssamı Rüstəm Mustafayev, bədii rəhbəri Şəmsi Bədəlbəyli, dirijoru isə müəllif özü olmuşdur. İlk tamaşaya Üzeyir bəy dirijorluq etmişdir. Sonrakı tamaşaları isə Üzeyir bəyin də sənətinə yüksək dəyər verdiyi dirijor Əşrəf Həsənov idarə etmişdir. Operada əsas rollarda Koroğlu – Bülbül, Nigar – Gülarə İsgəndərova ( Bülbülün birinci həyat yoldaşı), Əhsən Paşa – Əli Zülalov, Həsən Paşa – Məmməd Tağı Bağırov, İbrahim Xan – Böyükağa Mustafayev, Alı kişi - Əjdər Sultanov, xanəndə qız-Məhbubə Paşayeva, rəqqasə - Qəmər Almaszadə, Həmzə Bəy – Q. Hüseynov, Eyvaz - Əlövsət Sadıqov, Təlxək – Q. İsgəndərov oynamışdılar.
Opera tamaşaya hazır olandan sonra – 20 yanvar 1937-ci il tarixli “Yeni yol” qəzetində böyük sənət əsəri olan “Koroğlu” ya ictimai baxış haqqında xəbər dərc edilmişdir. 29 aprel 1937-ci il tarixli “Kommunist” qəzeti isə yazırdı: “Sabah “Koroğlu” operasının birinci tamaşası göstərilir”.
“Koroğlu” operasının ərsəyə gəlməsi möhtəşəm, təntənəli bayrama çevrilmişdir. Nəhayət, xalqın hədsiz maraqla, səbirsizliklə gözlədiyi həmin gün gəldi. 30 aprel 1937-ci ildə Ü Hacıbəylinin “Koroğlu” operasının premyerası baş tutdu. Həmin gün Azərbaycan mədəniyyəti tarixinə qızıl hərflərlə yazılaraq əbədi həkk olundu.
“Koroğlu” operasının ilk tamaşası misli görünməmiş uğur qazanmış, mətbuatda çoxlu resenziyalar, məqalələr dərc edilmiş, Üzeyir bəy Hacıbəylinin qeyri-adi sənətkarlığından bəhs olunmuş, əsərə və quruluşa yüksək qiymət verilmişdir. Bu əsər ilə Üzeyir bəy opera sənətimizi dünya mədəniyyəti səviyyəsinə yüksəltmişdir.
Böyük şair və dramaturq Hüseyn Cavid operanın premyerasından sonra “Yeni yol” qəzetində yazmışdır: ” Koroğlu” operası Azərbaycanın opera aləmində öz revolyusion coşqunluğu ilə, bədii yenilikləri ilə, parlaq xalq musiqisi ilə son dərəcə yüksək bir yer tutmaqdadır”.
Görkəmli şairimiz Səməd Vurğun isə belə demişdir:” Koroğlu” operası musiqi və opera sənətimizin mükəmməl bir abidəsidir ki, nəsillər boyu yaşayacaqdır”.
Əsərə başqa xalqların nümayəndələri tərəfindən də çox yüksək qiymət verilmişdir. Moskva şairlərindən bir qrup – Pavel Pançenko və başqaları operaya baxdıqdan sonra öz təəssüratlarını belə israr etmişlər :” Koroğlu” operası əsl xalq sənəti əsəridir. Bizə - Azərbaycan dilini bilməyən Moskva şairlərinə bu operada hər şey anlayışlı və yaxın idi. Operanın musiqisi, iştirak edənlərin obrazı canlı, ehtiraslı, rəqsləri isə cazibəlidir. Rejissorluq işinə gəldikdə isə respublikanın əməkdar artisti Hidayətzadə yoldaşın işində daha qiymətli cəhət onun xor dəstəsinə verdiyi canlılıqdır. Əldə edilən nailiyyəti səmimi təbrik edirik”.
Hələ 11 aprel 1937-ci ildə “Kommunist” qəzetində opera haqqında qeydlərdə yazılırdı ki, “Koroğlu” operası üçün xor gücləndirilmiş və dəstəyə 120 nəfər daxil edilmişdir. Ümumiyyətlə, operada 600 nəfər iştirak edəcəkdir. Bu da təbii ki, əsərin möhtəşəmliyindən xəbər verir. Xordan başqa əsərdə, həm də ariya, arioza, vokal ansamblı, simfonik fraqmentlər, milli baletin inkişafı üçün rəqs səhnələri və s. kimi klassik janrlar öz təzahürünü tapmışdır.
Üzeyir bəy Hacıbəylinin “Koroğlu” operası o qədər şahanə idi ki, 1938-ci ildə Moskvada keçirilən birinci Azərbaycan İncəsənəti ongünlüyü də bu şah əsərlə açılmışdır. Bu barədə “Ədəbiyyat qəzeti” (5 aprel 1938-ci il) qeyd edirdi:” Bu gün Moskvada Azərbaycan incəsənəti dekadası “Koroğlu” ilə başlanır”. Dekadadan sonra 21 aprel 1938-ci il tarixli “Kommunist” qəzetində Üzeyir bəy Hacıbəylinin təəssüratı dərc edilmişdir. Bəstəkar yazırdı: ” 1938-ci il 17 aprel günü Azərbaycan xalqının və onun incəsənətinin tarixində bayram günüdür...
Gizlətmirəm, mən yaratdığım əsərlər içərisində ən yaxşı saydığım, yaradılmasına illərlə çalışdığım “Koroğlu” operası haqqında Stalin yoldaşın fikrini çox bilmək istərdim.
Müsahibə zamanı Voroşilov dedi ki, “Koroğlu” kimi daha iki opera yazın. Stalin yoldaş bu sözləri eşidərkən dedi: “Siz iki deyil, dörd belə opera yazmalısınız...”.
“Koroğlu” operası Moskvada o qədər böyük müvəffəqiyyət qazanmışdır ki, onu Böyük Teatrın səhnəsində tamaşaya qoymaq haqqında qərar qəbul edilmişdir. SSRİ XKŞ yanında incəsənət işləri komitəsinin rəisi Solodovnikov “Kommunist” (2 iyul 1938-ci il) qəzetinin xüsusi müxbiri Ramazan Xəlilova verdiyi müsahibədə demişdir: ”Moskvada Azərbaycan incəsənəti dekadası zamanı SSRİ xalq artisti, ordenli bəstəkar Üzeyir bəy Hacıbəyovun göstərilən “Koroğlu” operası ümumi rəyə görə dekadanın ən yaxşı əsəri idi. “Koroğlu” operası hamıya gözəl təsir bəxş etmiş və yüksək qiymət qazanmışdır. Odur ki, bu klassik əsərin Böyük Teatrın səhnəsində tamaşaya qoyulması haqqında hökumətin qərar qəbul etməsi tamamilə təbiidir. Biz “Koroğlu” operasını 1939 - cu ilin əvvəllərində tamaşaya qoymaq fikrimdəyik... Şair Rurik İvnevlə müqavilə bağlayıb “Koroğlu” operasını rus dilinə tərcümə etmək Böyük Teatrın müdiriyyətinə tapşırılmışdır”.
Lakin Üzeyir bəy şəxsiyyətinə və onun ölməz yaradıcılığına hər zaman qısqanclıqla yanaşan qara qüvvələr, bu dəfə də özlərini “səfərbər” edib, “Koroğlu”nun Böyük Teatrın səhnəsində tamaşaya qoyulmasına mane oldular. Beləliklə də əsərin Moskva Böyük Teatrında səhnələşdirilməsi gerçəkləşməmiş qaldı.
Bütün bunlara baxmayaraq, 15 mart 1941-ci ildə “Koroğlu” operası SSRİ-nin ən ali ödülünə - Stalin mükafatına layiq görülmüşdür.
“Koroğlu”ya qədər əməkdar incəsənət xadimi fəxri adını daşıyan Üzeyir bəyə 1937-ci ildə Azərbaycan xalq artisti fəxri adı verilmişdir. 1938-ci il dekadasından sonra isə dahi bəstəkarımız bütün sovet bəstəkarları arasında birinci olaraq SSRİ xalq artisti adına layiq görülmüş, Lenin ordeni ilə təltif edilmiş, M-1 avtomobili ilə mükafatlandırılmışdır.
Ü. Hacıbəylinin “Koroğlu” operasına tamaşa edən hər bir kəs əsərin sehrinə düşür, ona məftun olur. “Koroğlu” xarici qonaqların da həmişə diqqət mərkəzində olmuş, onları valeh etmişdir. 1944-cü ildə Bakıda olan Fransa Respublikasının sabiq prezidenti general Şarl de Qoll noyabr ayının 27-də Azərbaycan Opera və Balet Teatrında operalarımızın tacı “Koroğlu”ya baxmış, Əsərdən vəcdə gələrək, çox zövq aldığını söyləmiş, operanın müəllifi Üzeyir bəy Hacıbəyli ilə tanışlığından isə şad olduğunu və məmnun qaldığını dönə-dönə vurğulamış, dilə gətirmişdir.
Arxiv sənədlərindən məlum olduğu kimi , 30 aprel 1962-ci ildə “Koroğlu” operasının 500-cü tamaşası göstərilmişdir. Əsərin 25 illik yubileyində 500-cü tamaşa oynanıldığı halda bəs görəsən, 85 illik zaman kəsiyində opera neçə dəfə ifa olunmuşdur. Təəssüf ki, bu barədə rəsmi hesablama aparılmamışdır.
“Koroğlu” operasının qəhrəmanı Koroğlunun təkrarolunmaz ifaçılarından biri olan Bülbül bu rolu 400 dəfədən çox oynamış, Koroğluya görə fəxri adlara layiq görülmüş, xalqımız tərəfindən sevilmişdir.
Koroğlu obrazının digər gözəl bir ifaçısı da sevimli müğənnimiz, SSRİ xalq artisti, özünün yüksək tembrli səsi və səhnə dinamikası ilə seçilən Lütfiyar İmanov olmuşdur. Böyük Bülbüldən xeyir-dua alan L. İmanov 1959-cu ildən etibarən Koroğlunu sevərək, özünəməxsus ustalıqla oynamışdır. Müğənni bu barədə deyirdi ki, “Koroğlu” mənim həyatımın mənasına çevrilib. Mən bu obraz üçün yaşayıram, onunla nəfəs alıram. Operada Koroğlunun dəliləri onu necə sevirlərsə, ona necə sədaqət, etibar göstərirlərsə, mən də bu əsəri, bu obrazı o qədər sevirəm. Koroğlunu hansı şəhərdə, hansı ölkədə ifa etmişəmsə, tamaşaçıların dahi bəstəkarın musiqisinə valeh olduqlarını görmüşəm. Bir nəfər kimi hamının fikri belə olub ki, bu opera dünya miqyasına çıxmalı, bütün dünyada göstərilməlidir.
Üzeyir bəy Hacıbəylinin “Koroğlu” operasına 1937-ci ildən sonra bir neçə dəfə səhnə quruluşu verilmişdir. Belə ki, 1943-cü ildə Azərbaycan Opera və Balet Teatrında rus dilində ( dirijor Niyazi), 1959-cu ildə ( rejissor Mehdi Məmmədov, dirijor Niyazi, rəssam Əyyub Fətəliyev), 1967-ci ildə ( rejissor Mehdi Məmmədov, dirijor Niyazi, rəssam Mikayıl Abdullayev), 1975-ci ildə (rejissor Firidun Səfərov, dirijor Rauf Abdullayev, rəssam Tahir Salahov) yeni quruluşları gerçəkləşdirmişlər. Əsər müxtəlif dillərdə də səhnəyə qoyulmuşdur. 1939-cu ildə Aşqabadda türkmən, 1942-ci ildə İrəvanda erməni, 1950-ci ildə Daşkənddə özbək dillərində tamaşaya hazırlanmış və opera böyük müvəffəqiyyətlə göstərilmişdir.
Azərbaycan Opera və Balet Teatrının qastrol səfərləri zamanı “Koroğlu” operası Təbrizdə, Tiflisdə, Kiyevdə, Sankt-Peterburqda və s. şəhərlərdə uğurla oynanılmışdır. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə yenə də “Koroğlu” hədsiz şöhrət qazanmışdır.
“Koroğlu”nun ilk tamaşasından keçən 85 il ərzində Koroğlunu –Bülbül, Lütfiyar İmanov, Adil Məlikov, Aleksandr Drozdov ( rus dilində), Nigarın rolunu isə Gülarə İsgəndərova, Firəngiz Əhmədova, Fidan Qasımova, Mariya Titarenko (Azərbaycan və rus dillərində), Rəhilə Cabbarova, Səfurə Əzimi, Faiq Mustafayev, rus variantının qəhrəmanı Vasili Nikolski və başqaları uğurla, məharətlə oynamışdılar.
Son illər “Koroğlu” operası zaman-zaman opera və balet teatrının səhnəsində göstərilir. Bəzi müğənnilər özlərini Koroğlu rolunda sınaqdan keçirmişlər. Lakin bu tamaşalar “Koroğlu”ya layiq səviyyədə olmamışdır. Ölkəmizin musiqi ictimaiyyəti, bütünlükdə xalqımız Üzeyir bəy Hacıbəylinin “Koroğlu” operasının əvvəlki şöhrətini özünə qaytarmaq şərti ilə yenidən Azərbaycan səhnəsində görmək arzusundadır.
Böyük sənət əsəri olan “Koroğlu” operası haqqında xalq yazıçısı Süleyman Rəhimov yazırdı: “Tamaşaçı salona düşüncə səhnə ilə, “Koroğlu” ilə yaşayır, operanın musiqisi ürəyimizin incə tellərini tərpədir, cəngiləri sümüklərimizə düşür, iliklərimizə işləyir, biz böyük musiqi dənizinin qıjıltı ilə çağlayan dalğalarında, arabir asta-asta gülümsəyən ləpələrində dolanıb gəzirik. “Koroğlu bizi götürür, biz tamaşanın bitdiyini görüncə, “nə yaxşı canımız qurtardı” –deyə heç də nəfəsimizi dərib sevinmirik, əksinə tamaşa qurtarınca, biz tükənməz ehtiram hissi ilə başımızı ölməz bəstəkarın – Üzeyir bəy Hacıbəylinin xatirəsi qarşısında əyirik...”.
Səadət Qarabağlı,
Üzeyirşünas