Bazar ertəsi gecə Türkiyə ordusu İraqın şimalında PKK terror təşkilatının yaraqlılarına qarşı yeni əməliyyata başlayıb.
“İki sahil” xəbər verir ki, “Pençe Kilit” kod adlı əməliyyatın başladığını Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar elan edib.
Onun sözlərinə görə, antiterror fəaliyyətləri İraqın üç regionunu - Metina, Zap və Avaşin-Basyanı əhatə edir və aviasiyanın aktiv dəstəyi ilə həyata keçirilir.
Nazir qeyd edib ki, terrorçuların hədəflərinə güclü hava zərbələri endirilib.
Silahlıların ehtimal olunan yerləşdiyi ərazilər də iriçaplı artilleriya və özüyeriyən silahlardan atəşə tutulub.
Daha sonra xüsusi təyinatlı qruplar ATAK hücum helikopterləri və PUA-ların dəstəyi ilə Şimali İraqa eniş ediblər.
“Əməliyyat uğurla və planlara uyğun davam edir. Birinci mərhələ çərçivəsində bütün planlaşdırılan hədəflərə nəzarət təmin edilib”, - deyə Akar bildirib.
Türkiyə Milli Müdafiə Nazirliyinin başçısı vurğulayıb ki, Ankara İraqın suverenliyinə və ərazi bütövlüyünə hörmət edir və Türkiyə ordusunun bütün hərəkətləri regionda terror təhlükəsinin aradan qaldırılmasına yönəlib. Eyni zamanda, İraqda dinc əhaliyə, eləcə də dini və mədəni obyektlərə dəyən zərərin aradan qaldırılması üçün bütün addımlar atılır.
H.Akar “Pençe Kilit” əməliyyatında iştirak edən pilotlarla da əlaqə saxlayıb.