01 aprel 2022 16:57
752

Azərbaycanda vergitutmanın müxtəlif aspektləri ilə bağlı fikir mübadiləsi aparılıb

İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın üzvləri ölkədə vergitutmanın müxtəlif aspektlərini əhatə edən məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Dövlət Vergi Xidmətindən “İki sahil”ə verilən xəbərə görə, Şura üzvləri bank sektorunda mövcud olan vergi məsələlərini, kənd təsərrüfatı istehsalçılarının rastlaşdığı bir sıra çətinliklər, vergi uçotu, mənfəət və xərclərin rəsmiləşdirilməsi ilə bağlı məsələlər, yerli əczaçılıq sənayesinin inkişafı üçün zəruri olan vergi təşviqləri, mikrosahibkarlığın vergi uçotu məsələləri, əmlakın kirayə verilməsi sahəsində mövcud olan çətinliklər barədə fikirlərini bölüşüblər.

Dövlət Vergi Xidmətini rəisi Orxan Nəzərli, xidmətin rəis müavini Samirə Musayeva, Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsinin rəisi Zaur Fətizadə, habelə DVX-nin digər rəhbər vəzifəli şəxsləri qaldırılan məsələlərə müvafiq şərhlər veriblər. Görüşdə bir sıra təkliflərin üzərində Şura üzvləri ilə birgə əməkdaşlıq çərçivəsində işlərin davam etdirilməsi razılaşdırılıb.