31 mart 2022 11:45
868

Ötən sutka 8 nəfər xilas edilib - VİDEO

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

"İki sahil"in FHN-ə istinadən xəbərinə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 54 yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma və 4 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 8 nəfər, o cümlədən baş vermiş avtoqəzalar nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitələrində sıxılı vəziyyətdə qalmış 3 nəfər xilas edilib. Həmçinin, Bakı şəhərinin Yasamal rayonunda “Toyota” markalı minik avtomobilinin dərəyə aşması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalan 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.